“Fiziki aktivlik gündəlik həyatımızda skelet əzələlərinin iştirakı ilə həyata keçirilən, ürək-damar və tənəffüs sistemlərinin fəaliyyətini gücləndirən və enerji sərfi ilə müşayiət olunan hərəkətlərdir. Onun həm fiziki sağlamlıq, həm də emosional durum üçün böyük əhəmiyyəti var”.
“Yeni Sabah” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Fidan Piriyeva deyib.
Onun sözlərinə görə, fiziki aktivlik ürək-damar sisteminin işini tənzimləyir, damarlarda durğunluğu azaldır, tənəffüs funksiyalarını və qan dövranını yaxşılaşdırır, infarkt, insult və yüksək təzyiq riskini azaldı:
“Eyni zamanda əzələ və sümük sistemini möhkəmləndirir, yaşla əlaqədar yaranan sümük-qığırdaq deformasiyalarının qarşısını alır, maddələr mübadiləsini stimullaşdırır, immuniteti gücləndirir. Həzm və ifrazat sistemlərinə müsbət təsir edərək piylənmənin qarşısını alır. Bununla yanaşı, diqqət və yaddaşı gücləndirir, stress və narahatlığı azaldır, depressiya riskini aşağı salır və ümumi əhval-ruhiyyəni yaxşılaşdırır”.
Həkim, həmçinin, hamiləlik zamanı fiziki aktivliyin rolundan da bəhs edib. Bildirib ki, hamiləlik dövründə fiziki aktivlik həm ananın, həm də dölün sağlamlığı üçün xüsusi əhəmiyyət daşıyır:
“Bu, anada bel ağrılarının qarşısını alır, qan dövranını yaxşılaşdırır, hamiləliyin daha rahat keçməsinə kömək edir, çəki artımını tənzimləyir, ödemin və damar problemlərinin qarşısını alır, çanaq əzələlərini möhkəmləndirir. Həmçinin həyəcanı azaldaraq hamiləlik və zahılıq depressiyasının qarşısını alır və ananı psixoloji cəhətdən doğuşa hazırlayır. Eyni zamanda dölün qan dövranını yaxşılaşdırır və inkişafını stimullaşdırır. Lakin hər bir hamilə qadın fiziki aktivliyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidir”.
Fizioterapevtin fikirlərinə görə, nevroloji xəstəliklərdən sonra insanlarda müxtəlif funksiyaların itməsi müşahidə oluna bilər:
“Bu zaman reabilitasiya tədbirləri həmin funksiyaların bərpasına yönəldilir. Fiziki reabilitasiya hərəkət, balans, koordinasiya, nitq, udma, yeriş və müvazinətin bərpasına, əzələ tonusunun normallaşdırılmasına, deformasiyaların qarşısının alınmasına və ağrının azaldılmasına xidmət edir. Məqsəd sinir sistemi zədələnməsi nəticəsində yaranan funksional pozğunluqları azaltmaq və xəstənin mümkün qədər müstəqil həyat sürməsinə kömək etməkdir. Bu reabilitasiya insult, beyin və onurğa beyni zədələri, Parkinson xəstəliyi, uşaq serebral iflici və periferik sinir zədələri zamanı geniş tətbiq olunur. Xüsusi məşqlər vasitəsilə əzələlərin gücü artırılır, hərəkət amplitudası bərpa edilir və xəstənin gündəlik fəaliyyətləri yenidən yerinə yetirməsi təmin olunur. Eyni zamanda balans və koordinasiya məşqləri yıxılma riskini azaldır. Reabilitasiya yalnız fiziki deyil, psixoloji baxımdan da faydalıdır, motivasiyanı artırır və depressiya riskini azaldır”.
Aytac Əliyeva
Telegram kanalımız