Azərbaycandan 14 milyon çıxaran ər-arvadla bağlı 7 günlük möhlət…
28 May 2021 08:12
15646

Azərbaycandan 14 milyon çıxaran ər-arvadla bağlı 7 günlük möhlət…

Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq “çirkli pul” gətirməkdə ittiham olunan ər-arvadın adları açıqlana bilər.

“Yeni Sabah” xəbər verir ki, hakim Vanessa Bareytserin mayın 27-də verdiyi hökmdə deyilir ki, Londonda yaşayan cütlüyün kimliyinin gizli saxlanmasının davam etdirilməsi “açıq ədalət” prinsipi ilə ziddiyyət təşkil edir. İngiltərənin əsas məhkəmələrindən biri olan Uestminister məhkəməsində sözü gedən ər və arvadın adlarının açıqlanması üçün iddianı Britaniyada çıxan The Evening Standard qəzeti qaldırıb.

Bu işin üstünü açmış Britaniya Milli Cinayət Agentliyi (NCA) də son mərhələdə tələb tərəfinə qoşulub. NCA cütlüyün 10-dək müxtəlif bank hesablarında olan 6.5 milyon funt sterlinq vəsaitinin müsadirəsinə çalışır.

Məhkəmə qərarında deyilir ki, cütlüyə qarşı iddiaların tam detallarının üzərindən məxfilik qaldırılır.  Hakim güzəşt olaraq indiyədək yalnız X və Y kimi təqdim olunan ər və arvadın adlarının açıqlanmasınadək yeddi gün vaxt qoyub.

Onlar bu müddət ərzində qərara ədliyyə baxışının keçirilməsini təşkil edə bilərlər. Cütlüyün vəkilləri bildiriblər ki, onlar məxfiliyin qaldırılmasına Ali Məhkəmə səviyyəsində qadağan qoyulmasına və qərara ədliyyə baxışı keçirilməsinə nail olmaq istəyirlər.

Vəkillərin iddiasına görə adların açıqlanması başqa məhkəmə baxışlarını təsirləndirə bilər. The Evening Standard yazır ki, vəkillərin vəsatəti uğursuz olarsa X və Y-in adları gələn həftə ictimailəşdiriləcək.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər