İlham Əliyev müharibənin bitəcəyi vaxtdan danışdı: “Münaqişə indi həll olunmalıdır”
03 Okt 2020 10:58
91949

İlham Əliyev müharibənin bitəcəyi vaxtdan danışdı: “Münaqişə indi həll olunmalıdır”

“Lakin atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu günlərdə mənə zəng vuran liderlərə bu mesajı çatdırmağa çalışıram ki, başlayan Azərbaycan tərəfi olmayıb. Biz özümüzü müdafiə etməli idik. Əgər biz bu dəfə etdiyimiz kimi cavab verməsəydik, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Hələ də itkilərimiz çoxdur”.

“Yeni Sabah” xəbər verir ki, bunu Prezident İlham Əliyev “Əl-Cəzirə”yə müsahibəsində deyib.

Prezident bildirib ki, eermənilər bizim kəndlərə, insanlarımıza hücum edir, bacardıqları qədər çox azərbaycanlı öldürmək istəyirlər. “Dünən onlar Ermənistan ərazisindən uzaq məsafəli raketlərdən istifadə etməyə başladılar. Bununla da onlar istifadə etdikləri bu silahları Azərbaycan üçün qanuni hədəfə çevirirlər və biz bu hədəfləri məhv etməliyik. Sonra isə onlar bizi günahlandıracaqlar ki, biz Ermənistan ərazisinə hücum edirik. Onlar bunu istəyirlər. Onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirlər ki, bu tərəflər onları müdafiə etsinlər və onlar üçün daha 30 illik qanunsuz işğalı təmin etsinlər. 

Atəşkəs – yaxşı, bəs, hansı şərtlərlə? Şərtlər belə olmalıdır ki, onlar ərazilərdən çıxmalıdırlar. Mən 2 gün bundan əvvəl dedim ki, qoy onlar çıxmağa başlasınlar, qoy çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik. Bu hərbi toqquşma bizim nəyimizə lazımdır? Bizə torpaqlarımızın sülh yolu ilə geri qayıtması lazımdır. Biz sülh yolu ilə həllə istəkli olduğumuzu 28 il ərzində nümayiş etdirdik. Bu 28 il ərzində toqquşmaların olduğu vaxtlar oldu və ən böyüyü indidir. Daha biri 4 il bundan əvvəl olmuşdu. Beləliklə, bu, bizim mövqeyimizdir və Ermənistan tərəfdən siyasi və hərbi təxribatlar barədə dediklərimi nəzərə alsaq, düşünürəm ki, bu, tamamilə ağlabatandır”.

Prezident “Hazırda vəziyyət necədir? Ruslar, iranlılar, türklər, fransızlar, amerikalılar münaqişə ilə bağlı narahatlığını ifadə edirlər. Bu münaqişə nə vaxtsa regional ola bilərmi?” sualına belə cavab verib: “Mən belə düşünmürəm. Zənnimcə, bunun üçün əsas yoxdur və biz bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı feyk xəbərlər icad edirlər. 

Lakin, eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər. Ona görə də mən elə hiss edirəm ki, hazırda, döyüş meydanında çox ciddi məğlubiyyətlə üzləşdikləri bir vaxtda, onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakin mən əminəm ki, qeyd etdiyiniz ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələr arasında Türkiyə, Rusiya, İran region ölkələridir. Digər ölkələrin bura ilə, regionla əlaqəsi yoxdur. Onlar region ölkələri deyil. Onların danışıqlara şərait yaratmaqla bağlı mandatı var, çünki bu, 1992-ci ildə baş verib. 

Biz, şəxsən mən Minsk qrupunun belə tərkibdə olmasına görə cavabdeh deyilik. Sözsüz ki, əgər biz sülhə şərait yarada biləcək hər hansı kontakt qrupunun tərkibi ilə bağlı bu gün qərar versəydik, əlbəttə, tərkib tamamilə fərqli olardı. Mən konkretləşdirmək istəmirəm, lakin bəzi ölkələrin qərəzli davranışı səbəbindən həmin qrupda yeri olmazdı. Beləliklə, biz, xüsusilə region ölkələrinin münaqişədən kənar durması, heç bir halda münaqişəyə müdaxilə etməməsi üçün əlimizdən gələni etməliyik və Ermənistana xəbərdarlıq etməliyik – işğalı dayandır. İşğalı dayandır və onda siz xeyrini görəcəksiniz. Onda siz uzun illər ərzində bu təcavüz səbəbindən Ermənistan rəhbərliyinin Ermənistanı məhrum etdiyi iqtisadi, investisiya, enerji və nəqliyyat sahələrində regional layihələrə inteqrasiya edəcəksiniz. 

Beləliklə, biz bu münaqişənin mümkün qədər tez bir zamanda dayanması, həllin mümkün qədər tez tapılması üçün əlimizdən gələni etməliyik. Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər