Vətəndaşların pensiyası azalacaq, yoxsa artacaq? – MÜƏMMA

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşların pensiyası azalacaq, yoxsa artacaq? – MÜƏMMA

Sosial

21 Oktyabr 2026 22:03 455


Məlum olduğu kimi, Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsinə yönəldilən payının 90 faizdən 85 faizə endirilməsi təklif olunur. Dəyişiklik nəticəsində sosial sığorta ehtiyatının artırılması nəzərdə tutulur. Bu müddəa “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən və Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklərdə əksini tapıb.

Hazırda fərdi şəxsi hesabın sığorta hissəsində sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi və xüsusi hesabdakı vəsait qeydə alınır. Yeni layihəyə əsasən, bu göstəricinin 85 faizlə əvəzlənməsi nəzərdə tutulur. Beləliklə, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınan, fərdi şəxsi hesabın sığorta hissəsinə yönəldilən vəsaitin payı azalacaq, sosial sığorta ehtiyatının artırılması üçün isə əlavə imkan yaranacaq.

Bəs maraqlıdır, bu dəyişiklik vətəndaşların pensiyalarının artmasına, yoxsa azalmasına necə təsir edəcək? pizza mizza

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “AzPolitika”ya bildirib ki, bu təklifin vətəndaşların gələcək pensiyalarına təsiri ilk növbədə sosial sığorta haqlarının hansı hissəsinin fərdi hesabda qeydə alınacağından asılıdır: “Qanunun hazırkı mətnində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin fərdi hesabın sığorta hissəsində qeydə alınması nəzərdə tutulur. Əgər bu göstərici 85 faizə endirilərsə, fərdi hesabda qeydə alınan məbləğ azalacaq. Məsələn, vətəndaş üzrə 10 000 manat sosial sığorta haqqı hesablandığını fərz etsək, hazırkı qaydada bunun 9 000 manatı, təklif olunan qaydada isə 8 500 manatı fərdi hesabın sığorta hissəsində qeydə alınar. Fərq 500 manatdır.

Bu dəyişiklik uzun müddət işləyən və yüksək sosial sığorta haqqı ödəyən şəxslərin pensiya kapitalına daha çox təsir göstərə bilər. Çünki fərdi hesabda qeydə alınan kapital nə qədər az olarsa, digər şərtlər eyni qaldıqda, həmin kapital əsasında hesablanan pensiyanın sığorta hissəsi də bir o qədər aşağı olar”.

“Ancaq burada vacib məqam var: fərdi hesaba yönəldilməyən 5 faizlik hissənin hansı məqsədlə istifadə ediləcəyi həlledicidir. Əgər bu vəsait minimum pensiyaların təminatına, sosial sığorta hesabına ödənilən müavinətlərə və digər sosial öhdəliklərə yönəldiləcəksə, dəyişiklik fərdi pensiya hüquqları ilə ümumi sosial təminat arasında bölgünü dəyişmiş olacaq. Bununla belə, həmin vəsaitin bütün vətəndaşların pensiyalarını avtomatik artıracağına zəmanət yoxdur”, – deyə ekspert qeyd edib.

Ekspert hesab edir ki, iqtisadi baxımdan belə dəyişiklik sosial sığorta sisteminin ümumi maliyyə imkanlarını gücləndirmək məqsədi daşıya bilər: “Lakin fərdi hesabda qeydə alınan kapitalın azalmasının gələcək pensiyalara təsiri vəsaitin yeni bölgüsü, pensiyanın hesablanması qaydaları və minimum pensiya təminatı ilə birlikdə qiymətləndirilməlidir.

Əsas məsələ budur: 90 faizdən 85 faizə keçid yalnız texniki dəyişiklik deyil. Bu, vətəndaşın ödədiyi sosial sığorta haqlarının hansı hissəsinin onun fərdi pensiya hüququna, hansı hissəsinin isə ümumi sosial təminat xərclərinə yönəldiləcəyini dəyişir. Buna görə də dəyişiklik qəbul edilərsə, onun gələcək pensiya məbləğlərinə təsiri konkret hesablamalarla ictimaiyyətə açıqlanmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!