Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib.
"Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb.
Bu qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya valideynləri tərəfindən müəssisələrə yerləşdirilmiş uşaqların ailə mühitində böyüməsini və inkişafını təmin etmək məqsədi daşıyır. Proses dövlət nəzarəti altında həyata keçirilir. pizza mizza
Himayədar ailələrə uşaqların yaşına və sağlamlıq vəziyyətinə uyğun aylıq müavinətlər ödənilir. Belə ki, 6 yaşadək uşaqlara görə 355 manat, əlilliyi olan uşaqlara görə isə 500 manat müavinət verilir.
7-13 yaş arası uşaqlar üçün bu məbləğ müvafiq olaraq 375 və 600 manat, 14-18 yaş arası uşaqlar üçün isə 395 və 650 manat təşkil edir.
Bundan əlavə, himayədar ailələrə uşaqların mövsümi geyimlərinin alınması üçün hər rübdə hər uşağa görə 200 manat birdəfəlik müavinət ödənilir.
Son aylarda himayədar ailə modelinin tətbiqi prosesi də sadələşdirilib. Nəticədə uşağın himayədar ailəyə verilməsi üçün tələb olunan minimal müddət 2 həftəyədək azaldılıb. Həmçinin himayədar ailə olmaq istəyən vətəndaşlar üçün təlimlərdə onlayn iştirak imkanı yaradılıb.
Aytac Əliyeva
Telegram kanalımız