Rusiya hərbçiləri Qarabağı tərk edəcək
26 Fev 2021 17:28
1246

Rusiya hərbçiləri Qarabağı tərk edəcək

"Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da geniş mətbuat konfransı keçirdi. İlham Əliyev 4 saat ərzində 35 jurnalistin 50 sualına cavab verdi. Bu mətbuat konfransına böyük ehtiyac var idi. Çünki, müharibə bitdikdən sonra xeyli suallar yaranmışdı. Birincisi, İlham Əliyev dedi ki, Dağlıq Qarabağda yerləşən Rusiya hərbçilərinin bölgədəki fəaliyyəti müvəqqəti xarakter daşımalıdır. 10 noyabr bəyanatına görə rusiyalı hərbçilər Dağlıq Qarabağda 5 il xidmət edəcəklər. İlham Əliyevin sözlərindən aydın oldu ki, rəsmi Bakı 5 ildən sonra vəziyyətə uyğun qərar verə bilər".

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Rusiya hərbçiləri 5 ildən sonra Dağlıq Qarabağaı tərk edə bilərlər:

"Azərbaycan cəmiyyəti də Rusiya hərbçilərinin Dağlıq Qarabağda uzun müddət qalmasını istəmir. Prezident etiraf etdi ki, rusiyalı hərbçilərin fəaliyyəti ilə bağlı bəzən suallar yaranır. İkincisi, İlham Əliyev Rusiyanın siyasətindən narazı qaldığını bildirdi və dedi ki, Rusiya Ermənistana pulsuz silahlar göndərib və Ermənistan ordusunun yenidən qurmaq istəyir. İlham Əliyev Moskavaya müraciətində dedi ki, Rusiya Ermənistana verdiyi “İsgəndər” raketlərini geri almalıldır, çünki bu, bölgədə müharibə risqini artırır. Üçüncüsü, İlham Əliyev dedi ki, rəsmi Bakı Türkiyənin Ermənistanla sərhəddi açmasına etiraz etməyəcək. Türkiyə 1993-cü ildə Ermənistanla sərhəddi Kəlbəcərin işğal olunmasına etiraz olaraq bağlamışdı. Kəlbəcər artıq azad olunub. Ona görə də Türkiyə Ermənistanla sərhəddi aça bilər. Ancaq Ankara bu qərarı hələ verməyəcək. Çünki, Ermənistanın Türkiyəyə qarşı da ərazi iddiası var".

Politoloq vurğulayıb ki, Ermənistan və erməni lobbisi Türkiyə əleyhinə siyasət apararaq müxtəlif ölkələrdə “erməni soyqırımının” tanınmasına çalışırlar.Onun fikrincə, bu siyasət davam etdikcə Ankara Ermənistanla sərhəddi açmağa tələsməyəcək:

"Dördüncüsü, İlham Əliyev jurnalistlərin suallarına cavab verərkən dedi ki, azərbaycanlılar Xocalıya və separataçıların işğalda saxladığı digər ərazilərə də qayıadacaqlar. Hazırda həmin ərazilər işğal altındadır. Buna baxmayaraq, İlham Əliyev yaxın illərdə həmin ərazilərin danışıqlar yolu ilə azad olunacağına inanır. Sadəcə, bunun üçün zamana ehtiyac var. Beləliklə, İlham Əliyev geniş mətbuat konfransında bir sıra aktual suallara cavab verdi. Bu Azərbaycan cəmiyyətində müsbət qarşılandı. Əsas odur ki, Azərbaycan zamandan düzgün istifadə edə bilsin. Laçın dəhlizi üzərindən sərhəddin nəzarətə götürülməsi ilə Dağlıq Qarabağda yerdə qalan separatçıların tərksilah olunması da əsas hədəflərimizdən olmalıdır".

Sayad HƏSƏNLİ

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər