Azərbaycanda kütləvi ixtisarlar: Koronavirusun vurduğu ziyan
18 Mart 2020 18:13
875

Azərbaycanda kütləvi ixtisarlar: Koronavirusun vurduğu ziyan

“Bakıda fəaliyyət göstərən hotellərdə çalışan işçilər kütləvi şəkildə ixtisara salınıb. Koronavirusla bağlı yaranmış vəziyyət hotelçiliyə kifayət qədər ziyan vurub”.

"Yeni Sabah" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib.

Onun sözlərinə görə, iri hotel şəbəkələrində çalışan əcnəbi menecerlərdən fərqli olaraq, yerli işçilərin böyük əksəriyyəti ixtisara düşüb:

“İşçilərin kütləvi şəkildə ixtisara salınması, evə buraxılması prosesləri müşahidə edilir. Bu heç də ürəkaçan məqam deyil. Turizm sisteminə kifayət qədər ziyan dəyir. İri hotel şəbəkələrində xaricdən dəvət olunan menecerlər çalışırlar. Onların aldığı məvacib kifayət qədər çoxdur. 

Çətin vəziyyətdə yerli işçiləri işdən çıxarmaqdansa, əcnəbi menecerlərin ixtisara salınması daha münasib olardı. Çünki 3-5 xarici menecerin aldığı aylıq məvacib təxminən 100 nəfərə yaxın yerli işçinin aylıq əməkhaqqısı deməkdir. İş olmadığı üçün işçilərin məvaciblərinin ödənilməsində ciddi problem yaranıb. Bu da ixtisarlara gətirib çıxarır. Təəssüf ki, bu məqama lazımi səviyyədə diqqət yetirilmir”.

S.Dübəndi onu da əlavə edib ki, mövcud vəziyyətlə bağlı bir neçə gün əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Hotellər və Restoranlar Assosiasiyasını təmsil edən qurumlar toplanaraq danışıqlar aparıb:

“Turizm sahəsini təmsil edən qurumların, assosiasiyaların iştirakı ilə danışıqlar aparılıb. Çalışırıq ki, dəyən zərərə dair rəqəmlər dəqiqləşdirilsin. Bu istiqamətdə işlər aparılır. Gələn həftənin sonuna qədər yəqin ki, təxmini rəqəmlər məlum olacaq. Rəqəmlər dəqiqləşdirilib dövlətə təqdim edilməlidir ki, buna uyğun şəkildə kompensasiya ödənilməsi məsələsinə baxılsın. 

Dövlət bu məsələdə ortaya qoyulan iqtisadi rəqəmlər əsasında bir qərar qəbul edə bilər. Zərər çəkən əsasən kiçik və orta biznes sahəsidir. Kompensasiya məsələsi zamanı da kiçik və orta biznes sahəsinə üstünlük verilməsi gözlənilir. Toplantı zamanı mövcud vəziyyətdən minimum ziyanla çıxmaq üçün bir sıra alternativlər irəli sürdük.

Təkliflər arasında ən azı işçilərə ölkə üzrə minimum əməkhaqqının (250 AZN) ödənilməsi, aylıq məvacibdən tutulan verginin azaldılması və ya vəziyyətlə əlaqədar müvəqqəti ləğv edilməsi, hotel sahəsini qaçılmaz vergilərdən azad etmək var. Bunlar bir çıxış yolu kimi qiymətləndirilə bilər. Yəqin ki, növbəti iş həftəsinin sonuna bu məsələ ilə bağlı müəyyən qərar verilər”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər