Koronavirus pandemiyasının Azərbaycana yol tapması insanların Bakıdakı sıxlıqdan başlarını götürüb bölgələrə üz tutmasına səbəb oldu. Daha sonra isə ölkədə karantin rejimi tətbiq olundu və aprelin 20-dək Bakı, Sumqayıt və Abşerona giriş-çıxış qadağan edildi.
Virusa qarşı mübarizə çərçivəsində mərkəzi ərazilərdə ciddi tədbirlər görülür, karantin rejiminə nəzarət edilir. Lakin sosial şəbəkələrdə oxuduqlarımızdan yola çıxaraq deyə bilərik ki, bölgələrdə vəziyyət bir qədər fərqlidir. Məsələn, hazırda Qubanın ucqar dağ kəndində yaşayan Türk-İslam Araşdırmalar Mərkəzinin direktoru, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlu kənd camaatının nikbinliyən qibtə etdiyini və hər kəsin öz işində-gücündə olduğunu deyib. Telman Nüsrətoğlu Yenisabah.az saytına müsahibəsində digər maraqlı məqamlara da toxunub:
- Telman bəy, virusdan necə qorunursuz? Təhlükəni dəf edə bilirsinizmi?
- Qaydalara ciddi riayət edirəm. Məsələn, mağazaya gedəndə maska taxıram, əllərimi mağazaya həm girəndə, həm də çıxanda dezinfeksiya edirəm. Maksimum dərəcədə çölə çıxmamağa çalışırıq. Ancaq ərzaq lazım olanda çıxırıq. Çölə çıxmamaq dedikdə, insanlarla ünsiyyəti nəzərdə tuturam, təbii ki, həyətə çıxıb təmiz hava alırıq, sadəcə ünsiyyətdən qaçınıram, məsafəni qoruyuram.
- Bəzi universitetlər tədrisi onlayn şəkildə davam etdirir. Sizin universitetdə vəziyyət necədir?
- Bəli, Xəzər Universitetində də vəziyyət belədir, elə özüm də onlayn dərs deyirəm. Lakin internet olduqca zəifdir, kənddə dağlıq ərazi var, canlı yayımla dərslərimi davam etdirmək üçün oraya çıxıram. Çünki tələbələr təhsil məsələsində geri qalmamalı, arada fasilə olmamalıdır. Əlimdən gələni etməyə çalışıram. Lakin kənddə uzaqdan təhsil üçün sürətli internet problemi var, hökumət bu məsələni də gündəmə alsa, yaxşı olar.
- Hazırda hansı kənddəsiniz?
- Susay kəndində. Bura Azərbaycanın ən mənzərəli yerlərindən biridir, tarixi kənddir, əvvəllər Xınalıqın yolu da buradan keçib. İndi Prezidentin sərəncamı ilə asfalt yol döşənir,yol yenə buradan keçəcək.
- Orada vəziyyət necədir? İnsanlar virusla bağlı ehtiyat tədbirləri görürlərmi? Sosial şəbəkə hesabınızda kənddə insanların koronavirusa əhəmiyyət vermədiklərini yazmısınız...
- Son günlər rayonlarda tədbirlər sərtləşdirilib. Evdən çölə çıxma məsələsinə ciddi nəzarət var. Mənim yaşadığım kənd ucqar bir kənddir və burda insanlar kənd təsərrüfatı ilə məşğuldurlar. Təbii ki, bizim iqtisadiyyatımızda dayanmamalıdır. Pandemiyaya qarşı mübarizə ilə yanaşı ölkəmizin ərzaq təhlükəsizliyini, insanların kənd təsərrüfatı ilə məşğul olmasını təmin etmək lazımdır. Bu mənada kənddəki insanlar işlərini görməyə davam edirlər. Təsərrüfatı olan təsərrüfatı ilə məşğul olur. Pandemiyanın ciddiliyini yaxına buraxmaq istəmirlər. Virusun dağ kəndinə gəlib çıxa bilməyəcəyi qənaətindədirlər. Baxmayaraq ki, kənd həyatı olduğuna görə insanlar təbii qidalanırlar,yəni stres yoxdur, təmiz hava var, immunitet güclüdür,yenə də biz kimisə görəndə məsafəni qoruyaraq maarifləndirici söhbətlər aparırıq.
- Xeyir-şər məclisləri davam edir, yoxsa dayandırılıb?
- Bura dağ kəndi olduğuna görə insanlar onsuz da həyət evlərində yaşayırlar. Kütləvi toplanma ehtimalı yoxdur. Belə şeylər toylarda olur, toylar da müəyyən dövrə qədər qadağan olunub. Türkiyə Səhiyyə nazirinin son gün mətbuat konfransında 1 nəfərin 30 nəfəri yoluxdura biləcəyini deməsi də bunun ciddi bir məsələ olduğunu göstərir. Bəzən insanlar bunu yüngül formada keçirsə də, evlərinə gətirib başqalarına yoluxdura bilərlər və onlar ağır keçirə bilər. Yaşlılar yoluxsa, onlar bunu ağır keçirəcəklər, ciddi risk altındadırlar. Ona görə də tədbirli olmaq lazımdır.
- Rayona gediş-gəliş varmı?
- Kəndlərdən rayon mərkəzinə gediş məhdudlaşdırılıb. Düzü, karantinadan sonrakı günlər rayona getməmişəm, amma belə eşitmişəm.
- Bəs dezinfesiya işləri necədir, aparılırmı?
- Ümumiyyətlə, istər Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarının, istərsə də ayrı-ayrı ölkələrdən pandemiyanın vəziyyətindən yola çıxaraq qeyd etmək olar ki, bəşəriyyət çox ciddi qlobal problemlə qarşı qarşıyadır. Çünki koronavirus getdikcə genişlənir və bunun hazırda qarşısının alınması üçün təcrid çox önəmlidir. Dezinfeksiya, təmizlik çox önəmlidir, sosial məsafə qorunmalı, maska, əlcək taxılmalıdır. Düzdür, bizdə kənddə dezinfeksiya aparılmayıb, amma rayonda aparılır. Ölkəmizin hər yerində ciddi tədbirlər görülür. Bunun ciddiyyətini insanlarımız anlamalıdırlar. Tez bir zamanda biz bunun qarşısını ala bilməsək, sonrakı zamanda iqtisadiyyatımıza ciddi təsir göstərə bilər. Hər kəs vətəndaşlıq vəzifəsini yerinə yetirməlidir. İşi olmayan insanlar evində oturmalıdır.
Telegram kanalımız