Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəhbəri Qriqol Liluşvilini külli miqdarda rüşvət almaqda təqsirli bilərək 13 il müddətinə azadlıqdan məhrum edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Gürcüstanın "TV Pirveli" telekanalı məlumat yayıb.
Məhkəmənin qərarını hakim Nino Taraşvili açıqlayıb. İstintaqın məlumatına görə, DTX-nin sabiq rəhbəri iş adamlarından onların layihələrinin lobbiçiliyini aparmaq üçün rüşvət alıb, dələduzluqla məşğul olan çağrı mərkəzlərinə himayədarlıq edib və onların fəaliyyəti barədə məlumatların açıqlanmaması müqabilində rüşvət götürüb. O həmçinin Tbilisi meriyasında yüksək vəzifəli şəxslərdən birinə pul müqabilində kömək edib. Həmin şəxs müqavilələrin rəsmiləşdirilməsi üçün "geri ödəmələr" alırmış. Beləliklə, prokurorluğun məlumatına görə, Liluşvili son bir neçə il ərzində təxminən 3 milyon dollar məbləğində rüşvət alıb. pizza sifarişi
Liluşviliyə qarşı irəli sürülən ittiham 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tuturdu.
Liluşvili 2019-cu ilin oktyabrından 2025-ci ilin aprelinədək DTX-yə rəhbərlik edib. 2025-ci ilin oktyabrında Baş Prokurorluq onun evində axtarış aparıldığını, böyük məbləğdə pul vəsaitinin, həmçinin ona yaxın şəxslərin evlərində də pul vəsaitlərinin aşkar edilərək götürüldüyünü açıqlayıb. Liluşvilinin yaxın çevrəsindən bir neçə nəfər də saxlanılıb. Liluşvilinin özü isə 2025-ci ilin dekabrında həbs edilib./Oxu.az
Telegram kanalımız