Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

7 min tələbə təhsil haqqına görə təhsilini yarımçıq qoyub - Nə baş verir?
14 Okt 2021 08:11
2085

7 min tələbə təhsil haqqına görə təhsilini yarımçıq qoyub - Nə baş verir?

Azərbaycanda tədris ilinin başlaması ilə bir çox məsələlər yenidən gündəmə gəlib. Onlardan biri də təhsil haqqıdır. ADA Universitetində yerli tələbələr üçün təhsil haqqı 6000-6500 arasında dəyişir. Universitet bəzi tələbələrə ödənişsiz əsaslarla təhsil almaq hüququ da verir, amma bu tələbələr universitetə “tələbə xərci” kimi illik 750 manat ödəniş etməlidirlər.

Xarici ölkə vətəndaşları üçün isə bütün fakültələr üzrə təhsil haqqı 8500 manatdır. Xəzər Universitetində ödənişli təhsil 4000-5000 AZN-ə başa gəlir. Bakı Dövlət Universitetində ən bahalı ixtisas hüquqşünaslıqdır - 4500 manat. Digər ixtisaslarda qiymətlər 2500-2900 AZN civarındadır. Bakı Ali Neft Məktəbində təhsil almaq istəyənlər informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə illik 4500 manat ödəməlidirlər.

Azərbaycan Universitetində illik təhsil haqqı maksimum 3000 AZN, minimum 2000-2500 AZN-dir. Azərbaycan Turizm və Menecment Universitetində ödənişli təhsil 2400-3000 AZN, Bakı Mühəndislik Universitetində 2700-2900 AZN-ə başa gəlir.

Görəsən, Azərbaycanda ali təhsil üçün ödənişlər verilən təhsilə uyğundurmu?

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat” a açıqlamasında statistik göstəricilərə diqqət çəkdi: “2021-ci ildə ali təhsil müəssisələrinə 50 minə qədər plan yeri ayrıldı. Qəbul planı 2020-ci illə müqayisədə 5,37 faiz artırıldı. Bunlardan 138 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər (64 yer ADA Universitetinə SAT balına əsasən qəbul olunanlar) tərəfindən tutulub. Qalan yerlərdən 31554-ü Azərbaycan bölməsi, 3783-ü rus bölməsi, 9684-ü isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulmuşdu”.

Ekspertin sözlərinə görə, qəbul planındakı 38429 yer dövlət, 6730 yer isə özəl ali təhsil müəssisələrinin payına düşürdü. 11871 yer ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulmuşdu: “Bunlardan 66 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulub. Bu il ali təhsil müəssisələrinə qəbul planı 2020-ci illə müqayisədə daha çox idi. Ümumilikdə, 2807 yer və ya 6.22% artım var idi. Dövlət sifarişli plan yerlərinin sayı kəskin artırıldı. 50 min plan yerindən 22 min yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu 7985 yer və ya 65,43% artım deməkdir”.

K.Əsədov bildirdi ki, 2021-cu ildə ali təhsil müəssisəsində bəzi universitetlərdə təhsil haqları kifayət qədər yüksəkdir. Yerli universitetlərdə ən bahalı ixtisaslar hüquqşünaslıq, beynəlxalq münasibətlər, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s. tibb sahəsi üzrə müalicə işi və əczaçılıq ixtisaslarıdır. O hesab edir ki, tələbələrdən təhsil haqqını birdəfəlik ödəməyi tələb etmək düzgün deyildi: “Ödəniş hissə-hissə olmalı idi. Çünki valideynlərin vəziyyətini nəzərə almaq lazımdır. Təcrübə göstərir ki, tələbələr imtahanlara buraxılmırlar və universitetdən xaric olunurlar. Azərbaycanda təhsil haqlarının ödənilməsi dünya təcrübəsindən fərqlidir. Dünyada tələbələr təhsil haqqını birinci kursdan sonuncu kursa qədər hissələrlə ödəmək imkanına malikdir. Son 5 il ərzində ölkəmizdə 7000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub”.

K.Əsədov qeyd etdi ki, 1992-2020-ci illər ərzində ali məktəblərdən 40 minə yaxın tələbə xaric edilib. Onun sözlərinə görə, ödənişli əsaslarla oxuyan tələbə hər hansı səbəbdən təhsil haqqını ödəyə bilmədikdə müxtəlif variantlardan yararlana bilir: Kimi hər hansı imkanlı şəxslərin hesabına oxuyur, kimi də çalışdığı şirkətin vasitəçiliyi ilə bu problemi həll edir. Təhsil haqlarına baxanda deyə bilərəm ki, Azərbaycanın bəzi universitetlərinin bir illik təhsil haqqı ilə qonşu Türkiyədə bir il ərzində bir tələbənin yaşayış xərclərini də qarşılamaq mümkündür. Üstəlik, orada təhsilin keyfiyyəti, tanınma daha yüksəkdir. Tələbə yataqxanası var və qiyməti 50-150 manatdır. Burada isə ən pis evdə kirayə haqqı 300 manatdır. Yemək məsələsi də orada daha ucuzdur, tələbələr universitet yeməkxanalarında daha ucuz nahar edə bilirlər".

Ekspertə görə, ali məktəblər keyfiyyətli təhsilə görə pul qazanmağı bacarmalıdırlar: “Bu pul da tələbəyə bu və ya digər formada keyfiyyətli təhsil kimi qaytarılmalıdır. Belə bir mexanizm olmalı və işləməlidir. Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən bahadır. Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır. Məsələn, müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür, bu zaman ortaya az məbləğ çıxır. Amma xalq çalğı alətləri, solo oxuma, dirijorluq və digər ixtisaslar üzrə plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu  ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu, əlbəttə, təklif olunan qiymətlərdir. Bunun qarşılığında universitetlər aldıqları təhsil haqqına uyğun keyfiyyətli kadr hazırlaya bilmirlər. Hazırladıqları kadrlar əmək bazarının tələblərinə cavab vermir. Çox az sayda universitetimiz əmək bazarının, çağdaş tələblərin səsinə səs verərək yeni ixtisasların tədrisinə şərait yaradır. ADA Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC, son illərdə də ATU bu prinsiplərə əməl edir və əmək bazarının tələblərini diqqətə alır”.

 

  • Səidə
    Səidə
    Tibb universitetində də qiymətlər çox bahadır, birazdan ölkədə ümumiyyətlə həkim olmayacaq
    1 day ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər