Ərdoğanın müavini həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın müavini həbs edildi

Siyasət

06 Noyabr 2026 09:13 1064


Türkiyənin sabiq ailə və sosial siyasətlər nazirinin müavini Fatma Betül Sayan Kaya həbs edilib.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, o, kapital bazarındakı əməliyyatlarla bağlı aparılan fond istintaqı çərçivəsində saxlanılıb.

İstanbul Respublika Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan araşdırma çərçivəsində Kaya “Kapital Bazarları haqqında” qanunu pozmaqda və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda şübhəli bilinib. Sezar pizza

Prokurorluqda ifadəsi alındıqdan sonra həbs tələbi ilə məhkəməyə göndərilən sabiq nazir müavini barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

İstintaq çərçivəsində İlyas Kaya və Türkiyə Kapital Bazarları Şurasının keçmiş sədri İbrahim Ömer Gönül barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Onlara imza atmaq və ölkədən çıxış qadağası qoyulub.

Prokurorluğun məhkəməyə təqdim etdiyi sənəddə bildirilir ki, Fatma Betül Sayan Kayanın “Özata Denizcilik” şirkətinin (OZATD) səhmləri ilə bağlı əməliyyatları Kapital Bazarları Şurasının diqqətini çəkib.

Şuranın hazırladığı hesabatda Kayanın ictimaiyyətə açıqlanmamış, səhmlərin qiymətinə və investorların qərarlarına təsir göstərə biləcək məlumatlara malik olduğu ehtimalı qeyd edilib.

İstintaq materiallarına əsasən, “Tera Group” şirkət və fondlar vasitəsilə OZATD səhmlərinin böyük həcmdə alışını həyata keçirib. Kayanın da qrupun rəhbərlərindən Erdin Özəl ilə əvvəlki tanışlığının olduğu, səhm investisiyaları dövründə onunla əlaqələrinin davam etdiyi, eləcə də “Tera Group”un İdarə Heyətinin sədri Emre Tezmenlə görüşdüyü bildirilib.

Sənəddə Kayanın həmin qrupda investisiya hesabı açdığı da qeyd olunub.

Prokurorluğun məlumatına görə, OZATD səhmlərinin qiymətində artım 2026-cı ilin aprelində başlayıb. Fatma Betül Sayan Kaya həmin səhmləri aprel ayında alıb, sentyabrın 16-da isə satıb. Diqqətçəkən məqam satışın fondlarla bağlı ləğvetmə qərarından cəmi bir gün əvvəl baş verməsidir.

İstintaq sənədində göstərilir ki, səhmlər adi satış əməliyyatı ilə deyil, “Tera Yatırım Menkul Değerler AŞ” şirkətinə virman yolu ilə ötürülüb və satışdan əldə olunan vəsait həmin gün Kayanın hesabına köçürülüb.

Prokurorluq səhmlərin normal halda T+2 hesablaşma qaydasına tabe olduğunu, lakin bu əməliyyatın T+0 qaydasında həyata keçirildiyini vurğulayıb. Yəni vəsait adi iki iş günü gözlənilmədən elə həmin gün hesaba daxil olub.

Sənəddə Kayanın qrup rəhbərləri ilə əlaqələri, ilk dəfə birja investisiyası etməsinə baxmayaraq yüksək məbləğdə vəsait yatırması və səhmləri fondların ləğvi qərarından bir gün əvvəl satması şübhəli hallar kimi qiymətləndirilib.

Prokurorluq onun səhmlərin qiymətindəki dəyişikliklərdən və qarşıdakı ləğvetmə qərarından xəbərdar olduğu ehtimalını irəli sürüb.

Qaçma və sübutları gizlətmə risklərinin mövcudluğu əsas gətirilərək, məhkəmə nəzarəti tədbirlərinin kifayət etməyəcəyi bildirilib və həbs tələbi irəli sürülüb. Məhkəmə bu tələbi təmin edib.

Xatırladaq ki, Kaya 26 sentyabr 2026-cı ilə qədər Ədalət və İnkişaf Partiyasında (AKP) sədr müavini olub. O, həmin tarixdə fond iddiaları ilə bağlı istintaqa kölgə salmaması üçün partiyadakı bütün vəzifələrindən azad olunmasını istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!