Fevralın 27-də Azərbaycanın Astarada Azərbaycan və İran gömrük orqanlarının nümayəndə heyətləri arasında görüş keçirilib.
“Yeni Sabah” xəbər verir ki, görüşdə "BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyası (BYD Konvensiyası, 1975-ci il) ilə tənzimlənən prosedurlar çərçivəsində iki ölkə arasında tranzit əməliyyatlarının tam elektronlaşdırılmasını nəzərdə tutan "e-TIR Pilot" layihəsi müzakirə edilib.
Görüş zamanı iki ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində beynəlxalq avtomobil daşımalarına gömrük nəzarətinin elektron platformalar üzərindən kompüterləşdirilməsi imkanlarının genişləndirilməsi, eləcə də müasir elektron metodların tətbiqi ilə beynəlxalq daşımaların gömrük tənzimlənməsi məsələlərinə baxılıb, bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ikitərəfli icra planının hazırlanması nəzərdən keçirilib. pizza
Tərəflər görüşdə "e-TIR Pilot" layihəsi üzrə müvafiq qanunverici çərçivənin, pilot layihədə iştirak edəcək gömrük orqanları və daşıyıcıların, eləcə də ilk pilot daşımaların başlanması üçün vaxt çərçivələrinin müəyyən edilməsi, texniki imkanların yaradılması, elektron sistemdən istifadə üzrə gömrük əməkdaşlarının hazırlığının təmin edilməsi üçün təlimlərin keçirilməsi məsələlərini də müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan və İran gömrük orqanları tərəfindən sözügedən sahədə əməkdaşlıq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas komponenti olan iki ölkə ərazisinin tranzit potensialının genişləndirilməsi və beynəlxalq daşımaların rəqabətqabiliyyətliliyinin artırılması işinə töhfə verəcək.
Azərbaycan və İran gömrük orqanlarının nümayəndə heyətləri arasında görüş fevralın 28-də İran İslam Respublikasının Astara şəhərində davam etdiriləcək.
Telegram kanalımız