Şəhid ailələri, müharibə əlilləri və veteranlar Azərbaycan cəmiyyətinin özəyini təşkil edir. Bu kateqoriyaya daxil olan insanların həm sosial, həm də mənəvi-psixoloji problemləri daim diqqət mərkəzində saxlanılır.
Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 44 günlük Vətən müharibəsində 3000-ə yaxın döyüşçümüz şəhid olub. Bu müharibədə yaralananların ümumi sayı isə 11 min nəfərdən çoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 44 günlük Vətən müharibəsində yaralanmış 3 min nəfərə yaxın qaziyə müxtəlif əlillik dərəcəsi verilib. pizza
Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə sosial ödənişlər edilir, sağlamlıqlarını itirmiş hərbiçilər protezlərlə təmin olunur, reabilitasiya mərkəzlərində müalicəsi həyata keçirilir. Müalicəsi ölkəmizdə mümkün olmayan yaralılar Türkiyəyə göndərilir.
Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək lazımdır.
Hesab edirik ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial, o cümlədən mənəvi-psixoloji problemlərinin həlli üçün dövlət qurumları ilə paralel olaraq, cəmiyyətin səfərbər olamsı şərtdir.


Psixoloq Vüsalə Rüstəm də bu qənaəti bölüşür. Vüsalə xanım deyir ki, post müharibə dövründə mənəvi-psixoloji zədə görmüş insanları yenidən cəmiyyətə qazandırmaq üçün həm şəhid ailələri, həm də müharibə əlilləri ilə iş düzgün və planlı qurulmalıdır: “Psixoloqlar və psixoterapevtlər hər kəslə ümumi iş apara bilməz, ümumi iş aparılan insanlar psixoloji konsultasiyalar zamanı müəyyən edilməli və ona uyğun qərar verilməlidir. Şəhid ailələri onlar üçün çox doğma olan insandan əbədi ayrılıb, qazilər isə sağlamlıqlarını itiriblər. Sağlamlığını qəfil itirmiş insanın travması daha ağır olur.
Onları yenidən cəmiyyətə adaptasiya etmək üçün mütəxəssislərin təcrübəsindən və dünya təcrübəsindən istifadə olunmalıdır. İngilis psixoloq Charles Samuel Myers müharibədən sonra bu halları araşdıraraq "Müharibə depressiyası" adlandırılan psixoloji xəstəlik aşkar edib. Artıq psixologiya elmində “Vyetnam sindromu”, “Əfqan sindromu”, “Koreya sindromu” kimi terminlər var.
Vaxtilə adlarını yuxarıda qeyd etdiyimiz müharibələrdən qayıdan insanlar uzun zaman normal həyata adaptasiya oluna bilməyib, özlərinə qəsd ediblər və ya evdə yaşadıqları ailə üzvlərinə qarşı qətllər törədiblər. Uzun müddətli depressiv hal, səsə qarşı yüksək həssaslıq postravmatik stres müharibə dövründən sağ çıxan hər bir insanın düşdüyü vəziyyətdir. Çünki onlar normal insanın görə bilməyəcəyi ən ağır dəhşətli vəziyyətlə üzləşirlər. Ən yaxın dostunu itirir, parçalanmış meyitlərlə qarşılaşır, əsir düşmək qorxusu yaşayırlar. Güclü gərginlik və qorxu hissi həmin an bütün beyin fəaliyyətini alt üst-edir. Bütün həyati vacib olan proseslər pozulur. İnsan canlı heykələ çevrilir”.
Psixoloq deyib ki, müharibə dövründən sonrakı psixoloji yardım hər bir şəhid ailəsi və müharibə əlili üçün əlçatan olmalıdır. Hər bir bölgədə və rayonda şəhid ailələri - onların valideynləri, həyat yoldaşı, övladları ilə psixoloji konsultasiya təşkil edilməlidir: “Ailənin hər bir fərdinin itkiyə göstərdiyi reaksiya fərqli olur. Əgər ailədə kiçik yaşlı uşaqlar varsa, onlarla mütləq uşaq psixoloqu mütamadı məşğul olmalıdır. Doğma insanı itirmək beyində çox böyük boşluq yaradır. Yaşca böyük insanlar bu vəziyyətdən çox çətinliklə çıxa bilsələr də, uşaqlarda böyük iz və zədə buraxır. Ona görə də mütləq psixoloji kömək lazımdır.
Əks halda uşaqlarda diqqət dağınıqlığı, nevrotik hallar, davranış pozuqluğu olacaqdır. Müharibə dövründən sonra qazilərə göstərilən xidmət onların normal həyatına adabtasiyasına yönəlməlidir. Birdən-birə yuxarı və aşağı ətrafını itirən, görməsini, nitqini itirən, beyin qanaması keçirən insanların normal həyata qayıtması prosesi elə də asan deyil.
Güclü stressdən beyin sferası zədələnir, böyük boşluq hissi yaranır. Klinik psixoloq və hərbi sahədə işləmiş psixoloqlar bu işə yönləndirilməlidir. Bəzən sadə insan və təcrübəsiz psixoloqlar onlara yanaşma tərzini və kömək edəcəyi üsulu bilmədiyi üçün işin effekti olmur. Zədəli beyin boşluq və çarəsizlik hiss edir, çarəni həyatına son qoymaqda görür”.
Vüsalə Rüstəm qeyd edib ki, zamanında psixoloji dəstək olmadıqda həmin insanlarda yuxusuzluq, depressiya, ətrafa qarşı aqressiv reaksiya müşahidə edilə bilər. Hətta həmin insanlar gördükləri hər hansı bir hadisədən təsirlənib həmin döyüş anını yenidən yaşayaarq, özünə və ətrafına zərər verə bilər: “Amerikada belə insanlar üçün xüsusi dərnəklər təşkil olunur. Buraya döyüş yolu keçmiş insanlar və onların ailə üzvləri dəvət olunur. Psixoloji konsultasiyalar aparılır. Ailə üzvlərinə onunla necə davranması barədə məlumat verilir və narahat məqamların aradan qaldırılmasına köməklik göstərilir.
Bu dərnəkdə müharibə iştirakçıları rəsm çəkməyi, musiqi ilə məşğul olmağı, müxtəlif maraqlı məşğuliyyətlərlə beyini sakitləşdirməyin yollarını öyrənirlər. Mütəxəsislər beyni mədəni qida ilə, digər məşğuliyyətlərlə sakitləşdirməyin mümkünlüyünü söyləyirlər. Gərginliyi fəaliyyətlə yox etmək mümkündür. Məsələn, keçmiş döyüşçünün ilk gündə çəkilmiş rəsm əsəri ilə 5 ay sonra çəkilən rəsm əsərində insan beynin tam sağaldığı aydın görünür. Post müharibə dövrü üçün aparıcı dünya dövlətləri məşğulluq və faydalılıq işini daim nəzarətdə saxlayır. İşsizlik və fəaliyyətsizlik hər bir insanda depressiv vəziyyət yarada bilər. Şəhid ailələrinin və qazilərin sosial-psixoloji vəziyyəti daim dövlət nəzarətində olmalıdır”.
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.

Telegram kanalımız