2013-cü ildə Şəmkirdə xüsusi amansızlıqla törədilən qətlin üstü 13 il sonra açılıb.
"Yeni Sabah" xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə fəaliyyəti nəticəsində 2013-cü il avqustun 5-də Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla öldürülməsi faktı üzrə cinayət işi araşdırılıb.
Aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Xəyal Məmmədovun tamah məqsədilə Kifayət Məhərrəmovanı cib bıçağı ilə çoxsaylı zərbələr endirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Dördpendirli pizza
İstintaqla müəyyən olunub ki, X.Məmmədov hadisədən sonra mənzildən 100 manat pul və çoxsaylı qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıb.
Xəyal Məmmədov şübhəli şəxs qismində verdiyi ifadəsində, həmçinin ifadəsinin yerində yoxlanılması zamanı cinayət əməlini törətdiyini etiraf edib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Şəmkir Rayon Məhkəməsinin qərarı ilə X.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən illərdə bağlı qalmış cinayətlərin, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması və üstünün açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən diqqətdə saxlanılır.
Aytac Əliyeva
Telegram kanalımız