Türkiyə və Rusiya müşahidə mərkəzi ilə bağlı razılaşma imzaladılar
01 Dek 2020 17:14
1489

Türkiyə və Rusiya müşahidə mərkəzi ilə bağlı razılaşma imzaladılar

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Bundan əvvəl, noyabrın 20-də Azərbaycan ordusu razılaşmaya uyğun, Ağdam rayon mərkəzinə daxil olmuşdu. Noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilmişdi.

Türkiyə və Rusiya Dağlıq Qarabağda birgə müşahidə mərkəzinin qurulması üzrə razılaşma imzalayıblar. Bu məsələ noyabrın 9-da imzalanmış Azərbaycan-Ermənistan-Rusiya atəşkəs sazişində yer almışdı.

Türkiyə Müdafiə Nazirliyinin dekabrın 1-də yaydığı məlumata görə, Dağlıq Qarabağ sülh razılaşmasının icrası üçün danışıqlar tamamlanıb. Mərkəzin mümkün qədər tez işə salınmasından ötrü iş aparılır.

Bəyanatda deyilir ki, razılaşmada birgə mərkəzin qurulması və vəzifələrinin texniki detalları yer alır.

Ötən ay Türkiyə parlamenti Rusiya ilə birgə mərkəz yaratmaq və mərkəzin fəaliyyətini həyata keçirmək üçün Azərbaycana missiya göndərilməsini təsdiqləyib. Missiya bir illiyə yerləşdiriləcək, sayını prezident R.T.Ərdoğan müəyyənləşdirəcək.

Daha öncə verilmiş açıqlamalardan belə çıxır ki, bu müşahidə mərkəzi Azərbaycanın nəzarətində olan ərazilərdə qurulacaq.

Türkiyə prezidenti R.T.Ərdoğan deyirdi ki, Türkiyə qüvvələri Rusiya hərbçiləri ilə birlikdə Azərbaycan hökumətinin müəyyənləşdirdiyi ərazilərdə müşahidə və nəzarət fəaliyyəti həyata keçirəcəklər. Rusiya isə dəfələrlə bildirib ki, atəşkəs razılaşmasında Türkiyə hərbçilərinin münaqişə bölgəsinə yerləşdirilməsi nəzərdə tutulmayıb. /Azadliq.org

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər