Son onilliklərdə heç vaxt olmayıb, ilk dəfədir baş verir -   Bundan sonra nə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Son onilliklərdə heç vaxt olmayıb, ilk dəfədir baş verir - Bundan sonra nə olacaq?

Sosial

29 Aprel 2026 17:00 248


“Hazırkı hava şəraiti yaz fəsli üçün tamamilə xarakterikdir”.

Bunu “Yeni Sabah”a açıqlamasında ekoloq alim Sadiq Həsənov bildirib.

O, yaz aylarında Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitini şərh edərək vurğulayıb ki, sadəcə bu il yağıntıların miqdarı normadan artıq olduğu üçün bir qədər qeyri-adi təsir bağışlayır. Ekspertin sözlərinə görə, yaz aylarında Arktikadan daxil olan soyuq hava kütlələrinin nisbətən istiləşməsi və eyni zamanda Aralıq dənizi hövzəsindən gələn hava kütlələri ilə toqquşması nəticəsində bu cür intensiv yağışların yağması təbii bir prosesdir:

“Bu il rütubətin yüksəlməsi və atmosfer proseslərinin bu şəkildə cərəyan etməsi yağışların davamlı olmasına, nəticədə isə günəşli günlərin azalmasına və havada sərinliyin hiss olunmasına gətirib çıxarır. Aprel ayının builki gedişatını əvvəlki illərlə, hətta onilliklərlə müqayisə etdikdə ciddi fərqlər və dəyişikliklər müşahidə olunur. Buna baxmayaraq, növbəti aylarda havaların tədricən istiləşəcəyi gözlənilir. Mövcud bol yağıntılar əkin sahələri üçün olduqca faydalıdır; rütubətli mühit bitkilərin inkişafını sürətləndirəcək və məhsuldarlığa müsbət təsir göstərəcək”.

S.Həsənov deyib ki, bu cür kəskin hava dəyişikliklərinin kökündə qlobal iqlim böhranı dayanır: “Orta illik temperaturun artıq 1,5 dərəcə yüksəlməsi və bu artımın 2 dərəcəyə doğru irəliləməsi antropogen təsirlərin birbaşa nəticəsidir”.

Ekoloq onu da diqqətə çatdırıb ki, dünya okeanlarında buzlaqların əriməsi su mühitinin genişlənməsinə, bu isə öz növbəsində Atlantik okeanı siklonlarının və Arktika antiklonlarının intensivliyinin dəyişməsinə səbəb olur:

“İqlim dəyişikliyi proqnozları çətinləşdirsə də, belə yağışlı və sərin yazdan sonra yay fəslində havaların nisbətən isti keçəcəyi ehtimal edilir”.

Qeyd edək ki, son günlər ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Yağış, dağlıq ərazilərə qar yağır, çaylar daşıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!