İntiharların çoxalmasında günahkar kimdir? -  “Dövlət qurumudur, məlumat onlarda olmalıdır...“
15 Apr 2021 16:04
353

İntiharların çoxalmasında günahkar kimdir? - “Dövlət qurumudur, məlumat onlarda olmalıdır...“

Ötən bir il ərzində ölkədə intihar və qətl hadisələrinin sayı artıb. Dəqiq statistik rəqəmlər olmasa da, bunu sübut etmək üçün xəbər saytlarının kriminal bölməsinə göz atmağımız kifayətdir. İstər sosial şəbəkələrdə, istərsə də onlayn mediada az qala hər gün kiminsə canına qəsd etdiyini, yaxud da keçmiş həyat yoldaşı tərəfindən öldürüldüyünü görürük. Son dövrlər isə bu cinayətlər sırasına daha dəhşətlisi əlavə olunub. Bu, yetkinlik yaşına çatmayanların cinsi istismara məruz qalmasıdır. Maraqlı məqam budur ki, ötən dövrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş verənlərlə bağlı hər hansısa əsaslı tədbiri gözə çarpmır.

2021-ci ilin ilk rübündə məişət zəminində baş verən qadına qarşı şiddətin, uşaq zorakılığının statistikası barədə məlumat əldə etmək üçün quruma müraciət etdik. Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Yenisabah.az-a açıqlamasında nəinki 2021-ci ilin birinci rübünün statistikasını heç yerdən əldə edə bilməyəcəyimizi, hətta 2020-ci illə bağlı da statistikanın əllərində olmadığını bildirdi:

“İnzibati və cinayət işləri məhkəmə icraatı hələ bitməyib. 2020-ci illə bağlı statistika isə hələ ki təqdim olunmayıb. Biz məlumatları Statisatika Komitəsi və Daxili İşlər Nazirliyindən götürürük. Məktublarımızı göndərmişik, gözləyirik. Ümumiyyətlə, bu məsələ ilə bağlı illik məlumatlar emal edildikdən sonra hazırlanır və bizə may-iyun aylarında təqdim edilir. Ancaq ayrı-ayrı bəndlərlə, məsələn, məişət zorakılığı ilə bağlı ola bilər ki, aprelin sonu, mayın əvvəli biz məlumat götürə bilək. Bəzən olur ki, biz öz araşdırmamızda istifadə edəcəyimiz məlumatları ayrı-ayrılıqda götürürük, ancaq bir çoxu əksərən hazır olmur. Çünki məlumatları həmişə illik və üç aylıq götürürük. 2021-ci ilin ilk üç ayı ilə bağlı məlumatı iyunda verəcəklər”.

Məsələyə münasibət bildirən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədr Novella Cəfəroğlu isə pandemiyanın komitə və təşkilatların işini olduqca ləngitməsindən söz açıb:

“Bilirsiz, biz də bu məsələyə baxırıq, amma bircə onu deyə bilərəm ki, koronavirus səbəbilə, doğrudan da, bütün komitə və cəmiyyətlərin işləri ləngiyib. Məsələn, biz artıq 6 aydır ki, işə çıxmırıq. Hər şeyi qəzetdən, saytlardan oxuyuruq. Doğrudur, yetkinlik yaşına çatmamış şəxslərə qarşı zorakılıq və intihar hallarındakı artım çoxdur. Mən bunu yenə də pandemiyaya bağlayıram. Cəmiyyətdə depressiyadan əziyyət çəkənlər çoxalıb. İnsanlar şok vəziyyətdədir, hər şeyə biganə yanaşılır. Sadəcə müharibə bir az da olsa, insanların  ruh yüksəkliyi yaratdı. Düzdür, şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin, lakin qələbə sevinci bizi bir az dirçəltdi. Amma epidemiya qələbədən bir müddət sonra yenə depressiya hallarını artırdı, artıq qonşu qonşuya getməyə qorxur”.

Hüquq müdafiəçisi Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də fəaliyyətinə münasibət bildirərək vurğulayıb ki, onların hər yerdən məlumat almaq imkanı var:

“Dövlət qurumudur. Sözsüz ki, harada kimin necə ölməsi barədə informası onlarda olmalıdır”.

Sayad HƏSƏNLİ

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər