Ermənilərin sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədov son mənzilə yola salınanda anası onun üçün ağı deyib göz yaşı axıda bilmədi. Dərddən beli bükülmüş atası çiynini oğlunun cənazəsinin altına verib onu əbədiyyətə yola sala bilmədi...
Çünki Səbuhi ata-anasız böyümüşdü. Onun evi kimsəsizlər yurdu, valideynləri həmin müəssisənin əməkdaşları olmuşdu. Səbuhi ömrünün sonuna kimi ata qayğısına, ana nəvazişinə həsrət qaldı. Qışda paltosunun düyməsini bağlayan, papağını qulaqlarının üstünə çəkən, soyuq əllərini ovcunda isidən kimsəsi yox idi Səbuhinin. Məktəbə gedəndə özündən ağır olan çantasını heç kim daşımamışdı. Məktəbi bitirəndə təbrik edəni olmamışdı. Əsgər gedəndə heç kim arxasınca bir qurtum su atmamışdı. Əsgərlikdən gələndə "boyuna qurban olum, oğul" deyib boynunu qucaqlayanı da yox idi Səbuhinin...
Kimsəsizlər yurdunda böyüyənlərin hamısının taleyi eyni olur, atam balası... Dördpendirli pizza
Ata-anasız böyüyən Səbuhi bu Vətəni doğma anası kimi sevdi. Əsgər çəkməsini geyinib onun keşiyində dayandı. İşğala, haqsızlığa dözmədi. Kişi kimi xidmət elədi, düşmənə boyun əymədi. Və sentyabrın 12-dən 13-nə keçən gecə düşmən gülləsindən şəhid oldu. Azərbaycanın bir şəhidi də artdı. Tariximizə daha bir şərəfli ad həkk olundu: Səbuhi Əhmədov!
Bəs biz nə etdik? Səbuhi üçün doyunca ağlamağa macal tapmadan onun adını müzakirə obyektinə çevirdik. Anlayıram, ortada ciddi bir iddia vardı. Bu iddia araşdırılmalıydı. Bu məsələnin üstündən sükutla keçmək olmazdı. Amma torpağı hələ soyumamış şəhidin qardaşını kamera qarşısında oturdub üzr istətmək araşdırma üsulu deyil, ara qarışdırmaqdır. İnsanları bir-birinə vurmaq, cəmiyyəti çalxalamaqdır...
Səbuhi, əziz bala, bu söz-söhbətlərdən, lazımsız müzakirələrdən xəbərin varmı? Bizi - bu Vətənin igid övladlarını qoruya bilməyən əmiləri, dayıları, xalaları, bibiləri duya bilirsənmi? Sənin adınla bağlı etdiyimiz söhbətlər, irəli sürdüyümüz mülahizələr, dedi-qodular səni çoxmu ağrıdır? Sənin üçün ağlamaq, göz yaşı axıtmaq əvəzinə bir-birimizi ittiham etməyimiz ruhunu çoxmu incidir?
Bilirəm, ürəyindən nə keçir. Bəlkə də indi deyirsən ki, illərlə kimsəzilər evində tək qalanda niyə bir dəfə qapını açıb içəri girmədiniz? Niyə bir dəfə başıma sığal çəkib üzümdən öpmədiniz? Niyə ad günümdə, şad günümdə bir dəfə yanımda olmadınız?
Haqlısan, oğul bala...
Haqlısan, şəhid bala...
Bu dünyada varlığından xəbəri olmayan, o dünyada səni rahat buraxmayan bizləri bağışla, igid bala.
Lazımsız müzakirələrimizlə, ehtiyatsız sözlərimizlə ruhunu incitdiyimiz üçün səndən üzr istəyirəm.
Hamının əvəzinə...
Seymur VERDİZADƏ
Telegram kanalımız