İkinci Qarabağ müharibəsinin yekunlaşmasından artıq 2 ilə yaxın zaman keçib. Bu müddətdə Zəfər Tariximiz haqda dərsliklərin hazırlanacağı, orta məktəblərdə bu mövzu haqda tədrisin həyata keçiriləcəyi haqda fikirlər var. Bu, mühüm məsələdir.
Bunlardan ən önəmlisi isə məktəblərimizdə keçirilən hərbi hazırlıq dərsləri, gənclərimizdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində praktiki tədrisdir.
Mövzu zaman-zaman gündəmə gəlib. Təhsilimizdə çoxsaylı problemlərdən biri də məhz hərbi hazırlıqla bağlıdır. Bu problemin mahiyyəti daha böyükdür. Dördpendirli pizza
Sualımız isə qətidir: Azərbaycanda orta məktəblərdə hərbi hazırlıq dərsləri necə keçirilir? Problemlər nədir? Çıxış yolu nələr olmalıdır? Vətənpərvərlik hissinin aşılanması üçün daha nə lazımdır?
Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib ki, biz bu məsələləri ümumi qiymətləndirsək, gənclərimiz üçün ən böyük nümunə 44 günlük müharibə oldu.
O, əlavə edib ki, müharibələr, əslində, hərbi əməliyyatların laboratoriyası, zirvəsi sayılır:
“Nəticə etibarilə, gəncliyimiz üçün 44 günlük müharibəmizin xalqımıza yaşatdığı qələbə hissindən böyük bir hiss ola bilməz. Gəncliyimiz başqa bir gənclik olacaq və onlarda vətənpərvərlik dalğası fonunda bu gün heç bir proses baş verməsə də, qalibiyyət dalğası bizim müasir gəncliyimizin 50-100 il irəlisini müəyyən edəcək. Çünki bir çox ölkələrin çoxu müharibə qalibiyyətlərini bizim kimi görmədiyi üçün gəncliyimiz bu yöndə şanslıdır”.

Gələcəkdə də təhlükələrin ola biləcəyindən danışan E. Şıxəliyev deyib:
“Təbii ki, proses belədir ki, biz 44 günlük müharibədə qalıb olandan sonra bu, o demək deyil ki, gələcəkdə təhlükələr olmayacaq. Əslində, bizim ən böyük təhlükəmiz Ermənistan sayılmalıdır.
Doğrudur, zamanında bütün təhlükəsizlik doktrinamız onun üzərinə qurulmuş olsa da, bizi Ermənistandan da artıq təhlükələr bu regionda gözləyə bilər. Bundan dolayı təbii ki, gəncliyimiz daha güclü olmalıdır. Bizim ordumuz kimdir? Gəncliyimiz. Ordumuzun əsas dəstəkləyici komponenti gəncliyimizdir. Xüsusən də səfərbərlik ehtiyatı bizim gənclərimizdən ibarətdir”.
Hərbi analitikin sözlərinə görə, həmçinin, ehtiyata buraxılmış müharibə görən zabitlərin müəllimlərin qismində məktəblərə dəvət edilməsi və praktiki təcrübənin birbaşa əsas şəxsdən uşaqlara ötürülməsi bir nömrəli məsələ ola bilər:
“İkinci bir məsələ məktəblərdə keçirilən hərbi dərslərdə şagirdlərimizin mütləq fərqi silahlarla tanışlığı olmalıdır. Əsgərlik yaşına çatmış kateqoriyamız üçün bu çox vacib bir amildir.
Ona görə də bu biliklər ötürülməlidir. Düşünürəm ki, istər Müdafiə Nazirliyi, istərsə də Gənclər və İdman Nazirliyi və Elm və Təhsil Nazirliyi səviyyəsində bu tədbirlərin hamısı davamlı əlaqədə təşkil olunmalıdır. Bz bilməliyik ki, bu regionda bizim güclü orduya malik olmaqdan başqa çıxış yolumuz yoxdur”.
Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə mövcud durumdan gileylənib. O, deyib ki, bu iş daha yaxşı qurula bilərdi:
“Əgər Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi və digər qurumlarla əlaqəli olsaydı, çox şey fərqli ola bilərdi.
Bildiyiniz kimi, sentyabrın 27-də bizim 44 günlük savaşımızdan danışacaqlar. Amma 2 il üstündən keçsə də bu qələbənin ayın 15-dən başlayacaq dərslərdə bizim Zəfər Tariximizlə bağlı hansısa xəbər yoxdur. Siz eşitmisiniz bu haqda? Mən şəxsən, ictimaiyyət nümayəndəsi olaraq belə bir şey eşitməmişəm”.

O, deyib ki, əslinə qalsa, bu, dərsliklərə salınmalı və bəzi işlər görülməliydi:
“Amma bu işlər görülməyib. İndi nəyi gözləyirlər?! Üstündən 5 il keçəndən sonra 44 günlük Vətən savaşını dərsliyə salacaqlar?!
Onlar İkinci Qarabağ müharibəsini artıq tədris etməliydilər, dərslərdə bu haqda danışılmalıydı. Axı hamımız demişdik?! Ölkə başçısından tutmuş Elm və Təhsil nazirinə qədər.
Emin Əmrullayevin özü də demişdi ki, biz mütləq bunu dərsliklərə salacağıq. Amma mən hələ bu günə qədər bir kəlmə də eşitməmişəm ki, bizim dərsliklərə bu dərslik salınıb. Bəlkə salınıb, lakin bizim xəbərimiz yoxdur? Salınıbsa, deyilməyibsə, bu, lap pis. Yox, əgər salınmayıbsa, bu, ikiqat ayıbdır”.
“Elə bilirlər ki, sözlə vətənpərvərlik olur. Mən şəxsən, elə düşünmürəm. Vətənpərvərlik əməllə və konkret hərəkətlə olur. Mən elə əməlləri isə təəssüflər olsun ki, görmürəm.
Üstəlik, qazilər və müharibə veteranları ilə bağlı məsələlər hələ də uzadıla-uzadıla gedir. Bu da o qədər xoş təəssürat bağışlamır”, - deyə müsahibimiz yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız