Əhali sayına görə dünyanın üçüncü ən böyük ölkəsi olan Amerikada virusdan ölənlərin sayı 24 minə çatıb. Təkcə son sutka ərzində 1535 ölüm hadisəsi qeydə alınıb. Ekspertlər hesab edir ki, bu rəqəm açıqlanandan daha yüksəkdir.
ABŞ-ın səhiyyə rəsmiləri bildirirlər ki, bu həftə koronavirusun yayılması zirvə nöqtəsinə çatacaq. Maraqlıdır, bir həftə sonra koronavirusa yoluxanların sayı azalacaq? Ümumiyyətlə, xəstəlik nə vaxtadək davam edəcək?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən tibb elmləri doktoru , professor Adil Qeybulla əvvəl Amerika səhiyyəsində xeyli təşkilati boşluqların olduğunu deyib: “Baxmayaraq ki, bu səhiyyənin xərcləri az qala bütün Avropanın dövlət büdcəsinə bərabərdir, nəticə olaraq funksional və əhalinin xeyrinə çalışan bir səhiyyə deyil. ABŞ-da səhiyyəyə bu qədər vəsait ayrılmasıan baxmayaraq, indiyədək orada sığortadan kənarda qalan insanlar var. Bu hadisə göstərdi ki, səhiyyənin təşkili prosesi çox qüsurludur. Burada izafi xərclər, müxtəlif kampaniyaların maliyyəsində böyük bədxərclik edirlər və nəticə də yoxdur. Amma onunla razıyam ki, bir müddət sonra situasiya enən xətt üzrə gedəcək. Mən onu artıq iki aydır deyirəm. Düzdür, sosial şəbəkələrdə tuturlar ki, virusoloqlar danışmır, cərrahlar danışır. Biz heç kimin ağzını tutmamışıq. Hamı danışa bilər”. pizza sifarişi
Adil Qeybulla bu məsələdə virusoloqların mövqe ortaya qoymalı olduqlarını diqqətə çatdırıb: “Lazım olan anda heç kim danışmır, artıq danışanların sayı artanda hamı milli qəhrəman olur. Əsas anda Səhiyyə Nazirliyindən və digər qurumlardan işarə gözləməkdənsə, vaxtında mövqe ortaya qoymaq lazımdır. Mövqe qoysunlar, görək proqnozlar necə olacaq, məsələyə münasibət necədir. Amerikadan, İngiltərədən və digər ölkələrdən bu işlə məşğul olan müxtəlif həkimlər məsələyə münasibət bildirir, bu ümumi bir bəladır və hər kəsin fikrinin önəmi var”.
Həmsöhbətimiz vurğulayıb ki, yayda biz artıq virus haqqında keçmiş zamanda danışmağa başlayacağıq: “Aprel ayında bəzi yerlərdə yoluxma pik həddə görünür, aprelin sonundan enən dinamika müşahidə ediləcək, may ayında isə xəstəlik azalacaq, həyat öz ritminə düşəcək, yay aylarında isə pandemiyadan xilas olacağıq. Dünyada bu qədər tədbirlər görülür, bu işlər də öz bəhrəsini verir. Sosial izolyasiya, dezinfeksiya tədbirlərinin rolu mühimdir. Virus əbədi ola bilməz, bir müddət sonra yoxa çıxacaq. İnsanlar panikaya düşməməlidirlər,amma məsuliyyətli olmalıdırlar, özlərinin və başqalarının həyatlarını qorumalıdırlar. Burada elan olunan tədbirlər təkcə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı deyil. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsi əsasında verilən qərarlardır, çünki burada ÜST-ün missiyası fəaliyyət göstərir”.
Sayad Həsənli
Telegram kanalımız