Vunq Tau küçəsi axşamlar niyə qaranlığa qərq olur? – BŞİİ-dən cavab

Vunq Tau küçəsi axşamlar niyə qaranlığa qərq olur? – BŞİİ-dən cavab
İyul 17, 2019
Oxunma sayı: 141

Yolu Bakıdakı Vunq Tau küçəsindən düşən sürücülər gecələr buraların qaranlığa qərq olduğunu bildirirlər. Maraqlıdır ki, günün ən aydınlıq saatlarında işıqlar yandırılır, axşam saat 11-dən sonra isə söndürülür.

Problemlə bağlı “Yeni Sabah”a  danışan yol nəqliyyatı eksperti Elməddin Muradlı yol-nəqliyyat hadisələrinin əsas səbəbinin işıqlandırma problemi olduğunu deyib:

“Sürücülərimizin əksəriyyəti peşəkarlıq cəhətdən tam hazırlıqlı olmadığına görə işıqlandırmanın olmaması qəzalarla nəticələnir. Bu gün nəinki Bakı şəhərində, həm də magistral yollarımızda, Respublika əhəmiyyətli yollarımızda çox böyük ehtiyac var ki, işıqlandırma təşkil edilsin. Təkcə sürücülər üçün şərait yaratmaq məsələsini qabartmazdım. Piyadalarımız üçün  problem yaranır. Üstəlik bizim tünd geyimlərə üstünlük vermək kimi mental xüsusiyyətimiz var. Bunun fonunda sürücülər də piyadaları görə bilmir və nəticə çox pis olur”.

Ekspertin sözlərinə görə, işıqlar qənaət üçün söndürülür:

“Bizim bir insanımızın həyatı "Azərenerji"nin yığacağı  3-4 quruşdan daha önəmsizdirmi? Bu enerjini biz istehsal edirik, amma başqalarına satırıq. Özümüz də saat 11-12 olan kimi işıqları sondürürük”.

Məsələ ilə bağlı Bakı Şəhər İşıqlandırma İdarəsindən (BŞİİ) isə saytımıza məsələnin araşdırılacağı bildirildi:

“Bu elə də ciddi problem deyil, texniki nasazlıqdan yarana bilər. Məsələ araşdırılacaq. Qış aylarında isə saat 10-dan sonra işıqların söndürülməsinin əsas səbəbi borcla bağlı çətinlik olub”.

Elnarə İlham