“Uşaqlıq travmaları, valideyn-övlad münasibətlərində yaşanan problemlər insanın gələcək xarakterinə və həyatına ciddi təsir göstərə bilər. Hətta bu təsirlər insanın övlad sahibi olmaq istəyinə qədər uzana bilər. Elə insanlar var ki, uşaqlıqda valideynlərindən aldıqları ağır travmalara görə özləri də valideyn olmaqdan qorxurlar. Onlar böyüdükləri ailədə gördükləri münasibəti öz övladlarına göstərməkdən çəkinirlər. Bu qorxu bəzən şüurlu, bəzən isə şüuraltı şəkildə özünü büruzə verir. Məsələn, bəzi insanlar açıq şəkildə ailə qurmaq və övlad sahibi olmaq istəmədiklərini deyirlər. Səbəbini soruşduqda isə konkret cavab verə bilmirlər, sadəcə ailə və valideynliklə bağlı qorxularının olduğunu bildirirlər”.
Bunu “Yeni Sabah”a psixoloq Fərqanə Mehmanqızı deyib.
O bildirib ki, insanın uşaqlıqda yaşadığı maddi və mənəvi çətinliklər gələcəkdə öz övladına münasibətində də özünü göstərir: Online alış-veriş
“Bununla yanaşı, şüuraltı qorxular da mövcuddur. Bəzi hallarda qadın və ya kişi tibbi müayinədən keçir, həkimlər hər hansı fiziki problemin olmadığını, onların valideyn ola biləcəyini bildirirlər. Lakin buna baxmayaraq, övlad sahibi olmaq mümkün olmur. Belə vəziyyətlərdə psixoloji amillərin də rolu ola bilər. Psixologiyada sonsuzluğa təsir edən səbəblər arasında psixoloji faktorlar da müzakirə olunur. Bəzən insanın valideyn olmaqla bağlı şüuraltı qorxuları bu prosesə təsir göstərə bilər.
Digər tərəfdən, insanın uşaqlıqda yaşadığı maddi və mənəvi çətinliklər gələcəkdə öz övladına münasibətində də özünü göstərir. Məsələn, uşaqlıqda istədiyi oyuncaqları, geyimləri ala bilməyən və ya müəyyən imkanlardan məhrum olan insan böyüdükdən sonra övladına həddindən artıq çox şey almağa çalışır. Onu bütün kurslara yazdırmaq, ən bahalı geyimləri almaq, hər istəyini yerinə yetirmək istəyir. Bunu edərkən isə əslində öz uşaqlıq məhrumiyyətlərini kompensasiya etməyə çalışır. Lakin unudur ki, bu davranış da uşağın şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərə bilər. Hər istəyi dərhal yerinə yetirilən, heç bir məhdudiyyətlə qarşılaşmayan uşaqda eqosentrik davranışlar və narsistik xüsusiyyətlər formalaşa bilər”.
Psixoloq qeyd edib ki, bəzən valideynlər özlərində olan mənfi xüsusiyyətləri övladlarında gördükdə buna dözə bilmirlər:
“Övladlarının da onlar kimi olacağından qorxaraq uşağa qarşı aqressiv davranmağa başlayırlar. Hətta bu qorxu fiziki və psixoloji şiddətə qədər gedib çıxa bilir. Beləliklə, valideyn öz uşaqlıq təcrübələrinin təsiri altında övladına zərər vermiş olur. Burada əsas problem valideynin öz davranışlarında tarazlığı qoruya bilməməsidir.
Ona görə də hər şeyin həddində olması vacibdir. Uşağa nə həddindən artıq sevgi və qayğı göstərmək, nə də bunları ondan əsirgəmək doğrudur. Eyni zamanda, onun istəklərini hər zaman yerinə yetirmək, bütün maddi tələbatlarını qarşılamaq da düzgün yanaşma deyil. Sevgi, diqqət, qayğı və maddi imkanlar arasında tarazlıq qorunmalıdır. Unutmamalıyıq ki, hər bir uşaq ayrıca şəxsiyyətdir və ona bu cür yanaşmaq lazımdır. Əks halda, gələcəkdə ciddi problemlərlə qarşılaşmaq mümkündür”.
F.Mehmanqızı bildirib ki, yaşından asılı olmayaraq, hər bir insanın psixoloqa müraciət etməsi faydalıdır:
“Hətta artıq yetkin övladları olan valideynlər də öz daxili suallarına cavab tapmaq üçün mütəxəssisə müraciət etməlidirlər. İnsanın valideynləri, övladları, həyat yoldaşı, dostları və ya özü ilə münasibətlərində cavabsız sualları varsa, bunları aydınlaşdırmağa çalışmalıdır. Çünki insan öz daxilindəki suallara cavab tapdıqca hadisələrə daha məntiqli yanaşa bilir və davranışlarını daha yaxşı idarə etməyi öyrənir.
İnanın ki, 50, 55, 60, hətta 70 yaşında olan insanlar da uşaqlıqda yaşadıqları problemlərin təsirindən çıxa bilməyə bilərlər. Bəzən artıq öz övladları böyüyüb valideyn olsa belə, həmin insan nə övladı, nə də nəvələri ilə sağlam münasibət qura bilir. Çünki onun daxilində hələ də cavabsız qalan suallar, həll olunmamış problemlər var. Bu məsələlər insanın yaşından, övladının neçə yaşında olmasından asılı deyil. Daxilindəki problemlər onu narahat etməyə davam edir və həmin narahatlıq zamanla aqressiv davranışlara səbəb ola bilir”.
Aydan Hacı
Telegram kanalımız