Britaniya kral ailəsinin üzvləri uşaqlıqdan etibarən müxtəlif qayda və ənənələrə uyğun böyüyürlər. Geyim seçimindən rəsmi mərasimlərdə davranışa, səyahətdən hədiyyə qəbuluna qədər bir çox detal onların həyatını formalaşdırır.
“Yeni Sabah” xəbər verir ki, kral ailəsində bəzi ənənələr nəsillər boyu qorunub saxlanılır. Bu qaydaların hamısı məcburi qadağa olmasa da, ailənin protokolunda xüsusi yer tutur.
Kral ailəsində körpələrin doğumu Bukingem sarayının qarşısında yerləşdirilən xüsusi lövhədə elan olunur. Rəsmi məlumat 24 saat ərzində nümayiş etdirilir. Sezar pizza
Vəftiz mərasimlərində istifadə edilən xüsusi geyimin tarixi isə 1841-ci ilə gedib çıxır. Kraliça Viktoriya qızı üçün həmin geyimi hazırlatdırıb. Tarixi paltarı qorumaq məqsədilə sonradan onun surəti tikilib.
Uşaqlara kiçik yaşlarından protokol öyrədilir
Kral ailəsinin uşaqları rəsmi yeməklərdə və tədbirlərdə necə davranmalı olduqlarını erkən yaşlardan öyrənirlər. Süfrə qaydaları, danışıq tərzi, geyim seçimi və salamlaşma forması bu təlimin bir hissəsidir.
Hökmdarı baş əyərək və ya reverans edərək salamlamaq da ailənin ənənələrindəndir.
Britaniya kral ailəsində taxtın varislərinin eyni təyyarədə səyahət etməməsinə üstünlük verilir. Bu qaydanın məqsədi mümkün qəza zamanı taxtın gələcəyini riskə atmamaqdır. Bununla belə, hökmdarın icazəsi ilə istisnalar mümkündür.
Ailədə kiçik yaşlı oğlan uşaqlarının şort geyinməsi də ənənəvi seçimlərdən sayılır. Şahzadələr Corc və Lui də bir sıra rəsmi tədbirlərdə bu geyimdə görünüblər. Ancaq bu, bütün hallarda tətbiq edilən məcburi geyim qaydası deyil.
Hədiyyələrin qəbuluna məhdudiyyət var
Kral ailəsinin üzvləri tanımadıqları şəxslərdən gələn bütün hədiyyələri qəbul edə bilmirlər. Rəsmi siyasətə əsasən, müəyyən şərtlərlə çiçəklər, məqbul miqdarda istehlak məhsulları və dəyəri 150 funt sterlinqdən aşağı olan kiçik əşyalar qəbul edilə bilər.
Ailə üzvlərinin Milad bayramı və Pasxa günlərində kilsə ayinlərində iştirakı da illik ənənələr sırasındadır. Uşaqlar da müəyyən yaşdan etibarən valideynlərinə qoşularaq mərasimlərdə iştirak edirlər.
Səyahətlər zamanı gözlənilməz ölüm xəbəri alınması ehtimalına qarşı çamadanda qara geyim saxlamaq da ailənin ənənələrindəndir. Bu qaydanın Kraliça II Elizabetin atasının ölüm xəbərini Keniyada olduğu zaman alması ilə əlaqələndirildiyi bildirilir.
Milad hədiyyələrini dekabrın 24-də açırlar
Britaniya kral ailəsi alman ənənəsini davam etdirərək Milad hədiyyələrini dekabrın 25-i səhər deyil, bir gün əvvəl, dekabrın 24-də axşam açır.
Ailə üzvlərinin bir-birinə qeyri-adi və zarafat xarakterli hədiyyələr seçməsi də bu görüşlərin maraqlı tərəflərindən biridir.
Aydan Hacı
Telegram kanalımız