26 May - 12:26
“İbrahim Rəisinin ruslara rəğbəti yoxdur”  – İran prezidentinin ilk böyük sınağı  

“İbrahim Rəisinin ruslara rəğbəti yoxdur” – İran prezidentinin ilk böyük sınağı  

Dünya

19 Yan 2022 14:31


Vladimir Putin bu gün İbrahim Rəisini Kremldə qəbul edir. Səfər öncəsi İran prezidenti Rusiya ilə əlaqələrdə yeni dönüş nöqtəsinin başlayacağı siqnalı verib. Rəisi əsasən neft, silah və kosmik sahədə çoxillik müqavilələrin imzalanacağına ümid edir. Bu ümid doğrulacaqmı? İbrahim Rəisi ilk böyük diplomatik sınaqdan üzüağ çıxa biləcəkmi?

2001-ci ilin martında İranın keçmiş prezidenti Məhəmməd Xatəmi və onun müdafiə naziri Moskvaya səfər edərək rusiyalı vəzifədaşları ilə 20 illik neft və silah müqaviləsi imzalamışdı.

Eyni nəticə təkrarlana bilər. Amma əsas məsələ Rusiya-İran münasibətlərində müəyyən çatların görünməsidir.

2015-ci ilin “nüvə sazişi”ndən (JCPOA) sonra sanksiyaların tam ləğvi və Qərb investisiyalarına ümidli Həsən Ruhani administrasiyasından fəqrli olaraq, İbrahim Rəisi yaxın qonşularla əlaqəni prioritet elan edib. Lakin bu qonşulardan biri, ənənəvi olaraq, Tehrana bir köynək yaxın sayılır – Rusiya. 

Bununla belə, son dövrdə bir sıra iranlı siyasi fəallar və eks-diplomatlar İran-Rusiya əlaqələrində çatların yaranaması barədə düşüncələr üçün əsas yaradıb. 

İranın Rumıniya, Macarıstan və Kiprdəki keçmiş səfiri Əli Əkbər Fərazi bildirib ki, “İbrahim Rəisinin ruslara rəğbəti yoxdur”.

“Bütün ölkələr öz maraqlarını axtarır, lakin unutmamalıyıq ki, ruslar tarixən İrana yaxşı qonşu olmayıb, bu gün də İranın bütün dünya ilə konstruktiv əlaqələrinin genişlənməsini alqışlamır və İranı beynəlxalq siyasi münaqişələrdə saxlamaq istəyirlər”, - deyə Fərazi qeyd edib.

Digər bir diplomat – Cavid Qurbanoğlu İran XİN-in Strateji Araşdırmalar Mərkəzinin saytında dərc edilən "Rusiyaya etibar edək, ya etməyək?" adlı bir təhlilində eyni gümanı dilə gətirib: "Suriyada baş verən hadisələr və İranın bu ölkədəki mövqelərinin tez-tez bombalanması bu münasibətlərə misaldır. İsrailin hava hücumları və Suriyada İranın izi olan istənilən bölgəyə hücumları zamanı Rusiyanın modern zenit silahları qəsdən susur; bu, İsrail və Rusiya arasında danılmaz koordinasiyada baş verir. 

3 il əvvəl Rusiyanın müdafiə naziri israilli vəzifədaşı ilə birlikdə açıq şəkildə bildirmişdi ki, İranın sionist rejimin (İsrail – red.) sərhədlərində hərbi mövcudluğu Moskvanın qırmızı xəttidir. 

Rusiyanın İranla münasibətlərində digər qırmızı xətlər də var. Rusiya Qərb dövlətləri ilə birlikdə İranın nüvə silahı əldə etməsini, hətta İranın “nüvə klubu”na daxil olmasını özünün qırmızı xətti kimi görür".

Rusiya səfərdən azca əvvəl Cavid Qurbanoğlu İran prezidentinə tövsiyə verib: “Yetər ki, cənab Rəisi aidiyyatı təşkilatlara xalqın arasında sorğu keçirmək göstərişi versin, o zaman Rusiya nümayəndəsinin Vyanada ölkəmizin milli qürurunu tapdalayan davranışı ilə bağlı ictimai rəy ölkə hakimiyyətinə çatar".

“Milli qürur”dan danışılarkən, Vyana müzakirələrində Rusiya təmsilçisi Mixail Ulyanovun davranışı nəzərdə tutulur. Onun sabiq XİN rəhbəri Cavad Zərifi təhqir etməsi İranda hətta islahatçı qanadı bəyənməyən mühafizəkar dairələri qəzəbləndirib.

Bundan aylar əvvəl Rusiyanın Tehrandakı erməni əsilli səfiri Levan Caqaryanın Tehran-43 konfransının keçirildiyi bina qarşısında foto çəkdirməsi xatirələrdən hələ silinməyib. Yeni XİN rəhbəri Hüseyn Əmir-Abdullahianın Sergey Lavrovla Moskvada keçən ilk görüşü də xoş təəssüratlarla yadda qalmayıb.

Bu alaboz mənzərədə Rusiya ilə əlaqələrin səviyyəsində gözlənilməz enişlər mümüknüdürmü?

İbrahim Rəisi Moskvadan hansı baqajla qayıdacaq?

Yəqin ki, İran prezidentinin portfelində hansısa imzalanmış müqavilələr olacaq. 

Ümumiyyətlə, Tehran Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyə can atır. Aİİ-nin İrana verdiyi 3 illik möhlət dolmaq üzrədir. 

Üstəlik, Tehran hələ də bir sıra geosiyasi məsələlərdə Moskvanın dəstəyinə güvənmək məcburiyyətindədir. İlk növbədə, Vyana müzakirələrində, daha sonra Suriya münaqişəsində. Lakin o, Qafqazla bağlı da Rusiyanın niyyətlərindən xəbərdar olmaq istəyir. Axı Avropa İttifaqı ilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin Ermənistan və Gürcüstandan keçən hissəsi bölgədə sərhədlərin necə olmasından və ya olacağından asılıdır.

Tehranın Rusiyadan umacağı tam doğrulmasa, necə olacaq?

Ehtiyat aeradrom var – Çin.

İranın Şanxay Əməkdaşlıq Təşkilatında üzvlüyə (ŞƏT) tələskənliyini məhz bununla izah edənlər tapılır. Yaxın Şərq ölkəsi “Bir kəmər-Bir yol” Təşəbbüsündə mərkəzi rollardan birinə sahibdir. Pekinlə hələ Həsən Ruhani dövründə imzalanmış 25 illik müqaviləsi isə Tehrana 450 milyard dollarlıq investisiya paketi vəd edir – İranın hazırkı ÜDM-nin təxminən 2 qatı (191,7 milyard dollar – 20220-ci il). 

Bu saziş xeyli müddətdir ki, müzakirələrdən gözdən-könüldən uzaq saxlanılır. İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Müctəba Zonnuri bu gün “Dideban İran”a açıqlamasında bildirib ki, "25 illik İran-Çin razılaşması kimi sazişlər barədə, adətən, nə qədər məlumatın sızacağına tərəflər qərar verir. Hazırda İslam Respublikası detalları açıqlamaqda maraqlı deyil".

Niyə? 

Bəlkə, Kremli də bu düşündürür.

Əziz Rzazadə,

Yenisabah.az


Youtube kanalımız


Digər xəbərlər