BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevlə Naxçıvan Muxtar Respublika rəsmiləri arasında son vaxtlar soyuq yellərin əsməsi müxtəlif suallara yol açır: Bu kəskin polemikalar hakimiyyətdaxili ziddiyyətlərin inikasıdırmı? Naxçıvan rəhbərliyinin deputatdan gözləntisi nədir və Qüdrət Həsənquliyev hansı məqamlarda bu gözləntilərə qaneedici cavab verməyib?
“Yeni Sabah” xəbər verir ki, bunlarla bağlı Q.Həsənquliyev jurnalist Heydər Oğuza müsahibəsində maraqlı açıqlamalar verib. Müsahibənin həmin hissəsini təqdim edirik:
- Yəqin razılaşarsınız ki, hər hansı konfliktin bir bəhanəsi, bir də səbəbi olur. Naxçıvanla konfliktinizin kökündə, ilk baxışdan, Muxtar Respublikadakı ictimai-siyasi vəziyyəti tənqid etməyiniz dayanır. Bəziləri isə bunu bəhanə sayır və hesab edirlər ki, konfliktin əsl səbəbi hakimiyyətdaxili parçalanmalardır. Bu görüşə görə, siz hakimiyyətin digər qanadına meylli siyasətə üstünlük verirsiniz, bu da Naxçıvanda narazılıqla qarşılanır. İddialar nə dərəcədə doğrudur? Ümumiyyətlə, hakimiyyətin daxilində parçalanmalar varmı? pizza hut
- Hakimiyyətin daxilində iddialı insanlar var və bunu inkar etmək mümkün deyil. El arasında bir söz var: “Görünən dağa nə bələdçi?” Amma mənim hansısa hakimiyyətdaxili qruplaşmaya meyllənməyim barədə söyləntilərin ciddi əsası yoxdur. Açığını desəm, Naxçıvandan mənim müsahibəmə bu cür kəskin reaksiya veriləcəyini də gözləmirdim. Ona görə ki, mən dəfələrlə Naxçıvanla bağlı problemləri dilə gətirmişəm, hətta ordan deputat seçilməmişdən əvvəl də. Amma bu cür reaksiya ilə üzləşməmişəm.
Üstəlik, Naxçıvan haqqında fikirlərim həmişə tənqidi üslubda da olmayıb. Xatırlayırsınızsa, Vasif Talıbov təhqir olunanda onu ən səmimi şəkildə müdafiə edənlərdən biri də mən idim. İndi də bu mövqeyim dəyişilməyib və hesab edirəm ki, qeyrətsiz bir adamın Muxtar Respublikanın ali vəzifəli şəxsi haqqındakı fikirlərinə istinad edilərək, qara piar kampaniyası aparılması doğru deyil. Bu, o vaxt məni xeyli hiddətləndirmişdi və açıqlamamda bildirmişdim ki, mübarizəni gərək kişi kimi aparasan. Ona görə də Naxçıvanda bəzi rəsmilərin də iştirakı ilə mənə qarşı söyüş kampaniyası aparılanda xeyli təəcccübləndim. İnanmazdım ki, Muxtar Respublikada bu qədər dar düşüncəli, tərbiyəsiz adamlar nazir postu tuta bilərlər. Bir nazirin deputatı təhqir etməsi bir yana, üstəlik, ona irad tutur ki, sən niyə Naxçıvanın daxili işlərinə qarışırsan.
Əvvəla, heç bir qanunvericilik aktında yazılmayıb ki, deputat yalnız özünün seçildiyi dairənin problemləri ilə məşğul olmalıdır. Mən Goranboydan seçiləndə də Naxçıvanın problemlərini gündəmə gətirmişəm. İndi isə Naxçıvandan seçilmişəm və hər bir vicdanlı insan etiraf edər ki, qaçqınların problemini ən çox diqqət mərkəzində saxlayanlardan biri də mənəm.
İkincisi, Naxçıvan əhalisinin öz yurd-yuvasını tərk etməməsi üçün bu bölgəyə ciddi investisiya qoyulmasının vacibliyini dəfələrlə dilə gətirmişəm. Söhbət Naxçıvan MR-in büdcəsinə ayrılan dotasiyadan getmir. Naxçıvanın iqtisadiyyatını dirçəltmək üçün bölgəyə əlavə investisiyalar qoyulmalıdır…
- Özünüz də etiraf edirsiniz ki, fikrinizə cavabın aqressivliyi sizdə də təəccüb doğurub. Deməli, ictimaiyyətdə bu konfliktin hakimiyyətdaxili parçalanmalarının inikası, necə deyərlər, çölə sızıntısı kimi qəbul olunmasında haqlı məqamlar var. Siz hər şeyi təkcə öz arşınınızla ölçməyin. Ola bilər, Sizin mövqeyinizdən asılı olmayaraq, Naxçıvan rəhbərliyində doğrudan da belə bir qənaət formalaşıb ki, Qüdrət Həsənquliyev istiqamətini dəyişib.
– İstisna etmirəm. Açığını desəm, mən özümə qarşı münasibətin dəyişilməsinin əvvəllər də şahidi olmuşdum. İkinci dəfə mən ordan deputatlığa namizədliyimi irəli sürəndə hiss edirdim ki, Naxçıvan rəhbərliyi bundan narazıdır. Müsahibə münasibətin açıq ifadə olunmasına həm də bir bəhanə oldu. Məsələn, mən əvvəllər Naxçıvana gedəndə Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə görüşümüzdə heç bir problem olmurdu. Vasif Talıbovla görüşür, insanların problemlərini, arzu və xahişlərini ona çatdırır, öz fikirlərimi deyirdim. Amma sonradan hiss etdim ki, münasibətlərdə müəyyən soyuqluqlar yaranıb. Bununla belə, müsahibəyə bu formada aqressiv münasibəti gözləmirdim.
- Yadıma bir hadisə düşdü. Türkiyəyə oxumağa gedəndə mərhum Heydər Əliyevin müşaviri Rza İbadovun qəbulunda olmuşduq. Rza İbadov Türkiyəyə zəng edib dedi: “Sizinlə konuşan Naxçıvan cümhurbaşkanının yardımçısıdır”. Türkiyədən soruşdular: “Naxçıvan cümhuriyyətmi?” Rza bəy cavab verdi ki, bəli, Azərbaycanın daxilində yerləşir. Soruşdular ki, kardeş, cümhuriyyət içində cümhuriyyətmi olur? Sizcə, bu, səhv sual idi?
– Rza İbadovun o sözünü qəribçiliyə salmayın. Naxçıvan Muxtar Respublikadır. Respublikadırsa, onun başçısı da var. Türkiyədə buna cümhurbaşkanı deyirlər. Mən bu anlaşılmazlığı aradan qaldırmaq üçün parlamentdə məsələ qaldırmışdım. Demişdim ki, gəlin, Rusiya təcrübəsindən biz də yararlanaq. Bilirsiniz ki, Rusiyada da muxtar respublikalar var və başçıları prezident adlanırdı. Sonradan bu milli muxtar respublikaların başçıları qubernator adlandırıldı. Biz də muxtar respublikanın başçısını qubernator adlandıra bilərik. Yaxud sadəcə muxtar respublikanın başçısı deyə bilərik. Necə ki, rayon İcra hakimiyyətinin rəhbərlərini başçı adlandırırıq. Adını nə qoyuruqsa qoyaq, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədri ola bilməz. Yəni orda hakimiyyət bölgüsü prinsipinə əməl olunmalıdır. Bunu ölkənin Konstitusiyası tələb edir. Konstitusiyada yazılır ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Bu, imperativ bir normadır. Bu normaya əməl olunmalıdır.
Telegram kanalımız