Məktəbə gedən uşaqları bu təhlükə gözləyir -   Səhiyyə Nazirliyindən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Məktəbə gedən uşaqları bu təhlükə gözləyir - Səhiyyə Nazirliyindən açıqlama

Sosial

09 Noyabr 2026 18:30 127


Mövsüm dəyişiklikləri uşaqların sağlamlığına, immun sisteminə, qidalanma vərdişlərinə və gündəlik fəallığına təsir göstərir. Xüsusilə payız-qış aylarında kəskin respirator virus infeksiyalarının yayılması, məktəb və bağçalarda uşaqlar arasında sıx təmasın artması xəstələnmə hallarının çoxalmasına səbəb olur.

“Yeni Sabah” xəbər verir ki, Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nuranə Hüseynova mövsüm dəyişikliklərinin uşaqların orqanizminə təsiri, bu dövrdə daha çox rast gəlinən xəstəliklər və profilaktik tədbirlərlə bağlı sualları cavablandırıb.

Pediatr bildirib ki, mövsümi keçidlər zamanı hava temperaturunun kəskin dəyişməsi, rütubət və günəş işığının azalması uşaqların orqanizminə təsir göstərir. Onun sözlərinə görə, uşaqların immun sistemi temperatur və rütubət dəyişikliklərinə böyüklərlə müqayisədə daha həssasdır. ShopByBro

Həkim qeyd edib ki, payız-qış aylarında virus infeksiyalarının artımını yalnız fəsillərin dəyişməsi ilə əlaqələndirmək düzgün deyil. Belə ki, yay tətilindən sonra uşaqların məktəb və bağçalara qayıtması, qapalı məkanlarda daha çox vaxt keçirməsi və sıx təmasda olması yoluxma riskini artırır.

N.Hüseynova mövsüm keçidlərinin mənfi təsirlərini azaltmaq üçün valideynlərə uşaqları bir qalın paltar əvəzinə bir neçə qat pambıq geyimlə təmin etməyi tövsiyə edib. O, həmçinin uşaqların qidalanmasında C vitamini, sink və antioksidantlarla zəngin məhsullara üstünlük verilməsinin vacibliyini vurğulayıb.

Pediatrın sözlərinə görə, keyfiyyətli yuxu immun sisteminin dəstəklənməsində mühüm rol oynayır. Bu baxımdan uşaqların hər gün eyni saatda yatması və yaşlarına uyğun müddətdə dincəlməsi vacibdir. Həkim havalar soyuduqca su qəbulunun azalmasına baxmayaraq, uşaqların kifayət qədər maye qəbul etməsinə diqqət yetirilməsini də tövsiyə edib.

O bildirib ki, infeksiyaların yayılmasının qarşısını almaq üçün uşaqlara əllərini ən azı 20 saniyə sabunla yumaq öyrədilməli, evin havası müntəzəm dəyişdirilməli, otaqda rütubət 40-60 faiz arasında saxlanılmalıdır. Eyni zamanda, həkim məsləhəti olmadan uşaqlara antibiotik və immunstimullaşdırıcı preparatların verilməsinin düzgün olmadığını qeyd edib.

Pediatr payız-qış aylarında uşaqlarda daha çox kəskin respirator virus infeksiyaları, qrip, rotavirus, allergik rinit, bronxit, bronxial astma, faringit və tonzillit kimi xəstəliklərin müşahidə oluna biləcəyini deyib.

Mövsüm dəyişikliklərinin uşaqların qidalanma vərdişlərinə də təsir etdiyini bildirən həkim qeyd edib ki, havalar soyuduqca orqanizm daxili hərarəti qorumaq üçün daha çox enerji sərf edir. Bu səbəbdən uşaqlarda iştah arta, un məmulatlarına, şirniyyatlara və karbohidratla zəngin qidalara meyl güclənə bilər. Soyuq aylarda uşaqlar daha çox isti şorba, püre və ətli yeməklərə üstünlük verirlər.

N.Hüseynova mövsüm dəyişikliyinin uşaqların diqqət və konsentrasiya qabiliyyətinə də təsirsiz ötüşmədiyini vurğulayıb. Onun sözlərinə görə, günlərin qısalması, günəş işığının azalması, yuxu rejiminin dəyişməsi və fiziki fəallığın aşağı düşməsi uşaqlarda halsızlıq, həvəssizlik və zehni yorğunluq yarada bilər. Bu hallar onların dərslərə diqqətini cəmləməsini çətinləşdirir.

Xəstələnmə hallarının azaldılması üçün profilaktik tədbirlərin əhəmiyyətinə toxunan pediatr mövsümi qrip peyvəndinin və Milli Peyvənd Təqviminə uyğun peyvəndlərin vacibliyini diqqətə çatdırıb.

Həkim valideynlərə uşaqları soyuq havadan tamamilə təcrid etməməyi də tövsiyə edib. Bildirib ki, küləksiz və yağışsız günlərdə hava soyuq olsa belə, gündə 30-40 dəqiqə açıq havada gəzmək faydalıdır. Onun sözlərinə görə, evdə temperaturun 20-22 dərəcə arasında saxlanılması, uşaqların burun selikli qişasının fizioloji məhlulla təmizlənməsi də profilaktik tədbirlər sırasında yer alır.

Pediatr sonda valideynləri uşaqların sağlamlığına mövsüm dəyişiklikləri zamanı daha diqqətlə yanaşmağa, düzgün qidalanma, yuxu və gigiyena qaydalarına əməl etməyə çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!