Telefonu uşağın əlindən almağın ən doğru yolu bu imiş   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Telefonu uşağın əlindən almağın ən doğru yolu bu imiş - AÇIQLAMA

Sosial

19 Sentyabr 2026 19:41 269


“Bu gün biz istəsək belə, süni intellekt dövründə, sürət əsrində uşaqları telefonlardan və digər ağıllı cihazlardan tamamilə uzaq tuta bilmərik. Bəzi məsələlər var ki, burada insan amili deyil, dövrün və zamanın tələbləri öz diktəsini edir. Bu diktə yaşa baxmır. Uşağa da, orta yaşlı insana da, gəncə də, yaşlıya da eyni şəkildə təsir göstərir…”

Bu sözləri “Yeni Sabah” a təhsil eksperti Elmin Nuri uşaqların telefon aludəçiliyi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, müasir dövrdə texnologiya həyatın bütün sahələrinə təsir edir və bu təsirdən uşaqları tamamilə kənarda saxlamaq mümkün deyil:

“Məncə, məsələnin digər tərəfi valideynin uşağına qoyduğu düzgün qaydalar və intizamdan başlayır. Valideyn hər məsələdə uşağa “yox” deməməlidir. “Yox” dedikdə bunun izahını verməyi də bacarmalıdır. Eyni zamanda, valideyn bütün məsələlərdə uşağa “hə” də deməməlidir. Çünki hər məsələdə verilən “hə” də “yox” qədər mənfi təsir göstərə bilər. pizza hut

Birinci halda, yəni uşağa hər məsələdə “yox” deyildikdə, uşaq özünü heç vaxt sərbəst ifadə edə bilməyəcək. İkinci halda isə, hər məsələyə “hə” deyildikdə, uşaq bütün hədləri və özünün qırmızı xətlərini keçə bilər. Nizam-intizam, qaydalar və müəyyən məhdudiyyətlər uşağa situasiyanı düzgün qiymətləndirməyi öyrədir.

O cümlədən, telefon və digər ağıllı cihazlardan istifadə zamanı düzgün məhdudiyyətlərin qoyulması uşaqlarda ekran asılılığına qarşı mübarizənin ilk və ən vacib addımlarından biridir.

Valideyn uşağa “yox” dedikdə və uşaq bu qadağanı düzgün qəbul etdikdə, həmin məhdudiyyət onun üçün faydalı ola bilər. Məsələn, dərslər zamanı telefon və ağıllı cihazlardan müəyyən məqsədlərlə istifadə etmək mümkündür. Amma telefonun istifadəsi konkret məhdudiyyətlər çərçivəsində təşkil olunarsa, uşaq həmin cihazdan daha səmərəli istifadə etməyi öyrənə bilər”.

Ekspert  telefon istifadəsinin psixoloji tərəfinə də toxunaraq maraqlı bir sınaq təklif edib.

“Burada psixoloji məqam da var. Təsəvvür edin ki, bizdən – istər sizdən, istər məndən  telefon bütün gün ərzində alınır və yalnız bir və ya iki saatlıq geri verilir. Həmin bir-iki saat ərzində telefondan daha dolğun və məqsədyönlü istifadə etməyə çalışarıq. Amma bu gün vəziyyət belə deyil. Telefon 24 saat ərzində bizim əlimizdədir. Heç kim onu bizdən almır. Əksinə, biz hər zaman telefondan asılı vəziyyətdə olduğumuz kimi, telefon da bizim gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Ona görə də əlimizdəki cihazın imkanlarını və ondan nə qədər istifadə etdiyimizi düzgün qiymətləndirə bilmirik. Məsələn, gəlin belə bir eksperiment aparaq: telefon və digər ağıllı cihazları bir kənara qoyaq və yalnız iki saat istifadə edək. Deyək ki, hər gün saat 15:00-dan 17:00-dək telefondan istifadə edirik. Özümüz üçün iki gün belə bir qayda müəyyən edək. Görəcəyik ki, həmin iki saat ərzində telefondan istifadə digər günlərlə müqayisədə daha səmərəli və məqsədyönlü olur.

Şagird də bu məhdudiyyəti görməli və yaşamalıdır. O, müəyyən müddət telefondan uzaq qalmağın nə verdiyini öz təcrübəsində hiss etməlidir. Yalnız bundan sonra həmin cihazdan daha düzgün və faydalı istifadə etməyi öyrənə bilər”.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!