32 illik həsrətə son qoyuldu - Şuşa sakinlərini qarşılayır

saytların hazırlanması

Evə çatdırılma

32 illik həsrətə son qoyuldu - Şuşa sakinlərini qarşılayır

Sosial

15 May 2024 12:33 433


Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən sonrakı müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülür.

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş kənd və şəhərlərə sakinlərin köçürülməsi prosesi isə davam edir. İlkin mərhələdə Zəngilan və Laçın rayonlarına edilən köçürülmə fəaliyyəti növbəti mərhələdə Şuşa şəhərinə baş tutub. Rəsmi açıqlamalara görə, artıq iyun ayında Şuşa şəhərində 370 ailə - 1 450 nəfər yaşayacaq. Şuşaya ilk köç karvanı isə mayın 14-də yola düşüb.

pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əslən Xankəndidən olan, Milli Məclisin sabiq deputatı Flora Qasımova bildirib ki, bütün şuşalılar illərdi məhz bu günü gözləyirdi:

“Neçə illərdir ki, biz şuşalılar doğma şəhərimizə, torpaqlarımıza qayıdacağımız günləri gözləyirdik. Bu yolda mən yoldaşımı itirmişəm. Anam-atam, qohum-əqrəbam bir daha Şuşanı görmək arzusu ilə bu dünyadan köçüb. Şükür Allaha ki, bizim ürəyimizdəki həsrət sona çatdı. Hər bir şuşa sakini bir nəfər kimi öz doğma torpaqlarına qayıdacaq. Bu günü gözləyən görün nə qədər adamlar var. Hamı yükünü indidən yığır ki, tezliklə Şuşaya qayıtsın. Mənim özüm Xankəndində doğulub-böyümüşəm. Həyatımın ən gözəl günlərini orada keçirmişəm. Cənab prezidentimizə çox sağol deyirəm. O, bu işi layiqincə bacardı. Prezidentimiz ordumuzu o səviyyəyə çatdırdı ki, hərbçilərimiz çox qısa müddətə işğalda olan torpaqlarımızı azad etdi. Bu qələbəmiz bizi bütün dünyaya tanıtdı. Hamımız o günləri gözləyirik. Özüm tezliklə Şuşaya yollanacam. Türkiyədən qonaqlar gələcək. Mən tez-tez Türkiyədə olarkən onlar bizə təsəlli verirdi ki, siz gec-tez öz torpaqlarınıza qayıdacaqsınız. İndi mən o qonaqları Şuşaya dəvət etmişəm. Var olsun bizim ordumuz və xalqımız. Biz ermənilərə haqq olan cəzanı verdik”.

Xalq artisti, xanəndə Mənsum İbrahimov Şuşaya köçün olduqca tarixi bir hadisə olduğunu qeyd edərək, bunun başda qarabağlılar olmaqla, bütün azərbaycanlılar üçün qürur mənbəyi olduğunu diqqətə çatdırıb:

“Biz həqiqətən qürurverici və tarixi günlərin şahidi oluruq. Bu gün artıq mədəniyyət paytaxtımız Şuşaya köç başlayıb. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Biz 30 il o torpaqların həsrəti ilə yaşadıq. İndi isə şuşalılar öz tarixi vətənlərinə qovuşur. Bir insanın öz doğma vətəninə qayıtması qədər gözəl şey ola bilməz. Allahın izni ilə yaxın vaxtlarda Ağdam və Cəbrayıla da köç başlayacaq. Vaxt var idi, biz Qarabağa qayıtmağın sadəcə xəyalı ilə yaşayırdıq. Biz ilk növbədə Ali Baş Komandanımıza, müzəffər ordumuza təşəkkür edirik. Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə isə şəfalar diləyirəm. Çünki məhz o igidlərimiz bizə bu sevinci yaşatdı. Yurd həsrəti çox çətindir. Çox şükür ki, bütün şəhidlərimizin ruhu şaddır. Artıq bu yaxınlarda Xocalıya köç başlayacaq. Bu hissləri sözlərlə, cümlələrlə ifadə etmək mümkün deyil. Heç kim bu az vaxtda belə uğurlu işlərin görülə biləcəyini xəyal belə edə bilməzdi. Bu bizim dövlətimizin gücünün, qüdrətinin göstəricisidir. Mən inanıram ki, Şuşa başda olmaqla, bütün Qarabağımızda biz daim yaşayacağıq və 3 rəngli bayrağımız o torpaqlarda qürurla dalğalanacaq”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!