Sevinc Səlim qızı Əhmədova...Goranboylu, Eyvazalılarlı...Şəhid anası, Şəhidlər anası...Mingəçevirli (əslən Goranboylu) Şəhid qardaşlar-Əli və İslam Əhmədovların Qəhrəman, Dik duruşlu, Dərdli və Yaralı Anası...
Azərbaycanda İkinci Vətən Müharibəsində iki övladını şəhid vermiş 7 anadan, 7 valideyndən biri...Və onlardan fərqi...Sevinc xanımın artıq bu amansız həyatda, bu fani dünyada kimi-kimsəsi yoxdur, tək-tənha yaşayır...Həyat yoldaşını çox erkən, illər öncə itirib...Övladlarına həm analıq, həm atalıq edib...Onları minbir əzab-əziyyətlərlə böyüdüb boya-başa çatdırıb...Və hər iki hərbçi övladını (övladlarından biri-Əli nişanlı, İslam isə ali təhsilli olub...) eyni gündə, İkinci Vətən Müharibəsinin ilk günündə, sentyabrın 27-də şəhid verib... Hər iki övladı da eyni gündə, senyabrın 28-də əbədiyyətə uğurlanıb.
Həmin gündən Sevinc xanım dörd divar arasında tək-tənha, kimsəsiz yaşayır. Muzeyə çevirdiyi, övladlarının üzünü doyunca görmədiyi evində, ocağında Şəhid balalarının fotoları, şəkilləri ilə danışır, onlarla təsəlli tapmağa, özünü ovundurmağa çalışır. Bu günədək də kimsədən nəsə istəməyib, ummayıb. Gözü də, könlü də, nəfsi də toxdur. Heç kimdən-nə dövlətdən, nə də qeyrisindən özü ilə bağlı heç nə istəmir. Sadəcə, istəyir ki, balalarının Uca adı, xatirəsi əbədiləşdirilsin. Onlara haqq etdikləri ali ordenlərimizdən biri verilsin (bununla da bağlı dəfələrlə aidiyyatı qurumlarla, şəxslərlə görüşüb, hər dəfə vədlər verilib, ancaq hələ də nəticəsi yoxdur...), həm də muzeyi çevirdiyi evi, şəhidlərinin ocağı dövlət qeydiyyatına alınsın, ən azı Mingəçevirdəki dövlət muzeylərindən birinin filialı kimi fəaliyyət göstərsin. Muzey məsələsi də ilə bağlı Milli Məclisin komitə sədrlərindən birinin yanında olub, o da bu məsələyə müsbət yanaşıb, hətta onun yanında aidiyyatı nazirliklə, Mədəniyyət Nazirliyi, şəxsən Mədəniyyət nazirinin özü ilə əlaqə saxlayıb. Nazir də, nazirlik də məsələyə müsbət münasibətini bildirib aylar öncə. Söz, vəd verilib. Amma və lakin...

Aylar keçşə də, hələ də şəhid qardaşların ev-muzeyinin dövlət qeydiyyatına alınması məsələsi öz müsbət həlli tapmayıb. Razılıq verilməsinə baxmayaraq, məsələ hələ də uzadıla-uzadıla, yubadıla-yubadıla gedir. Bu isə şəhid anasını üzür, incidir, yaralayır.
Şəhid anasının-Sevinc xanımın dediklərindən: "Mənə bu həyatda artıq heç nə lazım deyil. İki övladım, iki oğum var idi. İkisi də eyni gündə Vətən, Qarabağ yolunda Şəhid getdi. Övladlarımla da fəxr edir, qürur duyuram. Qürur duyuram ki, belə oğulların, igidlərin, qəhrəmanların anasıyam. Hər kəs də məni yaxşı tanıyır, bilir. Bu günə kimi özümlə bağlı kimsədən nəsə istəməmişəm, nəsə ummamışam. Mənə heç nə lazım deyil, dünya malında gözüm yoxdur. Nəyimə lazım ki?! Sadəcə, istəyirəm ki, övladlarımın adı, xatirəsi əbədiləşdirilsin. İstəyirəm ki, hər iki övladım haqqı olan ordenlərimizdın biri ilə təltif olunsun və Mingəçevirdəki məktəblərdən biri onların ismi ilə adlandırılsın. Ən əsas istəyim isə odur ki, övladlarımın ev-muzeyi dövlət qeydiyyatına alınsın. Məndən sonra - bu gün varam, sabah yoxam - onların ocağı dağılmasın, uçub-getməsin, yaşadılsın. Dövlət muzeyi kimi fəaliyyət göstərsin və gələcək nəsillərimiz də tez-tez buraya baş çəkib şəhidlərimizi, balalarımı xatırlasın, bilsinlər ki, necə qəhrəman oğullar olub. Mənim bir ana kimi dövlətdən də, nazirdən də, müvafiq qurumlardan da, cəmiyyətdən də tələbim, xahişim, istəyim budur. Başqa heç nə. Mənə bu məsələdə dəstək göstərilsin, övladlarımın ruhu şad edilsin...Vəssalam!"
Bəli, ananın, kimsəsi qalmayan şəhid qardaşlarının anasının hər iki istəyi və tələbi haqlı və əsaslıdır. Hər ikisi də nəzərə alınmalı. artıq öz müsbət həllini tapmalıdır. Xüsusilə də, muzey məsələsi. Artıq Mədəniyyət Nazirliyi vəddən, sözdən işə, əmələ keçməli, sözünün, vədinin üstündə dayanmalıdır!
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.
Telegram kanalımız