İtaliyanın Sardiniya adasında yerləşən kiçik bir qəsəbədə evləri cəmi 1 avroya kirayələmək mümkündür. Lakin bu fürsətdən yararlanmaq istəyənlərdən puldan başqa bir şey tələb olunur.
“Yeni Sabah” xəbər verir ki, Ollolai bələdiyyəsi “Work From Ollolai” proqramı çərçivəsində xarici ölkələrdən gələn şəxslərə bir ay müddətinə simvolik qiymətə ev kirayələmək imkanı yaradır. Proqramın əsas məqsədi müxtəlif sahələrdə çalışan mütəxəssislərin bilik və təcrübələrini yerli sakinlərlə bölüşməsidir.
Proqramda iştirak etmək hüququ qazanan şəxslər öz ixtisasları üzrə yerli sakinlər üçün açıq görüşlər keçirməli, dərslər təşkil etməli və ya müxtəlif layihələr hazırlamalıdırlar. Bununla qəsəbə sakinlərinin yeni peşələr, rəqəmsal iş imkanları və fərqli mədəniyyətlərlə tanış olması nəzərdə tutulur. Toyuqlu pizza
Proqrama müraciət edənlərin peşə təcrübəsi əsas götürülür. Xüsusilə texnologiya, media, maliyyə, daşınmaz əmlak və memarlıq sahələrində çalışan mütəxəssislər, eləcə də sahibkarlar dəvət olunur. Bundan başqa, sənətçilər, yazıçılar, musiqiçilər, alimlər və akademiklər də müraciət edə bilərlər.
İştirakçılar boş evlərin olmasından asılı olaraq bir və ya iki yataq otağı olan mənzillərdə qala bilərlər. Ev sahibi ilə cəmi 1 avro məbləğində kirayə müqaviləsi bağlanır. Qalma müddəti ən çoxu bir ay müəyyən edilib. Daha uzun müddət qalmaq istəyənlərin müraciətlərinə isə ayrıca baxılır.
Qeyd edək ki, 1 avroluq ödəniş yalnız evin kirayəsinə aiddir. Qidalanma, kommunal xidmətlər, depozit və nəqliyyat xərclərini iştirakçılar özləri qarşılamalıdırlar. Bələdiyyə viza və vergi məsələlərində dəstək göstərmir. Buna görə də müraciət edənlər səfərdən əvvəl bütün zəruri şərtləri araşdırmalıdırlar.
Uzunömürlü insanların yaşadığı Sardiniyanın “Mavi zona” adlanan ərazisində yerləşən Ollolai əvvəllər 1 avroya ev satışı ilə də tanınıb. Qəsəbədə daimi yaşamaq istəyənlər üçün nəzərdə tutulan bu satış proqramı bir aylıq kirayə təşəbbüsündən ayrıdır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız