“Ruslar Paşinyanı yazıq günə salmağı bacardılar”  - MÜSAHİBƏ
03 Mart 2021 00:49
410

“Ruslar Paşinyanı yazıq günə salmağı bacardılar” - MÜSAHİBƏ

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ilə müsahibəni təqdim edirik:

– Qabil müəllim, Ermənistan silahlı qüvvələrinin baş qərargahının rəhbərliyi öz mövqeyini növbəti dəfə təsdiqləyib. Baş qərargah yenə də hesab edir ki, ölkənin baş naziri Nikol Paşinyan və hökumət mütləq istefa verməlidir. Sizin bu məsələnin gələcək inkişafı ilə bağlı proqnozunuz nədən ibarətdir?

– Əvvəla, mən ordunun siyasiləşməsini, üstəlik siyasi ultimatumla hökumət başçısının vəzifədən getməsini tələb etməsini çox pis qiymətləndirirəm. Konstitusiyada ordunun vəzifələri müəyyənləşdirilib. O, ölkənin müdafiəsi, sərhədlərinin qorunması ilə məşğul olmalı, siyasi proseslərə qarışmamalıdır. Amma indi açıq görünür ki, təşkil edilmiş formada 40 nəfərdən artıq yüksək rütbəli zabit eyni anda ultimativ formada ölkənin nazirinin istefaya getməsini tələb edir. Mən burada kənar ölkənin təsirini açıqca görürəm. Çünki bundan əvvəl Ermənistanın baş naziri Rusiyadan alınmış “İsgəndər-M” raketləri haqqında tənqidi fikirlər söyləmişdi. Əlbəttə, bu tənqidi fikirləri ona hərbi məsələlər üzrə köməkçiləri, digər pozisiya tutan şəxslər çatdırmışdılar. Bu məlumatın əsasında da o öz fikirlərini söyləmişdi. Hər şey də bundan sonra başladı. Paşinyana “İskəndər” raketləri ilə sözləri deməyə təhrik edən hiyləgər Serj Sərkisyan oldu. O qeyd etdi ki, “İskəndər-M”dən vaxtında istifadə olunmayıb. Bu təhrikçi fikirlərə cavab olaraq Paşinyan bildirdi ki, sənin təriflədiyin və sənin aldığın “İskəndər-M”dən atılan raketlərin heç 10 faizi partlamırsa, yaxud hədəfdən 40-45 km aralı düşürsə, mən bununla müharibəni necə apara bilərdim?!

Bundan sonra Ermənistan silahlı qüvvələrinin baş qərargahı, onun tabeliyində olan bir sıra idarə rəisləri, korpus komandirləri baş nazirin istefasını tələb etdilər. Düzdür, müdafiə naziri bu prosesə qoşulmur. O, həm neytrallığını qoruyub saxlayır, həm də baş naziri müdafiə etdiyini bəyan edir. Ən əngəlli məsələ baş qərargah rəisini işdən azad edən baş nazirin prezidentə təqdimatının təsdiq olunmamasıdır. Konstitusiyada göstərilir ki, prezident baş nazirin təqdimatlarını təsdiq və icra etməlidir. Düzdür, bəzilərini geri qaytara bilər, amma geri qaytardıqda əgər baş nazir yenidən təqdimat göndərərsə, artıq bu zaman onu mütləq təsdiq etməlidir. Hazırda Ermənistanda bir konstitusiya burulğanı da yaranıb. Əvvəllər deyirdilər ki, qoy konstitusiyanın bu müddəası haqqında Konstitusiya Məhkəməsi qərar versin. Halbuki bu məsələnin izah edilməsinə ehtiyac yoxdur. Konstitusiyada hər şey aydın yazılıb. Əgər prezident ikinci dəfə təqdimatı icra etmirsə, avtomatik olaraq həmin təqdimat icra olunmağa başlayır. Yəni vəzifədən azad olunması barədə sərəncam verilmiş şəxs vəzifədən azad olunmuş hesab olunur. Bu məsələdə də baş qərargah rəisi dirənir, vəzifədən getmək istəmir.

– Ermənistan Prezidenti Armen Sərkisyanın bu məsələdə tutduğu mövqeni necə qiymətləndirirsiniz?

– Pis qiymətləndirirəm. Bu gün Ermənistanda hakimiyyət böhranının yaranmasında onun da rolu var. Bunu Nikol Paşinyan da martın 1-də keçirilən mitinqdə bəyan etdi. Paşinyan bildirdi ki, ölkənin prezidenti də müxalifətin tərəfinə keçib. Qeyd etdi ki,bu məsələdə məsuliyyətin bir hissəsi prezidentin üzərinə düşür. Prezident baş nazirlə görüşmək istəyib. Xəstə olduğu üçün xahiş edib ki, gəl mənim evimdə görüşək. Görüşüblər, danışıblar və görüşdən belə bir konsensus əldə edilib ki, ölkədə referendum keçirilsin. Referendum zamanı indiki siyasi sistemin, yəni Serj Sərkistanın öz boyuna biçdiyi parlament sistemi dəyişdirilsin. Baş nazirin səlahiyyətlərinin yarısı prezidentə verilsin. Yarı prezidentlik üsul-idarəsi tətbiq edilsin. Referendumdan sonra isə parlament seçkiləri keçirilsin. Paşinyan hesab edir ki, bununla da ölkədə yaranmış siyasi böhrana böhrana son qoyulması mümkün ola bilər. Amma hələ də bəzi şəxslər suyu bulandırmağa davam edir.

– Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorkyan Nikol Paşinyanın Rusiyanın “İskəndər” kompleksləri barədə dediyi sözlərin baş nazirin bu barədə səhv məlumatlandırılmasından qaynaqlandığını açıqlayıb. Baş nazirin sözçüsünün “Armenpress” agentliyinə verdiyi məlumata görə, Paşinyanın “İskəndər”lərin Ermənistan tərəfindən istifadəsinə dair bəyanatı Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirə olunub. Bu mənada Rusiya rəhbərliyində sözügedən məsələ ilə bağlı Paşinyana yaranmış narazılığının aradan qalxdığını güman etmək olarmı?

– Paşinyan Rusiyaya xoş gəlməsi üçün “İskəndər-M” raketləri ilə bağlı söylədiyi fikirləri təkzib edib və deyib ki, bu fikirləri ona səriştəsiz adamlar təqdim etmişdilər və mən həmin fikirlərdən imtina edirəm. Bax, ölkədə ümumi vəziyyətin palitrası belədir.

– Qabil müəllim, Ermənistanda baş verən proseslərə xarici aktorların münasibəti ilə bağlı fikirlərinizi bölüşməyi xahiş edirik. Xüsusilə Ermənistanın ən yaxın strateji müttəqi olan Rusiyanın, həmçinin Fransa və ABŞ-ın mövqeyini necə qiymətləndirirsiniz?

– Elə dövlətlər var ki, məsələləri çoxmənalı formada şərh edirlər. Məsələn, Paşinyan hadisələrin ilk günündə Putinlə telefonla danışdı. Putin çox müəmmalı şəkildə hər şeyin qanun çərçivəsində həll edilməli olduğunu açıqladı. Qarşılıqlı toqquşmaya gətirən səbəblərə yol verilməməsi və sair bu kimi ümumi sözlər söylədi. Zənnimcə, ən prinsipial mövqeni ABŞ ortaya qoydu. Birləşmiş Ştatlar bildirdi ki, ordu siyasətə qarışmamalıdır. Ordunun ölkənin siyasi rəhbərliyi ilə ultimatum dili ilə danışmağa, rəhbərlikdən get deməyə heç bir səlahiyyəti yoxdur. Ordu kazarmada olmalıdır. Kimlkərinsə ordunu hərbi çevrilişə çağırması Ermənistan üçün acınacaqlı perspektivər yarada bilər. Zənnimcə, ABŞ-ın bəyanatında hər şey aydın və konstitusiyaya uyğun surətdə şərh edilib. Fransa da təxminən buna bənzər fikir söylədi. Yəni bu məsələlərdə belə göründü ki, Rusiya sözün həqiqi mənasında birmənalı fikirlər söyləməkdən çəkinir. Hətta Paşinyanın “tövbə”sindən sonra da hər hansı bir şərh verməkdən qaçır. Beləliklə, qiyamçı qüvvələrə, orduya da daxil olmaqla ilham verir. Onu da deyim ki, Amerika da daxil olmaqla bir sıra Qərb dövlətləri hesab edirlər ki, əgər ordu siyasi proseslərə müdaxilə etsə, bu, Ermənistan üçün acı nəticələrə gətirib çıxaracaq. Qərb dövlətlərinin Ermənistana humanitar yardımları birmənalı qaydada dayandırılacaq. Hərbi çevrilişlə hakimiyyət başına gələcək istər hərbçinin, istərsə də mülki şəxsin səlahiyyətləri tanınmayacaq. Məncə, burada hər şeyə nöqtə qoyulub və hər şey barədə aydın fikir söylənilib. Zənnimcə, Rusiyanın da bundan sonrakı davranışlarında səngimə hiss edilməkdədir. Hələ ki, danışıb-dinməsə də qızışdırıcı siyasi leksikon artıq istifadə olunmamalıdır.

– Deyəsən, yalnız Vladimir Jirinovski istisnadır...

– Jirinovskinin Ermənistanı quberniya kimi Rusiyaya birləşdirək sözləri Ermənistanın qabaqcıl düşüncəli adamlarının çoxunda qəzəb oyadıb və onu Putinə yaxın adam bildiklərindən hətta bəzi erməni iş adamları Rusiyanı qınayan bəyanatlar səsləndiriblər. Bir sözlə ortam çox mürəkkəbdir və hələ ki, mürəkkəblikdən çıxmaq üçün təklifləri Paşinyan irəli sürür. Paşinyanın da təkliflərinin reallaşdırılmaq imkanları az deyil. Bu təkliflər reallaşsa məncə, ölkənin siyasi sistemində islahatlar, dəyişikliklər getsə vəziyyəti normallaşdırmaq mümkün ola bilər.

– XX əsrdə dünyada çoxlu hərbi çevrilişlər olub. Sonuncu dəfə 2012-ci ildə Misirdə ordu Məhəmməd Mursini devirərək hakimiyyətə gəlib. İndi Ermənənistanda baş verənlər təxminən Misirdə baş verənləri xatırladır. Orada da ordu ultimatum verib hakimiyyəti ələ almışdı. Bu gün Ermənistanda baş verənlərin klassik hərbi çevrilişlərdən oxşar və fərqli cəhətləri nədən ibarətdir?

– Bəli, XX əsrdə Afrikanın və Cənubi Amerikanın əksər ölkələrində hərbi çevrilişlər tez-tez baş verirdi. Həmin ölkələrdə artıq demokratiya bərqərar olub. Həmin ölkələrdə hərbi çevrilişlər baş verərkən ağına-bozuna baxmadan, konstitusiya-filan göz önünə gətirmədən yalnız “Kalaşnikov” avtomatının gücü ilə həll etməyə çalışırdılar. Misirdə Mursi də radikalizmə getdi, “Müsəlman qardaşları” təşkilatını, yəni ölkədə islamlaşmanı təşviq etdi. Yəni dünyəvi rejim prinsiplərindən uzaqlaşdı. Mən bununla iş başına gələn feldmarşal Əbdülfətth əs-Sissinin hərbi çevrilişinə bəraət qazandırmaq istəmirəm. Amma açığını deyim ki, feldmarşalın çevriliş cəhdinə heç Amerika da ciddi etiraz etmədi. Bu həmin dövrlər idi ki, İŞİD yenicə yaranmışdı, meydan sulayırdı. Ona görə də bəzi Avropa ölkələri və Amerika belə hesab etdi ki feldmarşalın dini rejimi devirməsi bəlkə də az bəladır. Ona görə də bununla barışdılar. Amma ermənilər özlərini dünyanın ən mədəni xalqlarından biri, dünyanın demokratik cəmiyyəti hesab edirlər. Hətta dünya sivilizasiyasına hansısa töhfələrindən, bu sivilizasiyanın başında dayanmaları barədə danışmağı sevirlər. Bu ölkə həm də post-sovet məkanına daxildir. Bu ölkələrdə hərbi çevriliş məsələsi o qədər də asan baş gələn deyil. Ermənistan Avropa İttifaqı ilə yaxın tərəfdaşlıq proqramına qoşulub. Bu proqramın demokratikləşmə, insan hüquqları, seçki sisteminin təkmilləşdirilməsi, siyasi sistemin şəffaflaşdırılması ilə bağlı çox ciddi tələbləri var. Belə olan şəraitdə hər hansı general əlimdə güc var deyə – hərçənd ki, mən bu gücün olduğu qənaətində deyiləm, ordu bu saat müdafiə nazirinə tabedir – xalqın böyük səs çoxluğu ilə seçdiyi bir adama qarşı ultimatim verib onu hakimiyyətdən qova bilməz axı... Zənnimcə, heç sıravi ermənilər də buna razılıq verməzlər. Əgər belə bir hadisə baş verərsə, Ermənistan sivilizasiyalı dünyadan tamamilə təcrid edilə, ona edilən humanitar və digər yardımlar tamamilə dayandırıla bilər. Hazırda Ermənistan bunun bir addımlığındadır. Üstəlik Ermənistanı post-sovet məkanında ilk hərbi çevriliş etmiş ölkə kimi damğalayarlar. Əs-Sissi ilə Onik Qasparyanı, Misirlə Ermənistanı müqayisə etmək düz olmaz. Ermənistan və post-sovet məkanındakı bir çox ölkələr Qərbə inteqrasiya, hətta bəziləri NATO-ya inteqrasiya xətti seçiblər. Avropa meylli siyasəti müdafiə edirlər. Başıbəlalı Paşinyan da Soros Fondunun yetirməsidir və Ermənistanı Qərbə doğru aparmaq istəyirdi. Ruslar da onu belə yazıq günə salmağı bacardılar. Ona görə də başqa ölkələrdəki hərbi çevrilişlərlə Ermənistanda hərbçilərin hərəkətləri arasında paralellik aparmaq məncə düzgün olmaz və bu bizə düzgün qənaətlərə gəlməyə imkan verməz. /Teleqraf

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər