Koronavirus turizm sektorunu çökdürüb
17 Apr 2020 15:07
177

Koronavirus turizm sektorunu çökdürüb

2020-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 519,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,0 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə cari il fevralın 29-dan İran, martın 14-dən Gürcüstan, martın 15-dən Türkiyə, martın 18-dən Rusiya Federasiyası arasında dövlət sərhədində məhdudlaşdırıcı rejim, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlər tətbiq olunduğuna görə cari ilin mart ayında ölkəmizə gələnlərin sayında müşahidə olunmuş kəskin azalma ilə bağlı olub. Belə ki, cari ilin mart ayında ölkəmizə gələnlərin sayı əvvəlki ayla müqayisədə 53,4 faiz, ötən ilin mart ayı ilə müqayisədə isə 62,2 faiz azalıb.

Yenisabah.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin birinci rübündə gələnlərin 30,3 faizi Rusiya Federasiyası, 28,3 faizi Gürcüstan, 11,7 faizi Türkiyə, 5,9 faizi İran, 2,4 faizi Hindistan, 2,3 faizi Səudiyyə Ərəbistanı, 2,0 faizi Ukrayna, hər birindən 1,5 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, 1,4 faizi Küveyt, 1,3 faizi Qazaxıstan, 1,2 faizi Türkmənistan, 1,0 faizi İraq, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi Özbəkistan, 0,7 faizi İsrail, 6,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 73,0 faizini kişilər, 27,0 faizini isə qadınlar təşkil edib. 2020-ci ilin birinci rübündə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 62,4 faiz, Çindən - 52,7 faiz, İrandan - 45,9 faiz, Omandan - 45,0 faiz, İraqdan - 41,0 faiz, ABŞ-dan - 31,7 faiz, İspaniyadan - 29,7 faiz, Qətərdən 27,8 faiz, İtaliyadan - 27,3 faiz, Niderlanddan - 23,2 faiz azalıb. Ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 36,3 faiz azalaraq 68,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22,0 faiz azalaraq 14,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,3 faiz azalaraq 189,6 min nəfər olub. Bildirək ki, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,9 faizi dəmir yolu və avtomobil, 33,8 faizi hava, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı isə 23,3 faiz azalaraq 932,5 min nəfər olub. Ölkə vətəndaşlarının 34,1 faizi İrana, 30,0 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 5,7 faizi isə digər ölkələrə səfər etmişdir. Gedənlərin 68,5 faizini kişilər, 31,5 faizini qadınlar təşkil edib.Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,8 faiz, Türkiyəyə gedənlərin sayı 23,8 faiz, Gürcüstana gedənlərin sayı 16,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 13,8 faiz azalıb. 2020-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,9 faizi dəmir yolu və avtomobil, 16,2 faizi hava, 0,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

 

Oxşar xəbərlər