Tolikin tarixi: Hər şeyin bir həddi var
03 Yan 2021 17:44
4650

Tolikin tarixi: Hər şeyin bir həddi var

Bu gün də səhərimizi Tarix Əliyevin “məlahətli” səsi ilə açdıq. 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə şou əhlinin, “Instagram” fenomenlərinin bir çoxu sözün əsl mənasında dili boğaza qoymadı, qaş düzəltmək istədikləri yerdə vurub gözümüzü tökdülər. 

“Gün keçdi” filmində belə bir epizod var: “Bilirsən, illər keçir. Yaşa dolduqca hər şeyə ayıq baxırsan. Başa düşürsən ki, bəşəriyyətin dahisi deyilsən. Başa düşürsən ki, sənin kimilər çoxdur. Elə ki bunları başa düşdün, onda yaşamaq da asan olur. Sakitcə oturub öz işini görürsən”.

Bizim bu sözügedən vətəndaşlarımızın üstündən illər keçir, amma nə zəlzələnin episentri olmadıqlarını anlayıb öz işləri ilə məşğul olmağı, nə də susmağı bilirlər.  Əslində, ölkəmizin “məşhur” vətəndaşlarına çox qarışan deyiləm, heç onlar barədə xəbər də yazmıram. Amma söhbət vətəni, vətən uğrunda gövdəsini sipər edəni təhqirdən gedirsə, tab gətirmək çətin olur, başlayırsan beynində reallığa uyğun müqayisələr aparmağa... Axı niyə Tuba Büyüküstün və Pelin Akil kimi sənət adamları günlərini “Instagram”da canlı yayım edib SMA xəstəsi körpənin müalicəsinə lazım olan 60 min lirə pulu toplamağa həsr etdiyi halda, sənin prodüserin bir “Iphone 12” alacaq deyə dərisinə sığmır? (Özü də onlar bu prosesi ailəni qəti şəkildə rəncidə etmədən həyata keçirdilər).

Niyə məscidimizdə donuz saxlayan erməni torpağımızı dünyaya özününküymüş kimi tanıtmaq, Azərbaycanı dünyaya işğalçı kimi göstərmək üçün “Dağıntıların arasında sənət” fikrinə yiyələndiyi halda, 2823 şəhidi olan Şəbnəm Tovuzlu Moskvada konsert verir? Sonra da deyirlər jurnalistlər bizdən əl çəkmir. Vallah, biz də çox arzulayırıq ki, yaxşı bir hərəkətinizlə yadda qalasınız. Amma siz vətənpərvərliyi o qədər səmimiyyətsiz bir şəkildə nümayiş etdirməyə cəhd edirsiniz ki, əlimiz-qolumuz bağlanır. 

980 K izləyicisi olan Tolikin əsgəri təhqir etməsinə hansı tərəfdən baxsan, haqq qazandırmaq mümkün deyil.  Bəli, Tarix Əliyev müharibədən üzü bəri bir neçə dəfə gündəmə gəlib. Bacardığı qədər kimlərəsə faydası toxunsun istəyib, ev alıb, telefon alıb və s. Amma gərək kömək edəndə də başa qaxmadan, insanların heysiyyətinə toxunmadan edəsən. Axı sən Mətanət İsgəndərliyə, “Biz şəhid veririk, sən isə konsert”,-deyibən irad bildirirdin, məgər indi əsgərə, “Kül başına!”,-demək haqqını özündə tapırsan? Bəlkə Allahsan, xəbərimiz yoxdur? Əziz Tolik, sənə Səidə Sultanın sözü ilə cavab vermək bəlkə də yerinə düşər: “Bu xalq kiminsə puluna, yaxşılığına qalmayıb!” . Vaxtilə arxa cəbhədə sursat, paltar daşımağa, kartofunu soymağa hazır olduğun əsgərə qarşı bu qədər yuxardan aşağı baxmağın heç də vətən keşikçisi təəssüratı oyatmır.

Biz işğaldan azad edilən torpaqlara jurnalistlər, fotoqraflar, rejissorlar aparılmalı olduğu halda, müğənnilərin, prodüserlərin, “Instagram” fenomenlərinin getməsinə dinmədik. Dedik, əsgərlərimizin əhvali-rühiyyəsi bir az özünə gəlməlidir. Amma hər şeyin də bir ölçüsü var. Düşünürəm ki, bir az yavaşlasaq, yaxşı olar.

Sayad Həsənli

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər