Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi iki ölkə arasındakı münasibətlər baxımından mühüm siyasi hadisə oldu. Dövlət başçıları ikitərəfli əməkdaşlığı, regional və qlobal məsələləri müzakirə etdilər.
Ərdoğan Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırdı, İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət etdi. Hər iki lider qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Bu telefon danışığı təkcə diplomatik protokol hadisəsi deyil, son günlər Azərbaycan-Türkiyə münasibətləri ətrafında yaranmış informasiya gərginliyi fonunda xüsusi siyasi məna daşıyan təmas kimi qiymətləndirilə bilər. pizza sifarişi
Liderlər arasındakı etimad münasibətlərin əsas təminatıdır
Olduqca müsbət ruhda keçən telefon danışığı bir daha göstərdi ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış şəxsi etimad, qarşılıqlı hörmət və siyasi həmrəylik Azərbaycan-Türkiyə dostluğunun strateji xarakterini müəyyən edən əsas amillərdəndir.
İki liderin siyasi iradəsi sayəsində münasibətlər ənənəvi dostluq çərçivəsini aşaraq hərbi-siyasi müttəfiqlik səviyyəsinə yüksəlib. Şuşa Bəyannaməsi ilə təsbit olunan bu münasibətlər regional təhlükəsizlik, enerji, nəqliyyat və türk dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Lakin liderlər səviyyəsindəki qarşılıqlı etimadın siyasi və ictimai müstəvidə eyni həssaslıqla qorunması da vacibdir. Xüsusilə qardaş ölkələr arasında münasibətləri zədələyə biləcək informasiya kampaniyalarına vaxtında və prinsipial münasibət bildirilməsi strateji tərəfdaşlığın tələblərindəndir.
Gecikmiş zəng və vaxtında verilməyən reaksiya
Təəssüf ki, bu telefon danışığı Türkiyədə Azərbaycana qarşı aparılan çirkin informasiya kampaniyasının artıq müəyyən müddət davam etməsindən sonra baş tutdu. Son günlər Azərbaycanın məktəbli forması ilə bağlı daxili qərarlarının Türkiyədə bəzi siyasi və ictimai dairələr tərəfindən təhrif edilərək təqdim olunması, ölkəmizin suveren hüquqlarının hədəfə alınması ciddi narahatlıq doğururdu.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın daxili qanunvericiliyi əsasında qəbul etdiyi qərarlar başqa dövlətlərdə siyasi təzyiq vasitəsinə çevrilməməlidir. Bu prinsip xüsusilə strateji müttəfiqlər arasında qarşılıqlı hörmətin əsas şərtlərindən biridir.
Türkiyədəki bəzi radikal dairələrin Azərbaycan əleyhinə ritorikasının vaxtında qarşısının alınmaması təəssüf doğurur. Ankara tərəfindən daha erkən və aydın siyasi mövqenin ifadə olunması həmin kampaniyanın genişlənməsinin qarşısını almağa, ikitərəfli münasibətlərə zərər vurmaq istəyən qüvvələrin imkanlarını məhdudlaşdırmağa xidmət edə bilərdi.
Əlbəttə, ayrı-ayrı siyasi qrupların, şəxslərin və media platformalarının mövqeyini bütövlükdə Türkiyə dövlətinin siyasəti ilə eyniləşdirmək doğru olmaz. Bununla belə, belə həssas məsələlərdə rəsmi dairələrin vaxtında verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır.
Strateji müttəfiqliyin qorunması ortaq məsuliyyətdir
Əliyev-Ərdoğan telefon danışığının ən mühüm siyasi nəticəsi iki ölkə rəhbərliyinin münasibətlərin inkişafında maraqlı olduğunu növbəti dəfə nümayiş etdirməsidir. Bu, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının ayrı-ayrı dairələrin yaratdığı süni gərginlikdən daha güclü olduğunu göstərir.
Bununla yanaşı, baş verənlər müəyyən nəticələr çıxarılmasını zəruri edir. Qardaşlıq münasibətləri yalnız yüksək səviyyəli bəyanatlarla deyil, qarşılıqlı siyasi həssaslıq, suverenliyə hörmət və informasiya təxribatlarına prinsipial münasibətlə möhkəmlənir.
Oktyabrın 21-dəki telefon danışığı müsbət siyasi mesaj olmaqla yanaşı, vaxtında atılmayan addımların əhəmiyyətini də xatırlatdı. Əsas məsələ bundan sonra oxşar halların təkrarlanmaması üçün müvafiq siyasi və diplomatik mexanizmlərin daha səmərəli işləməsidir.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı etimad Azərbaycan-Türkiyə müttəfiqliyinin ən güclü dayaqlarından biri olaraq qalır. Lakin bu etimadın yaratdığı strateji münasibətlərə xələl gətirə biləcək kampaniyalara qarşı vaxtında reaksiya verilməsi də eyni dərəcədə vacibdir. Qardaşlığın gücü yalnız böhranlardan sonra nümayiş etdirilən həmrəylikdə deyil, həmin böhranların yaranmasının qarşısını almaq bacarığında özünü göstərməlidir.
APA
Telegram kanalımız