“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

Maraqlı

05 Oktyabr 2026 14:34 216


Bakıda son üç gündə hava sanki bir gecənin içində dəyişib. Bir neçə gün əvvəl küçədə nazik geyimlə gəzmək mümkün idisə, indi səhər saatlarında soyuq hava, güclü külək bəzən yağış özünü ciddi şəkildə hiss etdirir. Artıq bəzi paytaxt sakinləri kombini yandırıb, bəziləri isə “hələ tezdir” deyərək gözləyir.

“Yeni Sabah” xəbər verir ki, oktyabrın ilk günlərində Bakıda temperaturun kəskin enməsi ilə mənzillərdə istilik məsələsi də yenidən gündəmə gəlib. Mütəxəssislərin fikrincə, kombinin nə vaxt yandırılmasından daha çox, evdə temperaturun və rütubətin hansı səviyyədə saxlanılması əhəmiyyətlidir. Xüsusilə yağışlı və rütubətli havalarda mənzilin uzun müddət soyuq qalması divarlarda kondensasiya və nəmlik problemini artıra bilər.

Həkimlər də qeyd edir ki, yüksək rütubət və kifayət qədər havalandırmanın olmaması evlərdə kif, bakteriya və digər bioloji çirkləndiricilərin yaranmasına şərait yarada bilər. Marqarita pizza

Bu baxımdan kombini mümkün qədər gec yandırmaq daha qənaətlidir yanaşması hər mənzil üçün doğru deyil. Əgər ev artıq həddindən artıq soyuyursa, xüsusilə xarici divarlarda və pəncərə ətrafında nəmlik yaranırsa, istiliyi tamamilə söndürmək əvəzinə mənzildə sabit və komfortlu temperatur saxlamaq daha məqsədəuyğundur.

Eyni zamanda, istilik sistemi işləyərkən otaqları qısa müddət havalandırmaq da vacibdir. Bakıda mənzillərin istilik məsələsində bina tipinin də böyük rolu var.

Yeni tikililərin əksəriyyətində mənzil daxilində fərdi kombi sistemi və radiatorlar quraşdırılır. Bu halda sakin istiliyin vaxtını və temperaturunu özü müəyyən edə bilir. Binanın istilik izolyasiyası da yaxşıdırsa, mənzil daha gec soyuyur və kombinin fasiləsiz işləməsinə ehtiyac azalır.

Köhnə binalarda isə vəziyyət bir qədər fərqlidir. Bir çox binada mərkəzləşdirilmiş istilik sistemi tətbiq olunur və sakinlər istiliyin nə vaxt veriləcəyini fərdi qaydada müəyyənləşdirə bilmirlər. “Azəristiliktəchizat” ASC-nin məlumatına görə, istilik mövsümü hər il noyabrın 15-dən başlayır və növbəti ilin aprelin 15-dək davam edir. Hazırda qurumun istilik şəbəkəsinə 3800-dən çox yaşayış binası qoşulub. Bu isə o deməkdir ki, havaların oktyabr ayında qəfil soyuması köhnə binalarda yaşayan sakinlər üçün müəyyən narahatlıq yaradır. Çünki temperatur aşağı düşsə də, mərkəzləşdirilmiş istilik sistemi hələ işə salınmayıb. Nəticədə sakinlər mənzili elektrik qızdırıcısı, kondisioner və digər fərdi isitmə vasitələri ilə qızdırmağa məcbur qalırlar.

Bəs mənzildə kombini gec yandırmaq sağlamlıq və evin vəziyyəti baxımından problem yarada bilərmi?

Mütəxəssislərin fikrincə, burada əsas məsələ kombinin hansı tarixdə yandırılması deyil, mənzildə temperatur və rütubətin hansı səviyyədə olmasıdır. Ev uzun müddət soyuq qaldıqda, xüsusilə yağışlı və rütubətli havalarda divarlarda və pəncərə ətrafında kondensasiya yaranır. Bu isə zamanla nəmlik və kif probleminə səbəb olur.

Yüksək rütubət və kif isə tənəffüs yollarında qıcıqlanma, allergik şikayətlərin artması və xüsusilə həssas insanlarda müxtəlif narahatlıqlar yaradır. Buna görə də mənzili həddindən artıq soyutmaq və istiliyi yalnız çox üşüdükdən sonra işə salmaq məsləhət görülmür.

Digər tərəfdən, otaqların həddindən artıq qızdırılması da düzgün yanaşma hesab edilmir. Quru hava burun və boğazda quruluq, dəridə quruluq və narahatlıq yarada bilər. Buna görə evdə sabit və komfortlu temperaturun saxlanılması, eyni zamanda otaqların mütəmadi havalandırılması daha məqsədəuyğundur.

 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!