ARB TV-nin keçmiş aparıcısı Ada Süleymanın həyatına son qoyan ağır qəza avtomobillərin təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. “Voyah” markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində sürücü Anar Kərimov və sərnişin Ada Süleyman hadisə yerində həyatını itirib.
Qəzadan sonra sosial şəbəkələrdə Çin istehsalı olan bəzi avtomobillərin zərbələr zamanı asanlıqla deformasiyaya uğraması, qapıların açılmaması və qəza anında sərnişinlərin avtomobildən çıxa bilməməsi ilə bağlı iddialar yayılıb.
Bəs bu iddiaların texniki əsası varmı? Sərfəli qiymətə məhsullar
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan avtomobil ustası Dəniz Ağabəyli bildirib ki, görüntülərə əsasən, avtomobil yüksək sürətlə hərəkət edib və yük maşınının altına girib. Onun sözlərinə görə, faciədə bu amillər əsas rol oynayıb:
“Sosial şəbəkələrdə qəzanın görüntülərinə mən də baxmışam. Kadrlardan belə görünür ki, avtomobil, ehtimal ki, sürət həddini aşıb. Yük avtomobilinə arxadan çırpıldığı və onun altına girdiyi üçün salonda ölüm hadisəsi baş verib. Məncə, burada bütün məsuliyyəti avtomobilin üzərinə atmaq düzgün deyil. Həmin yerdə başqa bir avtomobil olsaydı belə, oxşar hadisə baş verə bilərdi. Bu qəza, eyni zamanda, “Nikosayağı” kimi tanıdığımız Nicat Şakirlinin avtomobillə törətdiyi qəzaya bənzəyir. Həmin hadisədə də avtomobil yük maşınına arxadan çırpıldığı üçün ölüm hadisəsi baş vermişdi. Halbuki qəza zamanı istifadə edilən avtomobil dünya brendi olan, dəyəri 150-200 min manat civarında qiymətləndirilən bir model idi. Buna baxmayaraq, həmin avtomobildə də ölüm hadisəsi yaşandı”.
Usta hesab edir ki, baş verən hadisəyə görə bütün məsuliyyəti avtomobilin markasının üzərinə qoymaq düzgün deyil:
“Ona görə də bu hadisəni yalnız Çin istehsalı olan avtomobilin üzərinə atmaq, məncə, düzgün yanaşma deyil. Bazarda kifayət qədər Çin istehsalı avtomobillər var və onların iştirakı ilə çoxsaylı qəzalar da baş verir. Düzdür, müasir avtomobillərin metal konstruksiyaları əvvəlki modellərlə müqayisədə daha nazik və zəif ola bilər. Ancaq bununla yanaşı, təhlükəsizlik sistemləri də daha təkmil vəziyyətə gətirilib. Avtomobil müəyyən gücdə zərbə aldıqda sürücü, ön sərnişin və yan hava yastıqları, eləcə də digər təhlükəsizlik sistemləri işə düşür. Bu tədbirlər sərnişinlərin zərbədən mümkün qədər az xəsarət alması üçün nəzərdə tutulub.
Mənim fikrimcə, bu hadisədə əsas problem avtomobilin yüksək sürətlə hərəkət etməsi və konstruksiyasına görə yük maşınının altına girməsidir. Minik avtomobili nisbətən alçaq olduğundan yük avtomobilinin alt hissəsinə daxil olub və kuzovun yuxarı tərəfindən zərbə alıb. Ölüm hadisəsinin baş verməsində bu amilin ciddi rolu olduğunu düşünürəm”.
Dəniz Ağabəyli bildirib ki, bəzi Çin avtomobillərində və “Tesla” modellərində elektron sistem işləməsə belə, qapıları mexaniki açmaq mümkündür:
“Qapıların açılması məsələsinə gəlincə, bəzi Çin istehsalı avtomobillərdə, eləcə də Tesla modellərində qapıların elektron açılma sistemi ilə yanaşı, mexaniki açılma imkanı da mövcuddur. Məsələn, “Changan Q07” modelində də elektron sistem işləmədikdə qapını açmaq üçün mexaniki tros nəzərdə tutulub. Bu mexanizm salonun gözəçarpan olmayan hissəsində yerləşir və sərnişin əlini uzadaraq qapını mexaniki şəkildə aça bilər.
Ümumilikdə hesab edirəm ki, belə bir qəza istənilən markalı avtomobildə baş versəydi, ağır və hətta ölümlə nəticələnən hadisə yaşana bilərdi. Çünki burada yüksək sürət ehtimalı, yük avtomobilinə arxadan çırpılma və minik avtomobilinin yük maşınının altına girməsi kimi ciddi amillər var. Zərbənin avtomobilin yuxarı hissəsinə dəyməsi isə salondakı insanlar üçün təhlükəni daha da artırıb”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız