İfrat yemək-içmək, “şurum-burum”, qulaqbatıran gurultu...   - Belə toy olar?!

saytların hazırlanması

Evə çatdırılma

İfrat yemək-içmək, “şurum-burum”, qulaqbatıran gurultu... - Belə toy olar?!

Sosial

23 Fevral 2023 17:15 1792


“Xalqımın toy kimi bir adəti var, bu cür el adətinə hörməti var”. Bu sitat yəqin ki, hamımıza “Bəyin oğurlanması” filmindən tanışdır.

Bu gün keçirilən müasir toylarımız isə keçmiş toylardan tamamilə fərqlənir. Rayon toylarında müəyyən qədər adət-ənənə yaşadılsa da, demək olar ki, paytaxtdakı toyların bu adətlərdən uzaq düşdüyünün şahidi oluruq. 

Maraqlıdır, keçmiş və müasir toylarımız arasındakı fərqlər nədən ibarətdir? Pepperoni pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil bildirib ki, müasir toylar qədim adət-ənənələrdən sürətlə uzaqlaşır: 

“Toy adətlərimiz geniş bir mövzudur və onların mövcud şəraitə görə dəyərləndirilməsi də aktual bir məsələdir. Ənənəvi mədəniyyət mütəxəssislərinin mövqeyi belədir ki, ənənəyə müdaxilə etmək doğru deyil. Amma bizim toylarımızın təhlilinə və ənənəvi adətlərin təbliğinə ehtiyac var. Hazırda məhdud çərçivədə keçirilən çadır toyları da, şadlıq sarayı toyları da ənənədən uzaqlaşmaqdadır. Saray toyları bu yöndə bir addım öndədir. Toylardakı israfçılıq, toyun “konfranslaşması”, yad elementlərin toy mərasiminə daxil olması, “müasirləşmə”, “avropalaşma”, ifrat dərəcədə yemək-içmək, həddindən ziyadə gurultu və s. onları ənənədən ayırır və yad məcraya yönəldir Bunları toyda səslənən yabançı musiqidən, yorucu, yeknəsəq tamada çıxışından icra edilən qeyri-milli oyunlara qədər (məsələn, “şurum-burum”) genişləndirmək olar. Reallıq bundan ibarətdir ki, toylarda bir tərəfdən ənənəvi adətlərimiz icra edilmir, digər tərəfdən də onların yerinə yad adətlər əlavə edilir”. 

Onun sözlərinə görə, hazırda adət-ənənələrimiz tamamilə unudulub demək də düzgün deyil. Paytaxtda olmasa da, bəzi bölgələrdə adətlər hələ də yaşanmaqdadır:

“Adətlərimiz tamamilə unudulmayıb. Təbii arxaikləşmə nəticəsində passivləşən və ya lokallaşan adətlərimiz var. Lokallaşma deyərkən adətlərin hansısa bölgədə hələ də aktiv olduğunu, arxaikləşmədiyini nəzərdə tuturam. Ona görə də adətlərimiz bütün bölgələrdə öyrənilməlidir. Müşahidələr göstərir ki, el şənliklərində, bayram mərasimlərində olan bəzi oyunlar, adətlər artıq arxaikləşib. Daha çox simvolik xarakterli belə adətlərin icra olunması müasir insanlara əhəmiyyətsiz görünür, tədricən icra edilmir. 

Toylarda paltar kəsdi, bel bağlama, yol kəsmə, güzgü tutma, qab sındırma, nəmər atma, şax bəzəmə, bəybaşı və s. kimi onlarla adət, əsasən, arxaikləşmə prosesi içindədir. 

Onu da qeyd etmək lazımdır ki, dövlət müstəqilliyimizin bərpasından sonra mərasim mədəniyyətimizin də aktual problemləri öz müsbət həllini tapmağa başladı. Məraimlər, el şənlikləri, bayramlar, toy adətləri daha təntənəli şəkildə və ənənəyə uyğun təşkil olunmağa yönlənmiş oldu, bir sıra passivləşən adətlərin yenidən aktivləşdirilməsinə və populyarlaşdırılmasına təşəbbüs göstərildi. 

Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin, o cümlədən adət və ənənələrin qorunması sahəsində Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın ardıcıl fəaliyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Çünki bu fəaliyyət nəticəsində milli mədəniyyətimizin bir çox nümunələri himayə edilmiş, qorunmuş və təbliğ edilərək yeni nəslin yaddaşına və könül dünyasına daxil edilib, gələcək nəsillərə də itkisiz və zədəsiz bir şəkildə çatdırılması təmin edilib”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!