Bizi necə aldadırlar?

saytların hazırlanması

Evə çatdırılma

Bizi necə aldadırlar?

Sosial

03 İyun 2024 11:37 1016


Aldadılmaq çox pis hissdir. Fərqi yoxdur səni maddi olaraq aldadıblar, ya da mənəvi. Fərqi azdır səni 10 manat aldadıblar, ya da 1000 manat. Bütün hallarda eyni hissi keçirirsən. Özünü aşağılanmış kimi görürsən. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev hər gün insanların kiberdələduzluq yolu ilə necə aldadılması haqda xeyli faktlar paylaşır. Bu günlərdə daha bir xəbər paylaşmışdı. Dələduzun biri elan saytlarında saxta elanlar yerləşdirərək adamların pullarını ələ keçirib. Onun tələsinə çoxlu sayda adam düşüb. Biri az, digəri çox pul itirib. Bu xəbər yadıma bir müddət əvvəl yaşadığım hadisəni saldı. Həm böyük stress keçirmişdim, həm də hər yadıma düşdükcə dələduzun “istedadına” məəttəl qalmışdım. Adam elə bir ssenari qurmuşdu ki, mən özüm dələduz rolunda görünürdüm.

İndi o hadisəni xatırlayanda öz avamlığıma gülürəm. pizza hut

Ötən ilin sonlarında yaxın bir adamın Bakıda təhsil alan övladı üçün kirayə mənzil axtarırdım. Dostum rayonda olduğu üçün məndən xahiş etmişdi ki, ev tapım. Mən də dərhal elan saytlarında axtarış verdim, Nərimanov rayonu ərazisində uyğun bir mənzil tapdım. Digər kirayə mənzillərlə müqayisədə çox yaxşı və qiyməti də ucuz idi. Elanı dostuma göndərdim. O da baxdı, bəyəndi, hətta sevindi...

Elanda olan nömrəyə zəng etdim. Həmin şəxs özünü evin sahibi kimi qeyd etmişdi. Mənə cavab verdi ki, evə baxan olacaq, onlar baxsın götürməsələr təzədən mənə zəng edəcək. Üstündən bir az keçmişdi ki zəng etdi. Dedi o adamlar sabah baxacaq, əgər mənim vaxtım varsa, günortadan sonra baxım. Və əlavə etdi ki, mən işdə növbədəyəm, əgər mənim fikrim ciddidirsə şəxsiyyət vəsiqəmi göndərim, görüşəndə vaxt itirməyək deyə müqaviləni hazırlasın. Dərhal da mənə özünün şəxsiyyət vəsiqəsini göndərdi.

Mən avam nə bilim?!

Şəxsiyyət vəsiqəmi göndərdim. Üstündən bir az da keçəndən sonra yazdı ki, 50 də beh göndərim. Kart atdı pulu da göndərdim. Elə bil tormozlanmışdım. Pulu göndərəndən sonra yazdı ki, 50 manat yox, kirayə haqqının 50 faizini...

Elə bil onda ayıldım. Aldadıldığımı başa düşdüm. Artıq gec idi. Ona fırıldaqçı olduğunu dedim, məni dərhal blokladı. Az sonra ümumiyyətlə həmin telefon nömrəsi işləmədi.

102 xidmətinə zəng edib məlumat verdim və polis bölməsinə gedib hadisə haqda ərizə yazdım. 

Elə bildim ki, bununla işim bitdi. Sən demə macəra hələ indi başlayırmış. 

Üstündən 2-3 gün keçmişdi ki, Yasamal polis idarəsindən mənə zəng gəldi ki, fırıldaqçılıq etmişəm... ŞOKA düşdüm. Necə yəni? Məlum oldu ki, dələduz mənim vatsap profil şəklimi götürərək adamları aldatdığı vatsap hesabına qoyub. Hesabın adını “Elnur” yazıb. Şəxsiyyət vəsiqəmi də aldatdığı adamlara göndərib. Vəssalam. Mən hazır dələduz olmuşam. Polis əməkdaşına vəziyyəti izah etdim və bu haqda hadisə baş verən günü bölmədə ərizə yazdığımı bildirdim. 

Ardınca bir neçə gün də eyni hadisə təkrar oldu.

Daha bir ŞOK. Yaxın bir adam mənə zəng etdi ki, bəs sosial şəbəkədə mənim şəxsiyyət vəsiqəmi paylaşaraq dələduzluq etdiyimi yazıblar. İsti tər, soyuq tərə qarışdı... Bu nə bəla idi mən düşdüm?! Paylaşım edən adamı tapıb ona da vəziyyəti izah etdim.

Növbəti gün. Mənim vəsiqəmlə aldadılanların biri gecə yarısı zəng etdi ki, dələduz təzə elan yerləşdirib. O elanda da qoyulan vatsap nömrəsinə mənim şəklimi qoyub və adını da “Elnur” yazıb. Adam zəng etdim. Gecə yarısı olsa da iş başında idi. Məni tanıyan kimi nömrəni məşğul etdi, vatsap və saytdakı elan silindi. Həmin gündən “dələduzluq” “fəaliyyətim” başa çatdı.

***

Bir neçə gün əvvəl maşını avtoyumaya vermişdim. Yuyucu mənə diqqətlə baxıb soruşdu: sənin adın Elnurdur? Dedim hə. Dedi sənin şəxsiyyət vəsiqənlə məni aldadıblar. Amma mən bildim ki sən deyilsən. Xeyli danışıb, hər ikimiz avamlığımıza güldük...

Belə...

Başıma gələnlərə görə hələ də özümə təəccüb edirəm. Bu cür dələduzluq halları ilə bağlı hər gün xəbər oxuyan, redaktə edən, sayta yerləşdirən bir adam olsam da, eyni üsulla aldadılmağıma təəccüb edirəm. Amma bir məsələ var. Adam bir dəfə aldadılırsa bu qarşı tərəfin günahıdır. Yox səni ikinci dəfə aldadırlarsa, bu elə sənin öz günahındır. 

Görəsən, o dələduz hələ də “işləyir?”

P.S. Yuxarıda öz şəklimi verirəm ki, kimisə mənim vəsiqəmlə aldatsalar, bilsin ki o mən deyiləm.))

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!