“TikTok” fenomeni İlduzə Hacıyevanın (“Arzum9999”) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovun bacısı Nara Amal ilk dəfə prosesin nəticəsinə münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, o, “TikTok” hesabında paylaşdığı videoda məhkəmə hökmündən sonra ailələri ilə barışıq üçün müxtəlif şəxslərin əlaqə saxlamağa çalışdığını iddia edib.
O, ailənin bu məsələdə mövqeyinin qəti olduğunu vurğulayıb: Dominos pizza
“Məhkəmə qərarından sonra müxtəlif şəxslər ailəmizlə əlaqə saxlamaq, evimizə gəlmək, barışıq istəmək və yalvarmaq kimi cəhdlərin edildiyini, sosial şəbəkələrdə bu barədə çağırışların olunduğunu görürük. Heç kim ailəmizə və yaxınlarımıza müraciət etməsin. Heç bir barışıq olmayacaq. Qəzadan sonra mərhuma və ailəmizə qarşı edilən təhqirlərdən sonra bu, artıq mümkün deyil”.
N.Amal bildirib ki, ailə məhkəmənin təyin etdiyi cəzanı yetərli hesab etmir və qərardan apellyasiya şikayəti veriləcək:
“Amalın anası yataq xəstəsidir və səhhəti ağırdır. Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinə cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik. Hüquqi mübarizəmiz sonadək davam edəcək”.
Xatırlatma: İlduzə Hacıyeva yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökm elan olunduqdan sonra Arzum məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Amal Məlikovun bacısı Nara Amal bu gün "TikTok" hesabını gizli rejimə keçirib. Hazırda onun paylaşımları yalnız təsdiqlədiyi izləyicilər üçün görünür.
Əsmətxanım Rzazadə
Telegram kanalımız