“Sözsüz ki, istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ savaşında müharibədən qorxanlar və müharibə arzuyla yaşayanlar da vardı. Sonra hamımız qələbəyə şad idik, ümumi ruh yüksəkliyi var idi”.
Bu sözləri Yenisabah.az-a psixoloq Azad İsazadə deyib.
O, yenidən müharibə olacağı təqdirdə, insanların yenidən qələbə əzmində olub-olmayacağı mövzusunda danışıb: pizza
“Xalqın bir hissəsi yəqin ki, müharibəni istəmir. Sadəcə, işğalda qalan torpaqların azad edilməsi həsrətindədir. Sərhəddə daim təxribatlar baş verir və bu proses uzanırsa, müharibə olmalıdır. Ordumuzun bu torpaqları çox qısa müddətdə azad edə biləcəyini düşünürəm.
İndi müharibə qorxusu o qədər də yüksək deyil. Amma onun olacağına hamımızın sevinəcəyini deyə bilmərəm. Şəhid olacağını başa düşürük. Amma bu problemli prosesi nə vaxtsa sona çatdırmaq lazımdır. Əks təqdirdə, irəlidəki beş-altı ildə yenə də şəhidlər, yaralılar olacaq.
Əgər proses danışıqlarla həll olunmasa, deməli, müharibəyə hazır olmalıyıq. Bunu təkcə öz adımdan yox, xalqın böyük hissəsinin adından deyirəm.
Onu da başa düşürük ki, qazilərə, şəhid ailələrinə diqqət azdır. Onlara lazımınca qiymət verilmir. Şəhid ailələri, yəqin ki, ayrı problemlər daha çox narahat edir. Cəbhəyə yaxın ərazilərdə yaşayan insanlar yenə də atəş səslərindən qorxur.
Bununla belə, hazırda xalqın böyük hissəsi müharibəni həlledici amil kimi qəbul edir”.
Psixoloq bildirib ki, qazilərə, şəhidlərə yetərli diqqətin ayrılmaması onları vətəni müdafiədən döndərə bilməz:
““Tərtər işi”ndə işgəncələrə məruz qalmış zabit və hərbçilər belə 2020-ci il sentyabrın 27-də könüllü şəkildə vuruşmağa yollanıblar. Təsəvvür edin, özününkülərin işgəncəsinə məruz qalan şəxslər vətən uğrunda vuruşublar. İşgəncə onlarda vətən sevgisini dəyişməyib. Doğma anamız bəzən bizi danlayır, döyür, buna görə anamıza nifrət edirikmi?! Xeyr! Vətən də anadır”.
A.İsazadə fikirlərinə bu cür yekunlaşdırıb:
“Müharibə olarsa, hər kəs müharibəyə getmək istəyəcək. Çünki məsələ kökündən həll olunmalıdır”.
İmamət İSMAYILOVA
Telegram kanalımız