Bəlkə bu dəfə nazir süpürgəçidən nümunə götürsün...

saytların hazırlanması

Evə çatdırılma

Bəlkə bu dəfə nazir süpürgəçidən nümunə götürsün...

Sosial

08 Oktyabr 2022 10:56 2017


“Kiçik padşah” ifadəsi əvvəllər kənd rayonlarının icra başçılarına şamil olunurdu. Bu da səbəbsiz deyildi. Kim hansı rayona rəhbər təyin olunurdusa, özünü həmin yerin ağası kimi aparırdı. 

Yazım, nə edirdi: Rayondakı münbit torpaqların yarısından çoxunu özü əkdirirdi. Biçin zamanı bütün işlək kombaynlar onun üçün çalışırdı. Ən yaxşı otaqlarda, göz oxşayan yaylaqlarda özünün sürüləri otlayırdı. Göyçaydaysa, yüz hektarlarla nar, Şəmkirdəysə ucu-bucağı görünməyən üzüm plantasiyaları olardı. Qubanın ağ alması ancaq onu “ağ gün”ə çıxarardı. Rayona ayrılan büdcədən gen-bol yararlanar, bütün vəzifələri dədəsinin malı kimi satardı. Amma yenə gözü doymaz,əlacı olsa, göydə uçan quşlardan da bac alardı...

İndi təkcə icra başçıları deyil, idarə müdirləri, hətta universitet rektorları da özlərini külli-ixtiyar sahibi hesab edir, tabeliyində çalışan adamlarla rəiyyət kimi davranırlar. pizza hut

Dünən "Yeni Sabah"ın redaksiyasına Gəncədən Firuzə Qarayeva adlı bir xanım müraciət etmişdi. Firuzə xanım Birinci Qarabağ Müharibəsinin iştirakçısı olan qəhrəman bir qazinin qızıdır.

Lütfən, qazi sözünü oxuyan kimi atasının hüquqlarının pozulduğunu düşünməyin. Bu dəfə Firuzə xanımın özü haqsızlıqla üzləşib.

Firuzə Qarayeva uzun müddət Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetində çalışıb. Əlində səlahiyyəti, böyük bir vəzifəsi olmayıb, vur-tut rektor köməkçisi olub. Aldığı cüzi maaşla yeganə övladını böyüdüb. Amma onun bu kiçik vəzifəsi bu ilin iyulunda ATU-ya rektor əvəzi təyin olunan Yaşar Ömərovun gözünə böyük görünüb.

Yeni rektor köhnə köməkçidən ərizə yazıb işdən getməyi tələb edib.

Zavallı qadın nə qədər yalvar-yaxar etsə də, xeyri olmayıb. Yaşar yoldaş hədə-qorxu, şantaj yolu ilə Firuzə xanım da daxil olmaqla köhnə rektorun dövründə işləmiş 21 nəfəri " öz ərizəsi ilə" işdən çıxarıb. Bunu sübut edən səs yazısı dünən "Yeni Sabah"da yerləşdirilib.

ATU-nun reaksiyası özünü çox gözlətmədi. Universitet dünən açıqlama yayıb həmin şəxslərin öz ərizələri ilə, yəni könüllü işdən getdiklərini bəyan etdi.

Siz deyin, indiki çətin zəmanədə hansı axmaq öz könlü ilə işdən gedər?

Firuzə xanım dünən saytımıza açıqlama verərək, məcburiyyət qarşısında ərizə yazdığımı deyib. Yəni, mənim ehtimalımı doğrulayıb.

Hələ də anlaya bilmirəm: Bu adamlara dövlət müəssisəsini şəxsi təsərrüfatı kimi idarə etməyə kim ixtiyar verib?

Universitet restorandır ki, yeni rəhbər özü ilə yeni aşpaz, yeni kababçı, yeni ofisiantlar gətirsin?

Qəribə ölkədə yaşayırıq; hamıya zorla ərizə yazdırıb "könüllü' işdən çıxarırlar...

Niyə köməkçinin, hətta süpürgəçinin "könüllü" işdən çıxdığı bu ölkədə bir dəfə hansısa nazir, komitə sədri, rektor, prorektor, prokuror ərizə yazıb öz xoşuyla işdən getmir?

Azərbaycanda əhalinin ciddi narazı olduğu bir neçə nazirlik və nazir var. Bəlkə bu dəfə onların biri cəmiyyətin çağırışına qulaq asıb könüllü şəkildə vəzifədən getsin...

Bəlkə bu dəfə nazir süpürgəçidən nümunə götürsün...

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!