Xəstənin səhhətində tibbi müdaxilədən sonra arzuolunmaz nəticənin yaranması avtomatik olaraq həkim səhvi hesab edilə bilməz.
“Yeni Sabah” xəbər verir ki, Ali Məhkəmə tibbi mübahisələrdə həkimin məsuliyyətinin yalnız nəticəyə əsasən deyil, tibbi müdaxilənin necə həyata keçirildiyinə görə qiymətləndirilməli olduğunu açıqlayıb.
Məhkəmənin məlumatına görə, həkimin məsuliyyəti tibbi müdaxilənin mövcud göstərişlərə uyğun aparılıb-aparılmaması, diaqnozun düzgün müəyyən edilməsi, müalicə taktikasının tibbi standartlara uyğunluğu və müdaxilənin peşəkar şəkildə icra olunması əsasında müəyyənləşdirilməlidir. pizza
Yəni xəstədə sonradan hər hansı fəsadın yaranması təkbaşına həkimin təqsirli olduğunu göstərmir. Əgər həkim mövcud müayinələr əsasında düzgün diaqnoz qoyub, uyğun müalicə üsulu seçib və müdaxiləni tibbi standartlara uyğun həyata keçiribsə, arzuolunmaz nəticənin baş verməsi onun hüquqi məsuliyyət daşıdığı anlamına gəlmir.
Ali Məhkəmə Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarında da qeyd olunub ki, tibbi prosedurlar sübutlu təbabət prinsiplərinə uyğun, lazımi diqqət və tədbirlər görülməklə həyata keçirildikdə, yaranmış zərərə görə məsuliyyət istisna edilə bilər.
Məhkəmə tibbi mübahisələrdə sənədləşmənin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Xəstənin şikayətləri, aparılan müayinələr, diaqnoz, əməliyyatın səbəbləri, əməliyyat protokolları, həmçinin pasiyentin məlumatlandırılması və razılığının alınması tam və düzgün sənədləşdirilməlidir.
Çünki tibbi müdaxilə düzgün aparılsa belə, sənədlərdə boşluqların olması sonradan tibb müəssisəsi üçün ciddi sübut problemi yarada bilər.
Ali Məhkəmə xüsusilə pasiyentin əməliyyatla bağlı məlumatlandırılması məsələsinə diqqət çəkib. Bildirilib ki, xəstəyə sadəcə razılıq sənədi imzalatmaq kifayət deyil. Əməliyyatın məqsədi, mümkün risklər, ağırlaşmalar və gözlənilən nəticələr pasiyentə sadə və anlaşılan formada izah edilməlidir.
Beləliklə, tibbi müdaxilədən sonra arzuolunmaz nəticənin yaranması ilə həkim səhvi arasında avtomatik əlaqə qurulmur. Həkimin məsuliyyətinin müəyyən edilməsi üçün müdaxilənin hansı şəraitdə və hansı qaydada həyata keçirildiyi araşdırılmalıdır.
Aytac Əliyeva
Telegram kanalımız