Almaniyada uşaqların gələcək pensiya təminatının gücləndirilməsi məqsədilə tamamilə yeni və innovativ bir mexanizmin əsası qoyulur. Ölkədə 6 yaşından 18 yaşınadək uşaqların adına hər ay 10 avro (təxminən 20 manat) məbləğində vəsaitin toplanması nəzərdə tutulur.
“Frühstartrente” adlanan bu xüsusi proqram çərçivəsində dövlət tərəfindən ayrılacaq vəsaitlərin maliyyə bazarlarına yatırılması və pensiya yaşınadək artırılması hədəflənir. Proqramın 2027-ci ilin yanvar ayından etibarən rəsmən start götürməsi planlaşdırılır.
Almaniya hakimiyyətinin bu addımı əhalinin sürətlə yaşlanması və gələcəkdə pensiya sisteminin qarşılaşa biləcəyi ciddi çətinliklər fonunda uzunmüddətli maliyyə təminatına yönəlmiş mühüm tədbir kimi qiymətləndirilir. Bu təcrübə fonunda oxşar pensiya yığım sisteminin Azərbaycanda da tətbiq edilməsi imkanları və perspektivləri geniş müzakirə mövzusuna çevrilib. pizza mizza
“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, bütövlükdə uşaq hesablarının yaradılması praktikası artıq bir neçə ölkədə tətbiq olunur.
Almaniyadan öncə Kanada, İsrail, Böyük Britaniya və eyni zamanda qardaş Qazaxıstanda uşaq hesabları yaradılıb. Bu ideya ilk olaraq Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərində yerləşən Vaşinqton Universiteti tərəfindən təqdim olunmuşdu.
Deputatın sözlərinə görə, Qazaxıstanda təxminən 7 milyon uşaq hesabı yaradılıb və həmin hesablara dövlət tərəfindən vəsaitin yerləşdirilməsi həyata keçirilir:
“Əksər ölkələrdə mexanizm ondan ibarətdir ki, həmin hesablara həm dövlət, həm də valideyn ödəniş edir. Aztəminatlı ailələrdə isə ödəniş yalnız dövlət tərəfindən həyata keçirilir.
Məqsəd həmin hesabların gələcəkdə uşaqların təhsili üçün tətbiq olunması, eyni zamanda səhiyyə və ev şəraitinin yaxşılaşdırılması kimi məqsədlərə yönəldilməsindən ibarətdir”.
Vüqar Bayramov qeyd edib ki, uşaq hesabının konsepti ondan ibarətdir ki, uşaqlar 18 yaşdan sonra həmin fonddan faydalana bilirlər. Bəzi ölkələrdə bu vəsaitlər pensiya kapitalı kimi yığılır, amma əksər ölkələrdə uşaqlara 18 yaşı tamam olduqdan sonra qanunla müəyyənləşdirilmiş istiqamətlərdə istifadə imkanları verilir.
Deputat vurğulayıb ki, oxşar praktikanın öyrənilməsini biz də profil dövlət qurumuna təklif olaraq təqdim etmişik:
“Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də ötən il görüşümüz, müzakirələrimiz olub və təkliflərimiz təqdim edilib. Düşünürəm ki, bu istiqamətdə qiymətləndirmələrin aparılması və davam etdirilməsi məqsədəuyğun olardı. Xüsusən Qazaxıstan praktikasının öyrənilməsi və Azərbaycanda tətbiq imkanlarına baxılmasını məqsədəuyğun hesab edirik”.
Telegram kanalımız