Mingəçevirdən dinozavr sümüyü tapılıb - FOTO

Mingəçevirdən dinozavr sümüyü tapılıb - FOTO

Rəsmi Veb saytların hazırlanması

14 Fevral 2019 21:30 1089


Mingəçevir şəhərinin 80 yaşlı sakini Allahverdi Əliyev evində saxladığı nəhəng sümük parçasının dinozavra aid olduğunu iddia edir. O, 15 kiloqrama yaxın çəkisi, fərqli görünüşü olan sümüyün nəsli kəsilmiş canlıya məxsus olduğu qənaətindədir.

A.Əliyev sümüyün mərhum oğlu tərəfindən Mingəçevir Su Anbarının altında qalan, Samuxun keçmiş Öcək kəndi yaxınlığında tapdığını deyib: "Dədə-baba yurdlarımız su anbarının altda qalıb. Biz də zaman düşdükcə gedib kəndimizi, uzaqdan da olsa, ziyarət edirik".

Onun sözlərinə görə, tapılan sümüklə bağlı hər kəs fərqli fikir söyləyir: "Kimi dinozavr sümüyü olduğunu, kimi də mamonta aid olduğunu dedi. Oğlum dəqiqləşdirmək üçün Bakıya laboratoriyaya aparmaq istəyirdi, lakin avtomobil qəzasında erkən dünyasını dəyişdi. Mən də bir xatirə kimi saxladım, heç yerə vermədim".

Mingəçevir sakini sümüyün tapıldığı ərazinin də hazırda su altında qaldığını bildirib.

Qeyd edək ki, alimlər dinozavrların, ümumiyyətlə, Qafqaz ərazisində yaşamasını mümkünsüz hesab edirlər. Buna səbəb kimi isə Qafqaz ərazisinin su altında olmasını göstərirlər.

Sputnik.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!