Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında son qeyri-formal Zirvə görüşündə Zəngəzur dəhlizi məsələsini xüsusi olaraq qabartması bu kommunikasiya yolunun regionun gələcəyi üçün aktuallığını bir daha diqqət mərkəzinə gətirdi.
Bəs görəsən, Azərbaycan və qardaş Türkiyə ilə yanaşı, Ermənistanın özü və Rusiya, eləcə də İran üçün əhəmiyyətli olan bu dəhlizin açılmasına İrəvanda hakimiyyətə can atan revanşist güclərlə yanaşı, onlara dəstək verən hər hansı dövlət də əngəl olmaz ki?
Çünki son proseslər göstərir ki, qəsbkar ölkədəki ifrat millətçi radikal qüvvələr tərəfindən qızışdırılan erməni ictimaiyyəti bu dəhlizin tezliklə açılmasına imkan verməyəcək... pizza hut
10 Noyabr üçtərəfli razılaşmasında Ermənistanın Meğri ərazisindən Naxçıvana yolun açılmasına da qarant kimi imza atmış Kreml son məqamda hansısa maraqları xatirinə qeyri-səmimilik göstərməz ki?
Bəlkə Rusiya Zəngəzur məsələsi ilə Azərbaycanın başını qatıb vaxtı uzatmaqla Qarabağda hərbi mövcudluğunu möhkəmlətməyə çalışır?..

1990-cı illərin əvvəlindən Türkiyədəki siyasi qüvvələrlə münasibətlərə malik olan və rəsmi Ankaranın Meğri dəhlizi məsələsini hələ o illərdən siyasi gündəmə gətirmək cəhdlərini gözəl bilən AMİP lideri Etibar Məmmədov hesab edir ki, Rusiyanın bu işdə qeyri-səmimilik nümayiş etdirməsi ilk növbədə onun öz nüfuzuna xələl gətirə bilər. Moderator.az-a açıqlamasında siyasətçi bunları dilə gətirib:
“Zəngəzur dəhlizinin açılması, nəinki region ölkələri, eləcə də Avropa və bir sıra dünya ölkələri üçün də əhəmiyyətli məsələdir. İnşallah, Azərbaycan qardaş Türkiyə ilə birgə yaxın zamanlarda bu layihənin həyata keçməsinə nail olmalıdır. Əsas şərtlərdən də biri həmin dəhlizin eks-territoriallıq prinsipi əsasında işləməsidir. Bununla da Azərbaycan vasitəsilə Şərqlə Qərb arasında yeni inteqrasiya prosesi baş verəcək. Bu da gələcəkdə ölkəmizi istəməyən qüvvələrin də “ağzını yummaq” istiqamətində vacib bir addım olacaq. Ermənistanın özünün bu proseslərə cəlb olunaraq bundan istifadə imkanlarının yaranması onun iqtisadiyyatını məhz Zəngəzur dəhlizinin rahat işləməsi prosesinə bağlayacaq. Bu da həmin qəsbkar ölkənin hazırkı təcrid olunmuş durumdan çıxmasına istiqamətlənəcək. Beləliklə, gələcəkdə İrəvanın öhdəliklərindən qaçmasının qarşısı alınacaq. İkincisi, Rusiya üçün də Ermənistan ərazisindən Naxçıvana yol açılması çox vacibdir. Kremlin ondan ötrü hərbi strateji əhəmiyyəti olan Ermənistanla əlaqəsi üçün sovet dövründə də Azərbaycan ərazisindən keçən dəmir yolundan, eləcə də avtomobil yolundan başqa rahat yolu yoxdur. Gürcüstandan avtomobil yolu relyef baxımından da çətindir və həmin ölkə ilə münasibətlər normal deyil. Hər an Tbilisi bu yolu bağlaya bilər. Onu açmaq üçün Moskva yeni müharibə başlatmalı olar. Odur ki, Rusiyanın da Zəngəzur dəhlizinin açılması prosesinə bağlanması onun dolayısıyla Azərbaycandan asılılığını yaradır. Bu da dövlətimiz üçün vacib və əlverişlidir. Sözsüz ki, Azərbaycan üçün bu dəhlizin ən böyük əhəmiyyəti Naxçıvanla birbaşa əlaqələrin açılması ilə bu ərazimizin blokadadan çıxarılmasıdır. Eləcə də qardaş Türkiyə ilə nəqliyyat əlaqələri xeyli asanlaşacaq. Eyni zamanda Zəngəzur dəhlizi Böyük İpək Yolunun Azərbaycan vasitəsilə şaxələnib genişlənməsinə gətirib çıxaracaq ki, bu da dünyada ölkəmizin nüfuzunun daha da artmasına səbəb olacaq. Ən əsas məsələ isə Türkiyənin Orta Asiyaya yolunu açmaqla bu dəhliz türk dünyasının bütövləşməsində böyük rol oynayacaq”.
Etibar Məmmədov Kremlin Zəngəzur dəhlizinin açılmasına mane olacağı təqdirdə, yaranacaq geosiyasi situasiyadan da danışıb.
“Rusiyanın səmimi olub-olmamasına gəldikdə 10 Noyabr razılaşmasında Zəngəzur dəhlizinin açılması barədə ayrıca bənd mövcuddur və həmin sənədin altında Rusiyanın imzası var. Odur ki, bundan geri addım atmaq artıq üçtərəfli atəşkəs sazişindən də üz döndərmək demək olar. Bu da ilk növbədə, Rusiyanın öz nüfuzuna böyük zərbə vura bilər... Digər tərəfdən, Moskva bunu etməsə, özünü də Güney Qafqazdan təcrid etməli olacaq. Çünki bununla Azərbaycanla münasibətləri pozulacaq və Ermənistana öncə dediyimiz kimi, belə rahat və sərfəli yol tapmayacaq...”, – deyə partiya lideri vurğulayıb.
“Dəhlizin açılması hər şeydən əvvəl üç böyük ölkənin Türkiyə, Rusiya və İranın istər iqtisadi, istərsə geosiyasi maraqlarından irəli gəlir”, – deyən siyasi analitik Tahir Cəfərli Moderator.az-a açıqlamasında Zəngəzur dəhlizi ideyasının əslində hələ 5 il öncə Azərbaycanın üstünlüyü ilə davam etsə də, yarımçıq dayandırılmış Aprel savaşından sonra siyasi gündəmə gəlməyə başladığını bildirib.

“Öncə 2016-ci ili yadımıza salaq. Azərbaycan artıq onda anti-terror əməliyyatına başlamışdı və torpaqları azad edəcəkdi. Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Nəcməddin Sadıqov Moskvaya dəvət olundu və Rusiya Müdafiə naziri Şoyqunun yanında Ermənistan Müdafiə naziri ilə görüşdən sonra Qarabağda hərbi əməliyyatlar dayandırıldı. Sual meydana çıxır: bəs 2016-cı ildə nə üçün Kreml Azərbaycanın hücum əməliyyatları dayandırması üçün belə canfəşanlıq etdi?
Səbəb ABŞ-ın Ermənistanın müdafiəsinə qalxması idi. Onlar Gürcüstanın Poti şəhərinə NATO desantı çıxaracaqdılar. Beləliklə, NATO qoşunları erməniləri azərbaycanlıların əlindən xilas etmək üçün ordusunu Qarabağa yeridəcək və başda ABŞ olmaqla, NATO ölkələri separatçı erməni rejimini dövlət kimi tanıyacaqdılar. Belə olduğu halda, Rusiya yalnız Qarabağı deyil, üstəlik, “Qafqazın qapısı” saydığı Ermənistanı da itirirdi. Bu, İran üçün də təhlükə idi. ABŞ Qarabağa girdikdən sonra anti-İran əməliyyatını başlada bilərdi... Müharibənin o zaman dayandırılmasına səbəb bax, bu amillər idi. Bundan sonra da dünya, o cümlədən ABŞ və Rusiya Qafqazda Azərbaycanın bir güc mərkəzi rolu oynadığını gördü...
2018-ci ildən başlayaraq Azərbaycan Prezidenti Qarabağın Azərbaycan ərazisi olduğunu bütün dünyaya BMT-dən elan etdi. Ən əsası, BMT-ın 4 qərarının yerinə yetirilməsi tələbini qoydu. Ondan sonra Rusiya-Türkiyə -İran tranzit dəhlizinin bu ölkələr üçün iqtisadi əhəmiyyətini ön plana çəkdi. 2018-ci ildə Azərbaycana marağı olan ölkələrlə ciddi və produktiv danışıqlar və sazişlər imzalandı. O dövrdə Qarabağın azad olunmasının gerçək iqtisadi bünövrəsi qoyuldu və Azərbaycanın xarici siyasəti bunun üzərində quruldu...
2020-ci ilin əvvəllərindən başlayaraq isə pandemiya Rusiyanı pis iqtisadi duruma saldığından, onun Ermənistanı maliyyələşdirmək imkanları azalırdı. Həm də Qarabağın işğal altında qalması Rusiya üçün xeyirli olan dəmiryol tranzitinin qarşısını da alırdı. Bundan əlavə, Ermənistan Rusiya üçün istər siyasi, istər iqtisadi nöqteyi-nəzərdən ağır yükə çevrilmişdi”.
Analitik Zəngəzur dəhlizi məsələsini birbaşa və rəsmən gündəmə gətirən 2020-ci il 44 günlük savaşdakı zəfərimizin məhz Ali Baş Komandan İlham Əliyevin çevik siyasi-diplomatik gedişlərinin nəticəsi olduğunu da ifadə edib.
“Ermənistan 2018-ci ildən başlayaraq anti-Rusiya siyasətinə keçmişdi və bu, Kremli qıcıqlandırırdı. Nəticədə Kreml siyasətçiləri Prezident İlham Əliyevin Azərbaycanın Qafqazın tranzit ölkəsinə çevrilməsi layihələrinə ciddi yanaşdılar və anladılar ki, Qarabağın işğalı Rusiyanın geosiyasi məqsədlərinə ziddir. Eyni zamanda daha Ermənistanı dolandırmağı elə onun öz üzərinə atdılar. Beləliklə, Rusiya-Türkiyə iqtisadi və siyasi birliyi yarandı və buna maneəni, yəni Ermənistanın işğalını aradan qaldırmaq məsələsi gündəmə gəldi. Nəticədə Azərbaycan gözlənilmədən əks-hücum əməliyyatlarına başladı və cəmi 44 günlük müharibədə torpaqlarının böyük hissəsini işğaldan azad edərək Ermənistanı tamamilə məğlub və miskin bir duruma saldı...
Tahir Cəfərli Megri-Naxçıvan yolunun rəsmi Vaşinqtonun da maraq dairəsində olduğunu əsaslandıraraq belə deyib:
“Sual ola bilər ki, bəs ABŞ 2016-ci ildəki kimi nə üçün 2020-ci ilin 44 günlük savaşında da Ermənistan üçün nəsə etmədi? 2018-ci ildən başlayaraq Azərbaycanın tranzit ölkə funksiyasını genişləndirmək məsələsi Vaşinqtonda ciddi iqtisadi təhlillərə səbəb oldu. Bunun ilk növbədə ABŞ dolları üçün dövriyyənin artmasına ciddi təkan olunacağı da qeyd olunur, amma Ermənistanın buna maneə olduğu göstərilirdi. Yəni yeni kommunikasiyaların açılaması, tranzitlərin işləməsi ABŞ-ın da iqtisadi maraqlarına uyğun idi...
Rotşild kimi nəhəng bir oliqarx-siyasətçinin Fransada Azərbaycanın Birinci Vitse-Prezidentini qəbul etməsi və sonra Bakıya gəlməsi ilk növbədə Azərbaycanın dünya iqtisadi sistemində oynayacağı real rolu göstərirdi. Bundan əlavə, Azərbaycanın Prezidenti, eyni zamanda Birinci Vitse-Prezidentinin Avropa və Rusiya səfərlərinin əsas mahiyyəti də ölkəmizin dünya iqtisadi sistemində əhəmiyyətli mövqe tutmasını göstərməklə bağlı idi.
ABŞ-ın son Qarabağ savaşında Ermənistanın köməyinə gəlməməsinin səbəbi də elə bununla bağlıdır. ABŞ həmişə iqtisadi maraqlarını üstün tutub, bu dəfə də tutdu və Azərbaycana torpaqlarının azad edilməsinə mane olmadı”.
“Kreml bu məsələdə qeyri-səmilik nümayiş etdirə bilməz. Çünki bu dəhlizin işləməsi ilk növbədə Rusiyanın böyük iqtisadi marağı vardır, odur ki, o, bu siyasətdə səmimidir. Həmçinin bu, Türkiyə və İranın da xeyirinədir, çünki pandemiya bu ölkələrin xarici ticarət dövriyəsini heçə endirməyə başlamışdır. Bundan əlavə, ruslar erməniləri bu dəhlizdən bəhrələnmək məsələsini çox ciddi qoyublar. Əgər Ermənistan bu dəhlizə tezliklə qoşulmasa, onun açılmasına müqavimət göstərsə, bu ölkəni iqtisadi kollaps gözləyir.
Digər tərəfdən, İran-Çin birliyi yaranıb. Bu da ciddi məsələdir. İran 2018-ci ildə İran-Azərbaycan-Rusiya tranziti haqqında sazişə qol çəkib. Bu sazişlərin regionun inkişafında çox böyük rolu olacaqdır. Çin-İran-Azərbaycan-Ermənistan-Türkiyə və Rusiya tranzitinin işləməsində bütün ölkələrin marağı vardır. İqtisadi maraqlar isə çox zaman sülhə və əmin-amanlığa gətirir” –deyə analitik vurğulayıb.
Telegram kanalımız