Hər il yeni test toplularının nəşr edilməsi artıq böyük bir biznesə çevrilib və bu prosesin başında Dövlət İmtahan Mərkəzi (DİM) dayanır.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirib. Onun sözlərinə görə, DİM-in imtahan proqramına uyğun olaraq bütün kurslar, müəlliflər və dərs vəsaiti hazırlayanlar mərkəzin atdığı addımlara əsasən hərəkət edirlər:
“DİM hər bir fənn üzrə yenilik və ya dəyişiklik etdikdə – məsələn, hansısa mövzunu çıxarıb başqasını əlavə etdikdə – abituriyentlərə dərhal yeni test bankı təqdim olunur. Əgər heç bir dəyişiklik edilməzsə, DİM-in keçən ilki nəşrləri öz qüvvəsini qoruyar və abituriyentlərin istifadəsinə yararlı olar. Lakin bu məsələdə bəzi hallarda zəruri, bəzi hallarda isə subyektiv dəyişikliklər edilir. Məsələn, 10 il əvvəl proqramdan çıxarılan vurğu mövzusu indi yenidən daxil edilir. Marqarita pizza
Bu cür dəyişikliklər yeni vəsaitlərin nəşr olunmasını və abituriyentlərin də məcburən onları almasını tələb edir. Nəticədə, bir ailədə böyük övlad keçən il həmin vəsaitdən istifadə etsə də, proqram dəyişdiyi üçün kiçik övlada yenisini almaq məcburiyyəti yaranır. Buradakı strategiya birbaşa kommersiya xarakteri daşıyır. Bu proses, təbii ki, özəl kursların da işinə yarayır; onlar da öz vəsaitlərinin 4-cü, 5-ci nəşrlərini satışa çıxarırlar. Nəticədə zərər çəkən tərəf valideynlər olur. Təbii ki, elmdə və təhsildə yeniliklər olmalı, müasirliyə doğru addımlar atılmalıdır. Lakin bu, hər il baş verməməlidir. Məsələn, SAT və ya Almaniyanındakı Abitur imtahanlarına nəzər salsaq, hər il dəyişiklik edilmədiyini görərik. Bizdə isə demək olar ki, hər il müəyyən fənlərə dəyişikliklər edilir”.
Ekspert qeyd edib ki, ölkədə təxminən 120 min abituriyent müraciət edir və onların hər biri bu vəsaitləri əldə edir:
“9, 10 və 11-ci sinif şagirdlərini nəzərə alsaq, təxmini hesablamalara görə, hər il sadəcə bu test kitablarına 25-30 milyon manat vəsait xərclənir. Nəzərə almaq lazımdır ki, ötən ilin kitabı ilə yeni nəşr arasında çox cüzi fərqlər olur. DİM şagirdlərin hər il yeni kitab almaq məcburiyyətində qalmaması üçün PDF formatında onlayn resurslar təqdim etsə də, bu, abituriyentlər üçün rahat hesab olunmur. Çünki kağız üzərində qeydlər və qaralamalar aparmaq mümkün olmadığı üçün çap olunmuş kitabı almaq daha əlverişlidir. Müqayisə üçün qeyd edək ki, məktəb dərslikləri Elm və Təhsil Nazirliyi tərəfindən pulsuz paylanılır və uzun illər dəyişmir. Lakin İmtahan Mərkəzi ödənişli əsaslarla fəaliyyət göstərdiyi üçün hər il yeni nəşrlər ərsəyə gətirməkdə davam edir”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız