Tədris ilinin başlanması ilə məktəblərdə uşaqlar arasında yoluxucu xəstəliklərin yayılma riski artır. Yay tətilindən sonra uşaqların kollektivlərdə sıx təmasda olması respirator virusların və digər mövsümi infeksiyaların yayılmasına şərait yaradır.
Pediatr-infeksionist Aytən Ziyadova "Yeni Sabah"a açıqlamasında məktəb dövründə uşaqlar arasında daha çox hansı infeksiyaların müşahidə oluna biləcəyindən danışıb.
"Yay tətilindən sonra uşaqların sıx təması artır və bu, respirator virusların, xüsusilə rinovirus, adenovirus, qrip və digər mövsümi infeksiyaların yayılmasına şərait yaradır", - deyə həkim bildirib.
Aytən Ziyadova məktəb mühitində yalnız respirator xəstəliklərin deyil, digər yoluxucu xəstəliklərin də müşahidə oluna biləcəyini qeyd edib: pizza
"Məktəb mühitində respirator xəstəliklərlə yanaşı, bağırsaq infeksiyaları, dəri xəstəlikləri, streptokokk mənşəli boğaz infeksiyaları və peyvəndlə qarşısı alına bilən bəzi xəstəliklər də müşahidə oluna bilər".
Pediatr-infeksionist uşaqların infeksiyalardan qorunması üçün valideynlərin və məktəblərin diqqət etməli olduğu əsas məqamları da açıqlayıb.
"Bu infeksiyalardan qorunmaq üçün əsas tədbirlər əl gigiyenasına riayət etmək, peyvəndlərin vaxtında aparılması, şəxsi əşyaların paylaşılmaması, düzgün qidalanma, kifayət qədər yuxu və sinif otaqlarının müntəzəm havalandırılmasıdır", - deyə o vurğulayıb.
Həkim xəstəlik əlamətləri olan uşaqların məktəbə göndərilməsinin digər uşaqlar üçün də risk yarada biləcəyini diqqətə çatdırıb.
"Uşaqda 38°C-dən yüksək hərarət, öskürək, burun axması, qusma, ishal, səpgilər, gözlərdə iltihab, qulaq ağrısı və ya ümumi halsızlıq müşahidə olunarsa, onun kollektivə göndərilməsi məsləhət görülmür", - deyə A.Ziyadova bildirib.
Onun sözlərinə görə, belə hallarda uşağın vəziyyəti nəzarətdə saxlanılmalı və ehtiyac yarandıqda həkimə müraciət edilməlidir:
"Belə hallarda uşağın vəziyyəti izlənilməli və zərurət olduqda pediatr-infeksionistə müraciət edilməlidir".
Aytən Ziyadova vaxtında diaqnostikanın və xəstə uşağın kollektivdən uzaqlaşdırılmasının əhəmiyyətini də vurğulayıb.
"Vaxtında diaqnostika və xəstə uşağın izolyasiyası həm onun sağlamlığının qorunmasına, həm də digər uşaqlar arasında infeksiyaların yayılmasının qarşısının alınmasına kömək edir. Sağlam məktəb mühitinin əsas şərtləri düzgün gigiyena, profilaktika və məsuliyyətli yanaşmadır", - deyə pediatr-infeksionist əlavə edib.
Aytac Əliyeva
Telegram kanalımız