90-cı illərdə əsirlikdə olan azərbaycanlılara işgəncə verməkdə suçlanaraq Bakıda mühakimə olunan Ermənistan vətəndaşları Lüdviq Mkrtiçyan və Alyoşa Xosrovyan Azərbaycan xalqından üzr istəyib.
"İnsanıq, hər birimiz səhv edə bilərik", – Mkrtiçyan iyulun 7-də məhkəmədə dindirmə zamanı belə deyib. Adları çəkilən şəxslərin işinə Bakı Hərbi Məhkəməsinin hakimlər baxır. Məhkəmə prosesi isə Yasamal rayon Məhkəməsinin inzibati binasında keçirilir.
"Nə deyirdilər, onu da edirdik" Dördpendirli pizza
Sualları cavablandıran Mkrtiçyan deyib ki, 1993-1994-cü illərdə Ağdərədə, Hadrutda olub. Həmin dövrdə səngər qazanda yanına mərmi düşüb, kontuziya alıb: "Müharibə idi, nə deyirdilər, onu da edirdik. Döyüşlərdən sonra Ermənistandan getmişəm, xaricdə yaşamışam".
Təqsirləndirilən şəxs bildirib ki, 2016-cı ilin aprel döyüşlərində xaricdəki ermənilərin maliyyələşdirdiyi təşkilat vasitəsilə yenidən müharibəyə qoşulub. Mkrtiçyan iddia edib ki, o zaman da döyüşlərə məcburiyyətdən qoşulub: "Bilirdim ki, Qarabağı ermənilər işğal edib".
2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi zamanı Hadruta gəlib döyüşlərə qoşulduğunu deyən Mkrtiçyan vurğulayıb ki, həmin ərazinin Azərbaycana aid olduğunu bilirdi: "Amma orada ermənilər yaşayırdı".
Oktyabrın 20-də Hadrutun kəndində saxlandığını yada salan Mkrtiçyanın sözlərinə görə, həmin vaxt meşələrdə gizlənmişdilər. Hava qaralanda dağlar istiqamətində getməyə başlayıblar. Səhər isə Azərbaycan hərbçiləri onu saxlayıb: "Azərbaycanlı hərbçiləri özümə düşmən bilmirəm. Kaş belə müharibə olmayaydı...".
"Pul qazanmaq üçün"
Dindirmə zamanı o da məlum olub ki, Mkrtiçyana Qarabağ döyüşlərində iştirakına görə beş medal verilib. O iddia edib ki, hamısı yubiley medallarıdır. O, dindirmənin sonunda Azərbaycan xalqından üzr istədiyini vurğulayıb.
Digər təqsirləndirilən Xosrovyan da prokurorun suallarını cavablandırarkən deyib ki, müharibəyə könüllü getməmişdi. Azyaşlı övladı vardı və ailəsini dolandırmaqdan ötrü pul qazanmaq lazım idi: "Mən pul qazanmaq üçün döyüşlərə getmişəm. Özümü də Azərbaycan sərhədlərini pozub, icazəsiz onun ərazisinə keçdiyimə görə təqsirli bilirəm. Mən də sizlərdən, Azərbaycan xalqından üzr istəyirəm".
Vaxtilə əsirlikdə olmuş, hazırda isə bu cinayət işində zərərçəkmiş qismində tanınan şəxslər ermənilərin dediklərinə etiraz ediblər. Zərərçəkmişlər deyib ki, təqsirləndirilənlər yalan danışırlar.
"Ermənilərin ASALA-sı"
"Bunlar yalan danışır, atəşkəsdən sonrakı dövrdə də azərbaycanlı əsirlərə zülm ediblər. Bunlara "Ermənilərin ASALA"sı deyirdilər. Bunlar azərbaycanlılara xüsusi işgəncə verən hörmətli hərbçilər sayılırdı onlar üçün...", – zərərçəkmiş Famil Əliyevin sözləridir.
Digər zərərçəkən Cavid Hüseynli bildirib ki, 1995-ci ilin martında Şuşa həbsxanasında onun gözünün çıxarılması prosesində bu təqsirləndirilən şəxslərin ikisi də iştirak edib: "Gözümü çıxaranda əllərimi divara bunlar bağladı...".
Məhkəmə prosesi iyulun 14-də davam edəcək.
Xosrovyan və Mkrtiçyanın Azərbaycan CM-nin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 120 (qəsdən adam öldürmə) 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və başqa maddələri ilə ittiham olunur. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onlar özlərini yalnız Azərbaycan sərhədini qanunsuz keçmə əməlində qismən təqsirli bilirlər.
Telegram kanalımız