"Qida təhlükəsizliyi yalnız marketlərin deyil, hər bir vətəndaşın məsuliyyətidir. Soyuq zəncir pozulduğu zaman bakteriyaların inkişafı sürətlənir və məhsul insan sağlamlığı üçün təhlükə yarada bilər".
Bu sözləri qida eksperti Elşən Cəfərov "Yeni Sabah"a açıqlamasında deyib.
O bildirib ki, yay aylarında havanın temperaturunun kəskin yüksəlməsi qida məhsullarının düzgün saxlanılması məsələsini daha da aktuallaşdırır. Ekspertin sözlərinə görə, bəzi bölgələrdə temperaturun 40 dərəcəni keçməsi ərzaq məhsullarının keyfiyyətinin qorunmasına xüsusi diqqət tələb edir. pizza sifarişi
Elşən Cəfərov qeyd edib ki, qida məhsullarının təhlükəsizliyi ilk növbədə onların düzgün saxlanılmasından asılıdır:
"Marketlərdə məhsullar istehsalçı tərəfindən müəyyən edilmiş temperatur rejiminə uyğun saxlanılmalı, soyuducu avadanlıqlar daim işlək vəziyyətdə olmalı və temperatur göstəricilərinə mütəmadi nəzarət edilməlidir. Xüsusilə süd məhsulları, ət və balıq məhsulları, yarımfabrikatlar və dondurulmuş ərzaqlar üçün soyuq zəncirin qorunması həyati əhəmiyyət daşıyır”
Ekspertin sözlərinə görə, yay mövsümündə ən həssas məhsullar süd və süd məhsulları, toyuq əti, qiymə, kolbasa, sosiska, müxtəlif yarımfabrikatlar, balıq və dəniz məhsulları, kremli tortlar, mayonezli salatlar, hazır qidalar, dondurma və digər dondurulmuş məhsullardır. O bildirib ki, bir dəfə əriyərək yenidən dondurulan məhsullar istehlakçılar üçün ciddi risk yaradır.
Elşən Cəfərov əlavə edib ki, son illərdə marketlərdə satışa çıxarılan hazır doğranmış meyvə və tərəvəzlərin də saxlanma müddətinə və temperatur rejiminə ciddi nəzarət olunmalıdır.
Qida eksperti istehlakçıların da məsuliyyət daşıdığını vurğulayıb:
"Bir çox alıcı məhsul alarkən son istifadə tarixinə baxmır, qablaşdırmanın vəziyyətini yoxlamır və ya gördüyü problemlər barədə market əməkdaşlarına məlumat vermir. Halbuki son istifadə tarixinin yoxlanılması gündəlik alış-veriş mədəniyyətinin ayrılmaz hissəsinə çevrilməlidir. Vaxtı keçmiş, qablaşdırması zədələnmiş və ya saxlanma şəraiti ilə bağlı şübhə yaradan məhsul aşkar edildikdə bu barədə dərhal market əməkdaşlarına məlumat verilməlidir. Bu, təkcə şəxsi təhlükəsizlik deyil, həm də ictimai məsuliyyət nümunəsidir".
O, alıcıların marketlərdə soyuducu vitrinlərdən düzgün istifadə etməsinin də vacibliyini qeyd edib:
"Bəzi hallarda alıcılar məhsulu götürdükdən sonra soyuducunun qapısını açıq qoyur və ya tam bağlamırlar. İlk baxışdan sadə görünən bu məsələ əslində yüzlərlə məhsulun keyfiyyətinə təsir göstərə bilər. Soyuducunun qapısı açıq qaldıqda daxili temperatur yüksəlir, nəticədə məhsulların saxlanma şəraiti pozulur və onların yararlılıq müddəti azalır. Bu soyuducular hamımızın istifadə etdiyi ümumi sistemdir. Bu gün soyuducunun qapısını bağlamayan şəxs sabah həmin marketə gəlib eyni məhsullardan özü də ala bilər.
Qida təhlükəsizliyi yalnız dövlət qurumlarının apardığı yoxlamalar və ya marketlərin gördüyü tədbirlərlə təmin edilə bilməz. Bu sahədə uğur əldə etmək üçün cəmiyyət olaraq bir-birimizə qarşı daha diqqətli olmalı, ictimai məsuliyyət hissimizi gücləndirməliyik. Məhsulun son istifadə tarixini yoxlamaq, problem gördükdə məlumat vermək, məhsulları düzgün yerə qaytarmaq və soyuducu qapılarını bağlamaq sadə görünən, lakin minlərlə insanın sağlamlığının qorunmasına xidmət edən davranışlardır. Sağlam cəmiyyət yalnız dövlət nəzarəti və biznes subyektlərinin məsuliyyəti ilə formalaşmır. Bu prosesdə hər bir vətəndaşın davranışı da mühüm rol oynayır. Qida təhlükəsizliyi hamımızın ortaq məsuliyyətidir və bu məsuliyyətə hər gün marketdə etdiyimiz kiçik seçimlərdən başlayır”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız