Yaponiyada 9,9 bal gücündə zəlzələ ilə bağlı yayılan yanlış xəbər əhali arasında təşvişə səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, oktyabrın 16-da Yaponiya Meteorologiya Agentliyi Kuril adaları ərazisində 9,9 bal gücündə zəlzələ baş verdiyinə dair təcili xəbərdarlıq yayıb.
Bildiriş Hokkaydodan Yaponiyanın mərkəzi hissələrinə qədər geniş ərazidə mobil telefonlar və fövqəladə xəbərdarlıq sistemləri vasitəsilə insanlara çatdırılıb. pizza hut
Lakin agentlik cəmi 8 dəqiqə sonra, yerli vaxtla saat 12:48-də xəbərdarlığı ləğv edib. Məlum olub ki, zəlzələ həqiqətən baş versə də, onun gücü sistem tərəfindən səhv hesablanıb.
Aparılan araşdırma nəticəsində Rusiyanın Kamçatka yarımadası yaxınlığında 6,9 bal gücündə zəlzələ qeydə alındığı bildirilib. Hokkaydonun Hakodate şəhərində isə Yaponiya zəlzələ intensivliyi şkalası üzrə 1 bal gücündə yeraltı təkan hiss olunub.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib. ABŞ-ın Milli Sunami Xəbərdarlıq Mərkəzi də sunami təhlükəsinin olmadığını açıqlayıb.
Qeyd edək ki, 9,9 bal gücündə zəlzələ baş versəydi, bu, indiyədək instrumental üsulla qeydə alınmış ən güclü zəlzələdən daha böyük olardı. Tarixdə qeydə alınmış ən güclü zəlzələ 1960-cı ildə Çilidə baş verib və 9,5 bal gücündə olub.
Yaponiya Meteorologiya Agentliyi yanlış xəbərdarlığa səbəb olan texniki problemin araşdırıldığını bildirib.
Aydan Hacı
Telegram kanalımız